ADP-dən vasitəçisiz sülh anlaşması təklifi…
Partiya hakimiyyəti Ermənistanla, başqa ölkələrin müdaxiləsi olmadan, sülh sazişini reallaşdırmağa çağırıb
Demokratlar Rusiya-Ukrayna müharibəsinin həlli üçün 1994-cü il tarixli Budapeşt memorandumuna yenidən baxılmasını təklif edir...
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ötən həftə baş tutan BMT Baş Assambleyasının 79-cu sessiyası ətrafında müzakirələr aparıb və sessiyanın gündəliyinə daxil olan, xüsusilə Yaxın Şərqdə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorumasına həsr edilən bir sıra məsələlərə münasibət bldirib.
Türkiyə prezidenti T. Ərdoğanın bu beynəlxalq tribunadan hazırkı İsrail hakimiyyətinin Fələstin və Qəzzadan sonra Livanda başlatdığı hərbi əməliyyatların bölgə və dünya üçün nə qədər təhlükəli olduğu, bu münaqişənin getdikcə daha böyük vüsət aldığı barədə çıxışı, İsrailin hərbi intervensiyasının qarşısının alınması üçün dünya dövlətlərinin səylərinin birləşdirilməsi barədə çağırışı yüksək dəyərləndirib. Fələstin məsələsinə diqqət çəkən partiya yetkililəri bu problemin İsrailin davam etdirdiyi indiki hərbi qaydada deyil, yalnız beynəlxalq hüququn ölkələrin dinc yanaşı yaşama, ərazi bütövlüyü və suveren hüquqlarına hörmət əsasında həll edilməsinin tərəfdarı olduğunu bildirib və dünya xalqlarını Yaxın Şərqdə qaynayan hərbi münaqişəyə son qoymaq üçün səylərini birləşdirməyə çağırıb.
İdarə Heyəti eyni zamanda sessiyanın gedişində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi naminə Almaniya və Türkiyə Xarici İşlər nazirlərinin, Türkiyə prezidenti ilə Ermənistan baş nazirinin, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin keçirdiyi ikili görüşlərin bölgə üçün əhəmiyyətini, Almaniya kansleri O.Şoltsun Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanması üçün Türkiyənin vasitəçiliyinin vacibliyini gündəmə gətirməsini müsbət dəyərləndirib və Azərbaycan hakimiyyətini hərbi müdaxilənin zərərli nəticələrini nəzərə alaraq Ermənistanla, başqa ölkələrin müdaxiləsi olmadan sülh sazişini reallaşdırmağa çağırıb.
İdarə Heyəti hakimiyyəti ölkəmizdə beynəlxalq əhəmiyyətli COP-29 tədbirinin keçirilməsi ərəfəsində bir sıra beynəlxalq hüquq müdafiəsi təşkilatlarının Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hesabatlarnı nəzərə almağa, ölkədə vətəndaş həmrəyliyinin, qorunması naminə söz, mətbuat, vicdan azadlığı, siyasi məhbusların azad edilməsi istiqamətində ciddi addımlar atmağa, bu sahələrdə konstitusiya və beynəlxalq razılaşmalarla üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə səsləyib.
İdarə Heyəti bir neçə gün əvvəl Özbəkistanda rusdilli bir məktəbdə müəllimlə rus kökənli şagird arasında yaranan anlaşılmazlığa görə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarovanın bu ölkəyə qarşı təhdidli fikirlər səslədirməsini Özbəkistanın daxili işlərinə müdaxiləsi kimi dəyərləndirib və bu cür insidentlərin Azərbaycanda önlənməsi üçün rus dilinin əhatə dairəsinin məhdudlaşdırılması, digər xarici dillər kimi bu dilin də yalnız Azərbaycan Konstitusiyasına uyğun tədris edilməsi üçün müvafiq tədbirlər görməyin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya prezidenti V.Putinin Təhlükəsizlik Şurasının son toplantısında Rusiya-Ukrayna müharibəsi konteksində məsələlərə münasibət bildirərkən ölkəsinin “nüvə doktirinasına” dəyişiklikləri elan etməsi və həmin dəyişikliklərə görə düşmənin hətta adi silahlardan istifadə edərək “ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə”, eyni zamanda Belarusa hücum cəhdi ediləcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəklərini dilə gətirməsini dünya üçün təhlükə hesab edib. Partiya rəsmiləri Ukrayna, eləcə də dünya üçün bu təhdidləri nəzərə alaraq təhlükəsizlik zəmanəti kimi Ukraynada olan nüvə başlıqlarının ləğv edilməsi ilə bağlı Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ arasında əldə edilən 1994-cü il tarixli Budapeşt memorandumuna yenidən baxılması, nüvə başlıqlarının yenidən bu ölkəyə qaytarılması üçün hərəkətə keçməyin vacibliyini bildirib.
Muxalifet.az