“Zoom”la dərs keçən professor canlı yayımda koronavirusdan öldü - DRAMATİK HADİSƏ

Baxış sayı:
1719

Bir çox ölkədə koronavirus pandemiyasına görə təhsil sisteminin aqibətinə dair mübahisələrin hələ də davam etdiyi, hökumətlərin qərar verməkdə tərəddüd keçirdiyi bir vaxtda universitetlərdə məsafədən təhsil praktikasını tətbiq edən Argentinada dramatik hadisə yaşanıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Buones Ayresdəki universitetlərdən birinin professoru “Zoom” proqramı ilə online dərs keçərkən tələbələrinin gözü qarşısında, canlı yayımda koronavirusdan ölüb.

Bildirilir ki, Universidad Argentina de la Empresa-da siyasət və beynəlxalq münasibətlər fənnindən mühazirə deyən 46 yaşlı professor Paola de Simone “Zoom” proqramı ilə virtual dərs keçdiyi vaxt halı pisləşib. Tələbələrinin kameralarının qarşısında nəfəs çatışmazlığı yaşayan və aramsız öskürəkdən boğulan professor bir neçə dəqiqə sonra yerə yıxılaraq keçinib.

Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Tələbələrindən biri deyib ki, dərsə başlamazdan əvvəl professor tələbələrinə özünü yaxşı hiss etmədiyini, nəfəs darlığından əziyyət çəkdiyini deyib. Bildirilir ki, professorda avqust ayında COVİD-19 virusunun əlamətləri meydana çıxıb. Daha sonra onda pnevmoniya yaranıb.

Tələbələri professora “ünvanı deyin, sizə təcili yardım göndərək” deyə kömək etməyə çalışsalar da De Simone “bacarmıram” deyib, az sonra yerə yıxılıb.

Tələbələrdən biri Anna Breccia bildirib: “Mən və qrup yoldaşlarım həmin dərsə qoşulmuşduq. Professor pnevmoniya olduğunu dedi, özünü pis hiss etdiyini bildirdi. Daha sonra dərs zamanı vəziyyəti pisləşdi, danışmaqda çətinlik çəkdi. Müvazinətini itirib yıxıldı”.

Professor De Simonenin əri həkim idi və o, tələbələrinə ərinin koronavurs pandemiyası üzündən çox gərgin işləməsindən şikayətlənirmiş. Axşam evə gələn həkim onun meyitini tapıb. 500 minə yaxın adamın koronavirusa yoluxduğu Argentinada gənc professorun ölümü geniş rezonans və kədər doğurub.