ABŞ-ın hərbi yardımı Ukraynanı xilas edə bilərmi?

Zərdüşt Əlizadə: “Ukraynanın durumu kimsəsiz insanın vəziyyətinə bənzəyir”

Ərəstun Oruclu: “Ukrayna ordusunun ABŞ-ın yardımına ehtiyacı yoxdur”

Ukraynadakı seperatçıların liderləri Kiyev hökumətinin ABŞ-dan əhəmiyyətli miqdarda silah yardımı alması ilə bağlı bəyanatlar səsləndirməkdədir. Seperatçıların bildirdiyinə görə, ABŞ-ın bu yardımı Ukrayna qarşıdurmasının taleyinə əhəmiyyətli şəkildə təsir göstərmək imkanına malikdir. Seperatçılar iddia edir ki, zaman Ukraynanın xeyrinə işləyir və bu səbəbdən də Rusiya mərkəzi Kiyev hökumətini məğlub etmək üçün ayağa qalxmalı, vaxt itirmədən hücuma keçməlidir.

Maraqlıdır, ABŞ-ın hərbi yardımı Ukrayna münaqişəsinin taleyinə həlledici yardım göstərə bilərmi?

Politoloq Zərdüşt Əlizadə ABŞ-ın hələ ki, Ukrayna hökumətinə ciddi hərbi yardım göstərmədiyini, belə bir niyyətdə olmadığını qeyd etdi: “Məsələ bundadır ki, Ukrayna ordusu zəifdir. Doğrudur, bu vaxta qədər ona ciddi, ölüm saçan silahlar verilməyib. Sadəcə olaraq gecəgörmə cihazları, müdafiə xarakterli vasitələr, qoruyucu zirehlər, hərbi geyim və s. verilib. Bu isə indiki halda Ukrayna üçün əhəmiyyətli dəstək sayıla bilməz. 3-4 aya ordu formalaşdırmaq mümkün deyil. Ukrayna ordusunu normal vəziyyətə gətirmək üçün 8 ay-1 il vaxt lazımdır. Lakin məsələ bundadır ki, Ukraynanın ordu formalaşdırmaq, onu təchiz etmək üçün pulu da yoxdur. Bu gün Ukraynanın vəziyyəti kimsəsiz bir insanın vəziyyətinə bənzəyir. Misal var, deyərlər, yetimə gəl-gəl deyən çox olar, çörək verən olmaz. Ukraynaya da gəl-gəl deyən çoxdur, çörək verən yoxdur”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə baş verənlərə fərqli müstəvidən yanaşmaq lazım gəldiyini vurğuladı: “Bildiyiniz kimi, Ukrayna hadisələri başlayanda Ukrayna ordusu ağır vəziyyətdə idi. Bu səbəbdən də ilkin dönəmdə seperatçı deyilən Rusiyanın diversant-təxribatçı qüvvələri müəyyən uğurlar əldə etdilər. Onlar Ukrayna ərazisinin bir qismini tamamilə və ya qismən öz nəzarətlərinə ala bildilər. Bu gün seperatçı deyə təqdim edilən qüvvələr bilavasitə Rusiyanın qüvvələridir. Bu qüvvələri seperatçı qüvvə kimi təqdim etmək boş, əhəmiyyətsiz bir işdir. Ukrayna ordusu döyüşlərin gedişatında özünə gəlib. Faktiki olaraq Ukrayna ordusu Maydan inqilabından bu günə kimi gücləndiyi bir həqiqətdir. Güman edirəm ki, ABŞ və ya digər NATO ölkələrinin silah yardımına Ukrayna ordusunun ehtiyacı yoxdur. Ukrayna ordusunun bu gün həmin təxribatçı qüvvələrlə döyüşmək qabiliyyəti var”.

Ə.Oruclunun qənaətincə, bu cür bəyanatların ortaya atılması sifarişi Moskvadan da gələ bilər: “Bu bəyanat ona hesablanıb ki, ABŞ və NATO ölkələrinin Ukrayna hökumətinə yardım etməsi görüntüsü formalaşsın. Bununla da bir növ seperatçılara imkan yaradılır ki, onlar Rusiyadan hərbi yardım göstərməyi tələb etsinlər və ya prosesə hərbi müdaxilə etməsini istəsinlər. Ola bilsin ki, bu bəyanatlar Moskvanın sifarişidir. Ola bilsin ki, Moskva Şərqi Ukraynada məskunlaşan insanların təhlükəsizliyini təmin etmək adı ilə ora soxulmağı planlaşdırır. Bu, təhdid xarakterli bir bəyanatdır”.

Şamil Əlibəyli