“10 milyonluq elektron sistemin çökməsi ciddi bir siqnaldır” - OSMAN GÜNDÜZ

Baxış sayı:
2830

“Fondun rəhbərliyi adı çəkilən şirkətlərin məsuliyyəti məsələsini qaldırmalıdır”
 
“Bu gün İpoteka Fondunun 10 milyonluq elektron sisteminin çökməsini bir xeyli araşdırdım. Bu qədər vəsait, bu qədər dövlət dəstəyi qarşılığında, dövlət tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşmasına yönələn dövlət əhəmiyyətli bir layihənin bu tip uğursuzluğu çox ciddi bir siqnaldır”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
 
O. Gündüz qeyd edib ki, artıq baş verənlərlə bağlı yeni detallar da üzə çıxıb: “Məlum olub ki, bəzi qurumlar qabaqcadan bilirmiş sistemin bu formada işə salınmasında ciddi risklər ola bilər və bu istiqamətdə müvafiq addımlar da atılıb”.
 
“10 milyonluq sistemi hazırlayan şirkətlər- CyberNet və GT Solutions...”
 
O. Gündüz nəzərə çatdırıb ki, VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi bir neçə dəfə İpoteka Fonduna xəbərdarlıq edib və tövsiyyələr verib ki, sistem bu formada işə salınsa, yüklənməyə tab gətirməyəcək, risklər yüksəkdir və sistem çökə də bilər: “Təklif olunub ki, testlər keçirilsin və qüsurlar aradan qaldırılsın. Anlamıram ki, bundan artıq İpoteka və Kredit Zəmanət Fondunun bu sahə üzrə məsul şəxslərinə nə deyilə bilərdi ki ? Bildiyim qədər 10 milyonluq sistemi hazırlayan şirkətlər- CyberNet və GT Solutions İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyini əmin ediblər ki, hər şey qaydasındadır və sistemi işə salmaq olar. Fond rəhbərliyi də güman ki, ortada bəlli bir, yəni məcburi huquqi porseduralar olmadığından layihəyə daha tez başlamaq üçün dövlət qurumlarının deyil, sistemi hazırlayan İT şirkətlərinin rəylərinə üstünlük verib. Bu cür yanaşmanın nəticəsi isə artıq məlumdur”.
 
“İctimai əhəmiyyət kəsb edən dövlət informasiya resurslarının auditi məcburi olmalıdır”
 
 O. Gündüz düşünür ki, səlahiyyətli qurumlar baş verənlərdən bir daha ibrət dərsi götürməlidir: “Təqsirkarlar, cavabdeh şəxslər müəyyən olunmalıdır və onların məsuliyyəti məsələsinə baxılmalıdır. Fikrimcə, təcili olaraq bu sahədə hüquqi məsələlər təkmilləşdirilməli və sərtləşdirilməlidir. İctimai əhəmiyyət kəsb edən dövlət informasiya resurslarının auditi məcburi olmalıdır. Hazırda səlahiyyətli qurum olan XDMX –nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi auditi könüllülük əsasında həyata keçirir. Həmçinin eGov-da kordinasiya məsələlərinə yenidən baxılmalıdır. Dövlətə məxsus informasiya resurslarının hazırlanması və təhvil-təslim məsələsində Kordinasiya qurumunun rəyləri nəzərə alınmalıdır. Eyni zamanda ayrılan milyonlarla vəsaitlərdən qeyri-effektiv istifadə və yanlış rəylərə görə, qarşıda qoyulan funksiyaları yerinə yetirməyərək sistemin çökməsinə görə Fondun rəhbərliyi adı çəkilən şirkətlərin məsuliyyəti məsələsini qaldırmalıdır”./Hurriyyet.org