Azərbaycan basketbolçuları yarışları boykot etdi - SABİQ KOMİTƏ SƏDRİNƏ ETIRAZ / VİDEO

Baxış sayı:
17599

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları başlamalı idi. Saat 11:00-da meydançaya ilk oyunda üz-üzə gələcək komandalar – “80-lər” və ADNSU çıxdılar. Lakin oyunun başlaması üçün hakimin fiti səslənəndən dərhal sonra komandalar meydançanı tərk etdilər. Buna səbəb milli çempionatda iştirak edən basketbolçuların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdır. Federasiyanın rəhbəri Nadir Nəsibovdur. Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov deyir ki, Azərbaycan basketbolu olduqca aşağı səviyyədədir və nəhayət ki, nəyisə dəyişməyin vaxtı çatıb. “Azərbaycanın yığma komandaları rəsmi yarışlarda iştirak etmirlər. Azərbaycan çempionatı tənəzzüldədir. Sponsorlar federasiya rəhbərliyinin üzündən köməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdır. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdir. Köklü dəyişikliklər lazımdır. Biz Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və basketbol federasiyasının rəhbərliyinin dəyişdirilməsi məsələsi ilə məşğul olmağı xahiş edirik”, – B.Abdinov bildirib. Onun bu fikirlərini Azərbaycanın digər məşhur basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstəkləyib. (virtualaz.org) Xatırladaq ki, Nadir Nəsibov keçmiş Dövlət Əmlak Komitəsinin sədri işləyib. O, 1996-cı ildən 6 dekabr 1999-cu ilə qədər Dövlət Əmlak Komitəsinin sədri vəzifəsini tutub. Nadir Nəsibov məşhur “Kojeni qalmaqalı”ndan sonra işdən çıxarılıb.Yada salaq ki, “Praqa piratı” kimi tanınan çex fırıldaqçısı Viktor Kojeninin o vaxt Azərbaycan Dövlət Neft Şirkətini almağa çalışdığı, bu məqsədlə Bakıda bəzi rəsmi şəxslərə rüşvət verdiyinə dair iddialar ortaya çıxmışdı. Çex biznesmeninin amerikalı investorların pulları hesabına 300 milyon dollarlıq investisiya fondu yaratdığı, bu pulların təqribən üçdə ikisini Azərbaycandan olan vəzifəli şəxslərə rüşvət kimi verdiyi bildirilirdi. Elə Nyu-York məhkəməsi də Kojenini ARDNŞ-i almaq üçün Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandıraraq, ona qarşı cinayət işi açmışdı. O, ABŞ-ın sorğusu əsasında yaşadığı Baham adalarında həbs olunmuş və 19 ay həbsxanada qalmışdı. Lakin ABŞ-a ekstradisiyaya dair prosesi uda bilmişdi. Kojeni ifadələrində ittihamı rədd etməsə də, Amerika vətəndaşı olmadığına görə bu ölkənin qanunlarının ona şamil oluna bilməycəyini vurğulamışdı. Elə buna görə də ABŞ-a ekstradisiyaya olunmamışdı. ABŞ-dan olan tanınmış iş adamlarının da adınəın keçdiyi qalmaqalda Bakılda konkret olaraq kimlərə, NƏ qədər rüşvət verildiyi açıqlanmayıb. Ancaq bu işdə əsas günahkar kimi keçmiş Dövlət Əmlak Komitəsinin o vaxt rəhbərliyinin adı hallanıb. Kojeni özü də Azərbaycanda vəzifəli şəxslərə rüşvət verdiyini gizlətməyib. 1995-ci ildən 2000-ci ilə qədər Kojeninin təhlükəsizlik xidmətinin başçısı olmuş Con Pulli deyib ki, o, şefinin vəkilinin Azərbaycan rəsmiləri üçün İsveçrədə bank hesabları açdığını görüb. Pullinin fikrincə, Kojeni rəsmilərə qiymətli şeylər verirmiş. Bundan başqa, Con Pulli ifadəsində bildirib ki, 1998-ci ildə o, Azərbaycan Dövlət Əmlakı Komitəsinin başçısı Nadir Nəsibovu Nyu-Yorka səfərdə müşayiət edib. Pullinin ifadəsinə görə, N.Nəsibov Nyu-Yorka müalicəyə gedirmiş, xərci Viktor Kojeni ödəyirmiş. Bundan əlavə Kojeninin Azərbaycanda yüksək səlahiyyətli şəxslərə rüşvət verdiyinə dair başqa şəxslərin ifadələrində də keçmiş Dövlət Əmlak Komitəsinin rəhbərliyinin, o cümlədən Nadir Nəsibovun adı hallanıb. Mərhum prezident Heydər Əliyev də bu hadisəyə görə, Nadir Nəsibovu vəzifəsindən azad etmişdi. Nadir Nəsibov işdən çıxarılldıqdan sonra bizneslə məşğul olub. O, Azərbaycan Basketbol Federasiyasının prezident postuna 1999-cu ildə dekabr ayında seçilib./azpolitika