ABUTALIBOV DA İSTİNTAQA CƏLB OLUNACAQ! – Qanunsuz sərəncamlar imzaladığı müəyyən edilib

Baxış sayı:
883

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbərinə hansı maddə ilə cinayət işi açıla bilər?

Məlum olduğu kimi, Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləyən Rasim Quliyev BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Bu ittihamı adi dilə çevirsək məlum olur ki, R.Quliyev Bakı meri Hacıbala Abutalıbovun qanunsuz sərəncam imzalamasına səbəb olan əməl törədib və buna görə də barəsində cinayət işi açılaraq, həbs edilib. Lakin məsələ tək R.Quliyevlə yekunlaşmır.

Çünki bu, həm də o deməkdir ki, istintaq orqanı Hacıbala Abutalıbovun faktiki olaraq, qanunsuz sərəncam imzaladığını müəyyən edib. Və yəqin ki, bu, qanunsuz imzalanan yeganə sərəncaqm deyil...

Artıq bu sərəncam(lar)ın R.Quliyev, yaxud başqa biri tərəfindən hazırlanması, bu zaman saxtakarlığa, yaxud hansısa başqa əmələ yol verilməsi cinayət əməli olduğu kimi, qanunsuz sərəncama imza atmaq da məsuliyyət yaradır.

 

 

Təbii ki, reallıqda H.Abutalıbovun bu icazə sərəncam(lar)ının qanunsuz olduğunu bilməməsi mümkünsüz idi. 2001-ci ildən BŞİH-ə rəhbərlik edən və heç də göründüyü qədər sadəlövh olmayan Abutalıbov 2018-ci ildə, yəni 17 il bu vəzifəni daşıdığı halda hansısa sərəncamın nə dərəcədə qanuni olub-olmadığını bilməyəcək qədərmi səriştəsiz olub? Təbii ki, yox.

O da məlumdur ki, belə sərəncamlar, icazələr R.Quliyev səviyyəsində həll olunan məsələlər deyildi və sözsüz ki, Abutalıbovun bu sənədin hazılanmasından da, mahiyyətindən də müfəssəl məlumatı olub.

Ancaq bütün bunları bir kənara qoyaraq, sırf istintaq orqanının indiki rəsmi açıqlamasına istinad etsək, görərik ki, birincisi, Hacıbala Abutalıbov mütləq istintaqa cəlb olunmalıdır və olunacaq da. Çünki sözügüdən qanunsuz sərəncamda onun imzası var və ən azından bu məsələ ilə bağlı istintaqa ifadə verməlidir. Bu ifadənin şahid, yoxsa təqsirləndirilən şəxs qismində verilməsi isə artıq başqa məsələdir.

İkincisi, sözügedən sərəncam sırf R.Quliyevin təşəbbüsü, istəyi və qanunsuz əməlinin nəticəsi hesab edilsə, yəni aparat rəhbərinin Bakı merini aldatdığı(hansı ki, bu mümkün görünmür-red.) müəyyən edilsə belə, bu halda da H.Abutalıbov imzaladığı sənədin qanuniliyini yoxlamamaqla ən azından məsuliyyətsizliyə, hüquqi dildə desək, səhlənkarlığa yol verib.

Bu, vəzifəli şəxs tərəfindən törədildikdə konkret cinayət əməlidir və məsuliyyət yaradır: “314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda.”

 

 

Göründüyü kimi, bu maddədə qeyd edilənlərin hamısı H.Abutalıbovun əməllərində var. Sözügedən maddə altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Lakin nəzərə alsaq ki, məlum sərəncam çoxlu sayda vətəndaşın hüququnun tapdanması, evinin sökülməsi, tarixi abidəyə ziyan vurulması kimi ağırlaşdırıcı hallarla müşaiyət olunub, o zaman sabiq merin əslində daha ağır maddələrlə ittiham olunması gərəkdir. Deməli, ən azından R.Quliyevin ittiham olunduğu maddələr H.Abutalıbova da şamil edilməlidir.

Onu da xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. 

Həmin maddələrdən biri olan 308.2 üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur./azpolitika