ABŞ-İsrail-İran qarşıdurmasında Azərbaycan amili – şok məlumatlar və sensasion təhlil

Baxış sayı:
8830

“İncə diplomatik tarazlıq” siyasəti-təhlükə sovuşdu, amma...

Arxasında İranın durduğu iddia edilən Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən son hücumlar göstərdi ki, Amerika neft ixrac edən müttəfiqlərini qorumağa hazır deyil. Eyni məntiqlə həm ABŞ, həm də İsraillə möhkəm əlaqələr quran, neft və qaz istehsalçısı kimi tanınan Azərbaycan da İranın hədəfi ola bilər. Lakin rəsmi Bakı ABŞ, İsrail və İranla münasibətlərdə incə diplomatik tarazlığı qoruyub saxlaya bildi və ehtimal edilən bu təhlükədən yayınmağı bacardı.

“Ancaq bu üç ölkə arasında gərginlik artdıqca Azərbaycan tərəfi çıxılmaz vəziyyətə düşə bilər. Bu ölkənin İran və ABŞ-İsrail ittifaqı arasında münaqişənin baş verəcəyi əraziyə çevrilməsi də mümkün görünür”.

“The Asia Times” qəzeti hazırladığı geniş təhlildə belə yazır.

Musavat.com təhlilin təxmini özətini tərcümə edib, ictimailəşdirməkdə fayda görür: “Azərbaycanın müstəqillikdən sonrakı təhlükəsizliklə bağlı narahatlığı onu daxildə ciddi dünyəviliyə və xarici siyasətdə isə Qərbyönümlü istiqamətdə irəliləməyə təhrik etdi. İran və Rusiyaya müttəfiq olan Ermənistandan fərqli olaraq Azərbaycan Türkiyə, NATO və İsrail ilə yaxın əlaqələr qurmağa üstünlük verdi.

Картинки по запросу prezident İlham Əliyev ordu

2016-cı ildə prezident İlham Əliyev Azərbaycanın İsraildən 5 milyard dollar dəyərində müdafiə texnikası, o cümlədən pilotsuz uçuş aparatları, raketlər və qayıqlar aldığını elan etdi. Bu gün Azərbaycan İsrailin hərbi ixracatında üçüncü, İsrail isə Azərbaycan neftinin ikinci ən böyük müştərisidir. Bir İsrail şirkətinin hətta Bakıda Azərbaycan kəşfiyyatı üçün yeraltı komanda-idarəetmə mərkəzi inşa etdiyi haqqında da söz-söhbət gəzir.

İsrail hərbçilərinin Azərbaycan aviabazalarına girişinin olması ilə bağlı müəyyən iddialar var. Ancaq Azərbaycan hakimiyyəti bunu qətiyyətlə rədd edir. İsrailin İrana hücum edəcəyi təqdirdə İsrail qırıcılarının yanacaq doldurmaq üçün İsrailə qayıtmayacağı, əvəzində Azərbaycandakı hərbi bazalara enə biləcəyi də bu kimi iddialar arasında yer alır”.

“The Asia Times” daha sonra yazır ki, Azərbaycanla İsrail arasındakı münasibətlər ciddiliyi və dərinliyi ilə seçilir. ABŞ Dövlət Departamentindən sızdırılmış bir məlumatda görə, Azərbaycanın İsraillə münasibətləri aysberqlə müqayisə edilə bilər: "Azərbaycan-İsrail münasibətlərinin onda doqquzu su səthinin altındadır".

Sitatlara davam: “Azərbaycanın İranla münasibətləri xüsusi ilə 1990-2000-ci illərdə bərbad idi. İran siyasi rəhbərliyi gah Azərbaycan ərazisinə revanşist iddialar ortaya qoyurdu, gah da əksəriyyəti şiə olan azərbaycanlıları dünyəvi hökumətlərini devirməyə və bunun əvəzinə İranın siyasi modelini qəbul etməyə çağırdı.

Digər tərəfdən, Azərbaycandakı siyasətçilər İranın şimal-qərbində yaşayan etnik azərbaycanlıları İrandan ayrılmağa və şimaldakı soydaşlarına qoşulmağa çağırdılar. Hətta 2009-cu ildə İran və Azərbaycan arasında Xəzər dənizindəki sərhədlərlə bağlı hərbi qarşıdurma təhlükəsi yaranmışdı. 2011-ci ildə isə bir iranlı general Azərbaycanı İsrailin forpostuna çevrildiyini söyləyərək bu ölkəni kəskin ifadələrlə tənqid etmiş, Azərbaycanın daxilində qeyri-sabitliyin yaranacağı ilə bağlı təhdidlər səsləndirmişdir.

