ZƏNGƏZUR DALANI: PUTİN NİYƏ 1920-Cİ İL SƏRHƏDLƏRİNİ GÜNDƏMƏ GƏTİRİR? - İrəvan necə razı salınacaq?

Baxış sayı:
580

Moskva sərhədlərin Qars müqaviləsinə əsasən müəyyən edilməsinə razılaşmaqla Krımın ilhaqını arqumentləşdirmək üçün hüquqi presedent yarada bilər

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun Moskvada keçirilən son görüşü 8 gün əvvəl başa çatdı. Görüşün bu danışıqların 8-ci iclasının 1-ci hissəsi olduğu açıqlandı. Bu isə onu göstərirdi ki, tərəflər hansısa məqamlarda yekun qərara gələ bilmədiklərindən müzakirələr sonrakı mərhələyə saxlanılıb. Bəs, tərəflər arasındakı müzakirələrdə dalana dirənən məsələlər nələr ola bilər?

Dünən Ermənistan rəsmilərinin media orqanlarına verdikləri açıqlamalar bu müəmmaya bəzi aydınlıqlar gətirir. Erməni rəsmilərinin açıqlamalarının təhlilinə keçməmişdən əvvəl onu xatırladaq ki, üçtərəfli işçi qrupunun son müzakirələrində 11 yanvar 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Birgə Bəyanatın əsas müddəaları masaya yatırılmışdı. Həmin sənəddə isə sərhədlərin delimitasiya və demarkaziyası ilə yanaşı, kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. 

Rusiya Nazirlər Kabinetinin rəsmi saytının yaydığı məlumata inansaq, rəsmilərin üzərində dayandığı əsas məsələlərdən biri kommunikasiyaların açılması mövzusu olub.

 “Oktyabrın 20-də Moskvada tərəflər üçtərəfli İşçi Qrupun səkkizinci iclasının birinci hissəsini keçirdilər. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu ilin yanvarın 11-də qəbul etdikləri birgə bəyanat çərçivəsində bu sahədə görülən işlərin gedişatı müzakirə olundu”, - rəsmi açıqlamada belə deyilir.

Danışıqlarda dalana dirənən məqamlara gəlincə, bu mövzuda ipucu mahiyyətində ilk açıqlama müzakirələrdə rəsmi İrəvanı təmsil edən Ermənistan baş nazirinin müavini Mher Qriqoryan tərəfindən səsləndirildi. Dünən Rusiyanın TASS informasiya agentliyinə verdiyi açıqlamasına Qriqoryan Moskva danışıqlarında işçi qrupunun regional kommunikasiyanın blokadadan çıxarılması məsələsində yalnız dəmir yolları üzrə konsensusa yaxınlaşa bildiklərini deyib.

Onun sözlərinə görə, avtomobil yolları məsələsində isə hələ ki heç bir konsensus əldə olunmayıb: “Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”.

Göründüyü kimi, üçtərəfli danışıqlarda dalana dirənən ilk məsələ avtomobil yollarının açılması məsələsidir. Belə anlaşılır ki, dəmir yolları xətlərinin açılmasının Ermənistan üçün də faydalı olduğunu nəzərə alan ermənilər bu məsələyə etiraz etmirlər. Onları narahat edən əsas məqam avtomobil yollarının açılmasının yalnız Azərbaycana sərf etdiyini düşünmələridir. Çünki istər Ermənistan daxili, istərsə də xarici avtomobil yolu əlaqələrində onların digər alternativləri var. 

Avropaya və Rusiyaya Gürcüstan vasitəsilə, Türkiyə və İrana birbaşa açıla biləcəklərini düşünən ermənilər Azərbaycanla tranzit xəttinə isə əhəmiyyət vermirlər. Yəqin aramızdakı düşmənçiliyin asanlıqla ortadan qalxmayacağına əmindirlər. Avtomobil yolu xətlərinin açılmasının yalnız Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən xətt olaraq görən ermənilər bu birtərəfli faydanı bizə qazandırmaq istəmirlər.

İşçi qrupunun danışıqlarda dirəndiyi digər bir dalan isə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir. İstər Çar Rusiyası, istərsə də sovet imperiyası dövründə Azərbaycan torpağı üzərində özünə dövlət quran və ancaq bizim təktərəfli güzəştlərimiz hesabına ərazilərini genişləndirməyə öyrəşən Ermənistan 44 günlük Vətən savaşından sonra yeni reallıqla üz-üzədir. Bu dəfə Rusiyanın ərköyün övladı olmaq işə yaramır və qeyri-qanuni ələ keçirdiyi əraziləri geri qaytarmalıdır.

