AZƏR QƏRİBƏ… - Jalə Mütəllimova yazır

Baxış sayı:
1911

Çoxu TƏBIB-in adına tənqid yazmaq nədir, hətta yanından keçəndə “bismillah” deyəndə, Ramil həkimi görəndə üç qat əyilib salam verəndə, bəndəniz, yəni mən, dinməz-söyləməz iki yazı yazdım.
Dedim ki, düz eləmir.
Dedim ki, siyasi ambisiya, hikkə, rabitəsiz çıxışlar kənara qoyulmalıdır.
Dedim ki, təcrübəli, yaşlı adamları incitmək, münasibətləri və körpüləri yandırmaq olmaz.
Dedim ki, hamıya hədə-qorxu gəlmək düz deyil.
Onu da dedim ki, əməlləriniz bizi yaxşı yönə aparmır.
Hamısı bir-bir oldu…
Hərçənd yaza-yaza həm də dua edirdim ki, kaş olmaya, kaş zamanında ayıla, soyuq başla, millət və dövlət adına düşünələr. Düşünə bilmədilər və ya xətt o oldu ki, düşünməsinlər, bunu hələlik demək çətindir, amma nəticə bu ki, xalq da, dövlət də əziyyət çəkir…
Bəs indi vəziyyət necədir? Bu suala detallı cavab verib, bir də stress yaşatmaq istəmirəm insanlara. Zatən görünən dağ da bələdçi istəmir…
Düşünəcəksiniz ki, niyə zərurət yarandı bu yazını yazmağa?
Çünki indi daha ciddi problemimiz var. İndi dənizin yan-yörəsində istirahət mərkəzi tikənlərin əlində aciz qalmışıq. İndi rayonlarda otel, istirahət yeri sahiblərinin hücumları ilə üz-üzəyik. Yəni ölkədə nə olur-olsun, bir qrup adamı pul qazanmaqdan başqa heç nə narahat eləmir.
Maraqlısı budur ki, adamlar “həsri basma, dolan gəl” oynayır. Yəni istəklərini birbaşa demirlər. O yerlərdən yapışırlar ki, orada ciddi açıq var. İnsanlar məhz o yöndən, necə deyərlər, “yaralıdır” və tutalım, TƏBİB-ə hirs artıq bütün ölçü dərəcələrini aşıb.
İzah edirsən ki, olmaz, əzab çəksək də, necəsə yolunu tapıb dözməmiz lazım. Onsuz da Azərbaycan insanının həyatı rahat deyil. Və onsuz da o təbəqə ki, küçəyə çıxıb, qazanc dalıyca getməyə məbcurdur. O yazıq təbəqə ki, nə qədər acınacaqlı olsa da kütləvi yoluxur, ona nə bağ lazımdır, nə dəniz hayındadır, nə də kiminsə villası ilə maraqlanır. O yazıq, kasıb təbəqə, canının, balasının, ailəsinin, bir tikə çörəyinin hayındadır.
Bu fikirləri dünən gecədən düşünürəm. Həmkarım Azər Qəribin yazdıqlarını oxuya-oxuya həm də.
Bəli, qanunsuzluqlar da var, hikkə də, məsuliyyətsizlik də… Amma buna görə dəniz açmırlar, buna görə istirahət mərkəzi açmırlar, buna görə çıx hara istəyirsən get, demək olmaz adamlara. İctimai yükü, özü demiş, ciddi əlaqələri olan biri, insanların psixoloji durumunu nəzərə almalıdır. Düşünməlidir ki, dövlət-vətəndaş münasibətində elə bir uçurum yaradılıb ki, insanlar bütün məmurları o uçuruma doldurub üzərindən keçəcək qədər sərt təpki verir hər şeyə. Cəmiyyət yorğun və psixoz durumundadır. Bütün problemləri yaza-yaza sonun gətirib onu dirəmək olmaz ki, açın buraxın…
Dünəndən bəri baxıram, yazımmı deyə düşünürəm. Hətta yazıram, pozuram. Əslində üzərimə hurrey eləyib gəlinəcəyini də gözəl bilirəm. Amma və lakin bir şeyə məətələm. Xeyli sayda yaşıdım olan, tanınan sima məqamı anlamadı, ya da anlamaq istəmədi.
Doğurdanmı, bilmirsiniz ki, indi virus o yana dursun aidiyyatı qurumlar, həm də pul qazanmaq hikkəsini dövlətə yeritmək istəyən oleqarxlar, məmurlarla “vuruşur”. Doğurdanmı, anlaşılmır, Azər Qərib həm də iş adamıdır və çevrəsində bu qovğada uduzan, çoxlu sayda iş adamları var.
Bu arada, kimsənin Azər bəyin vəkilliyini eləməsinə ehtiyac yoxdur.
Lazım gələr söhbət də edərik, polemika da, mübahisə də.

Və düzü düşünürəm ki, əgər dediyi kimi, məsələlərin gerçəkdən içindədirsə, ondan kimlərsə, nələrisə xahiş edilibsə, gərək bu yazını o, ümumiyyətlə yazmayaydı. Bəlkə sahilkənarında obyektləri olan dostları çox əsəbidir, onların halına acıyır, başa düşürəm. Amma o adamlar necə, bizə, xalqa, dövlətə acıyırmı? Əsla!
Gələk ona ki, qardaş deyir, açın buraxın, şellənək. Bir müddət açıb buraxdılar, özü də bizim, insanların tələbi ilə. Nə qaydalara əməl olundu, nə qanunlara. Məmurlu, kasıblı, varlılı hərə bildiyini elədi. Siyasət-siyasət də oynadılar, dövlətdən oğurluq da elədilər, kasıbın evini də yıxdılar. Bu arada çox ilginc bir sualım var, bunda sonra, açıb buraxılarsa, cavabdehliyi kim daşıyacaq, etimadı doğrultmayan TƏBİB, yoxsa sahilkənarında obyekt işlədib pul qazanmaq istəyənlər, bəlkə həmkarım Azər Qərib, bunu da bilmirəm?
Bildiyim çox acı bir şey var. Heç unutmayın əzizlər, bizdə oğlan balasının Bayram Nurluyla oynamasından qürur duyan adamlar çoxdur hələ, Allahınız varsa imkan verin, pis-yaxşı adamlar da, media da, dövlət də işini görsün. Kasıb da evində qalıb bir qarın ac, bir qarın tox başını girələsin.
Bu məqamda, Azər Qərib özü demiş, orda bir tuş. Bəlkə bəylə eyni havaya oynaya bildik, məsələn, “Həkim qız”…
…Və biz bir havaya oynaya bilsək, dəniz kənarında, rayonlardakı obyektlərindən qazana bilməyənlərlə əl əvəzinə, bizə dönüb fit çalar yəqin. Mən, olsun deyirəm. Bu millət üçün nələrə dözmədik, nələrdən keçmədik ki? Bəs siz, Azər Qərib, siz də mən deyəni deyirsinizmi?!.
Jalə MÜTƏLLİMOVA