Картинки по запросу prezident Həsən Ruhani

2013-cü ildə prezident Həsən Ruhaninin iqtidara gəlməsi ilə Azərbaycanla İran arasında münasibətlər xeyli yaxşılaşdı. İran şirkətləri Azərbaycanda böyük sərmayə qoydu, iranlılar və azərbaycanlılar müvafiq olaraq qonşu ölkəyə ən çox səfər edənlər arasında öndə gedir. Xəzərdə dəniz sərhədini müəyyən edən razılaşma əldə olunub (düzdür, bu razılaşma rəsmi Tehran tərəfindən hələ də ratifikasiya olunmayıb). Bu isə Azərbaycanın dənizdə yer alan enerji sənayesinə investisiya yatırmaq istəyən beynəlxalq neft-qaz şirkətinə əlavə güvənc hissi gətirib”.

“The Asia Times” daha sonra yazır: “Rəsmi Tehran Azərbaycana neytral qonşu dövlət kimi baxmır, onların nəzərində Azərbaycan Qafqazda İsrailin ən güclü dayağıdır. Təbii ki, bu mənzərə iranlılar üçün o qədər də ürəkaçan mənzərə deyil. Azərbaycanın müdafiə naziri iki ölkə arasında müdafiə əlaqələrini daha da gücləndirmək üçün 2018-ci ilin oktyabrında İsrailə səfər edib... Əgər İran Azərbaycanın balanslaşdırılmış (ABŞ, İsrail, İran arasında) xarici siyasət yürütməsinə şübhə etsəydi, təkcə Azərbaycanın daxilində ciddi problemlər yaratmazdı, həm də qlobal enerji bazarlarını lərzəyə gətirə bilərdi. Bunun üçün İranın arsenalında gərəkdiyindən daha artıq strateji vasitələr mövcuddur. Azərbaycan hökuməti müntəzəm olaraq müxalifətdə duran və İranla ideoloji cəhətdən birləşmiş şiə militant qrupları ilə mübarizə aparır. İran istəsə 90-cı illərdə olduğu kimi şiə dindarlarla bağlı Azərbaycanın daxili işlərinə müdaxilə edə bilər. İranın mükəmməl müharibə strategiyası Yaxın Şərqdə özünü aydın şəkildə göstərib. İran yerli müxalif qrupları silahlandırır, maliyyələşdirir və onlara təlim keçir və bunun üzərindən öz niyyətinə nail olur. İran bu strategiyasını Qafqazda çox asanlıqla yayıla bilər. Bunun üçün kifayət qədər imkanları var.

Картинки по запросу Bakı-Tbilisi-Ceyhan boru kəməri

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə Azərbaycan Avropaya enerji ötürür. Bu kəmər Rusiyanın Avropaya enerji ixracına yeganə alternativdir. Bu amil Amerika üçün xüsusi önəm daşıyır. Çünki Amerikanın Avropadakı müttəfiqləri məhz bu yolla qismən Rusiya enerji ixracatından asılı vəziyyətdən qurtarırlar.

Nəzəri baxımdan, İran tərəfindən maliyyələşdirilən silahlı qruplar Azərbaycanın enerji infrastrukturuna, istər Xəzərdə, istərsə də Gürcüstanın qeyri-sabit cənub bölgələrindən keçən neft və qaz kəmərlərinə hücumlar təşkil edə bilər. Bu isə son nəticədə Rusiyanın xeyrinə olardı. O da sirr deyil ki, Rusiya və İran Xəzərdəki enerji qaynaqlarına sərmayə qoyuluşuna müqavimət göstərir.

Qeyd etmək lazımdır ki, İran Xəzərin dəniz sərhədləri ilə bağlı imzaladığı Xəzərin hüquqi statusu haqqındakı Konvensiyanı hələ də ratifikasiya etməmiş yeganə ölkədir. Yəqin ki, rəsmi Tehranın həyata keçirdiyi bu siyasət rəsmi Bakının İsraillə yaxın münasibətləri davam etdirdiyi müddətdə dəyişməyəcək.

Son iki ildə ABŞ sakit şəkildə Bakıya dənizdə müdafiə imkanlarını gücləndirmək üçün 100 milyon dollardan çox hərbi yardım edib. Görünür, Amerika siyasətçiləri İran və ABŞ-İsrail ittifaqı arasındakı gərginliyin Xəzər dənizinə və Qafqaza yayıla biləcəyinin fərqindədirlər.

Elbəyi Həsənli, Sürix
Musavat.com

Yazının orijinalı bu linkdədir: https://www.asiatimes.com/2019/10/opinion/azerbaijan-in-crosshairs-as-gulf-tensions-escalate/