Üstəlik, dünənə qədər qucağına sığındığı Rusiya da erməni xəyanəti ilə üzləşdiyindən əvvəlki kimi onu müdafiə etmir, əksinə, başqalarının haqqına göz dikməyin ağır nəticələri olacağını xatırladırcasına “tərəfsizliyini” qorumağa çalışır. Ermənilərin böyük ümidlə baxdığı Fransa, İran kimi dövlətlər də regional geopolitik reallıqlarla razılaşmış kimidirlər. Belə bir vəziyyətdə İrəvanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməkdən başqa çarəsi qalmır.

Fəqət ortada başqa bir problem də var. Sovet hakimiyyəti illərində birgə yaşayışın gətirdiyi etinasızlıq və müstəqillikdən sonra isə ermənilərin xarici havadarlarının yardımı ilə işğal etdikləri ərazilər hesabına bir-birinə qarışmış sərhədləri necə müəyyənləşdirməli?

Maraqlıdır ki, bu suala Rusiya prezidenti Vladimir Putin oktyabrın 20-də "Valday" diskussiya klubundakı çıxışında aydınlıq gətirərək sərhədlərin müəyyənləşdirilməsi məsələsində 1920-ci illərin xəritələrinə istinad ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, sovet ordusuna məxsus arxivlərdə bu sərhədlər açıq-aşkar göstərilir və Azərbaycanla Ermənistan sərhədləri də bu xəritələr əsasında delimitasiya və demarkasiya olunmalıdır.

Putinin istinad nöqtəsi kimi 1920-ci illərin xəritələrini əsas alması təsadüfi deyil. Çünki biz həqiqətən də SSRİ-yə və ya Zaqafqaziya SSR-ə məhz bu xəritələrlə daxil olmuşuq, məntiqlə ayrılanda da eyni ərazilərdə qalmalıydıq. Bu isə İrəvana sərf etmir. Çünki sovet hakimiyyəti illərində Moksvanın təzyiqi, yerli hökumətlərin xəyanətləri nəticəsində sərhədlərimizdəki bir çox strateji yerlər Ermənistanın əlinə keçib. Putinin direktivləri əsas götürülsə, sözsüz ki, ermənilər həmin ərazilərdən çıxmalı və onları Azərbaycana təhvil verməlidir.

Görünən budur ki, rəsmi İrəvan Putinin irəli sürdüyü sözügedən təkliflə razılaşmağa məhkumdur. Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə dilə gətirdiyi bəzi fikirlər də bundan xəbər verir.

Erməni mediasının iddiasına görə, Paşinyan “Ermənistan” blokundan olan deputat Armenuhi Kyuregyanın sualını cavablandırarkən deyib: “Anlamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədi müəyyənləşdirmək üçün sovet xəritələrinə istinad etməyin kifayət qədər hüquqi əsası var”.

Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü xəritələrlə razılaşmamaq mümkün deyil. Baxmayaraq ki, həmin xəritələrlə indiki sərhədlər arasında müəyyən fərqlər var: “Putinin bir müddət əvvəl irəli sürdüyü delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür. Bu xəritələrdən hansınınsa sərhədi təyin etmək üçün başlanğıc nöqtəsi ola biləcəyini başa düşməlisiniz. Axı ittifaq respublikaları arasında sərhədlər dəfələrlə dəyişib. Bu dəyişikliklər müxtəlif səbəblərə görə edilə bilər. O da ola bilər ki, Sov.İKP MK-nın növbəti plenumuna kimi rayonlardan birinin rayon soveti, məsələn, otlaq sahəsini qonşu respublikanın qardaş rayonuna və ya əksinə verirdi. Xəritələrin necə, nə vaxt və niyə dəyişdiyini başa düşməliyik".

Putinin “1920-ci illərin xəritəsi” deyərkən konkret hansı xəritəni nəzərdə tutduğu bəlli deyil. Amma beynəlxalq hüquq baxımından Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirməyin ən qanuni sənədi 1921-ci ildə bağlanmış Qars müqaviləsi ola bilər. Məhz bu müqaviləyə əsasən, Azərbaycanla Ermənistan arasındakı sərhədlər müəyyənləşdirilmiş, Türkiyə və Rusiya ilə yanaşı Cənubi Qafqazın 3 ölkəsi, o cümlədən Ermənistan da ona qol çəkmişdi. 

Beynəlxalq hüquq normalarına görə, dövlətlərarası müqavilələrdəki müddəalar yalnız onu imzalayan tərəflərin ümumi razılığı əsasında dəyişdirilə bilər. Sovet hakimiyyəti illərində Azərbaycanın ərazilərinin Ermənistana verilməsi sənədlərinə isə ən azı Türkiyə imza atmayıb. Dolayısıyla, bu, Qars müqaviləsinin pozulması deməkdir və sərhədlərin delimitasiyası və demarkasiyası zamanı beynəlxalq hüququn prinsipləri əsas götürülməli, sovet imperiyasının yol verdiyi yanlışlar düzəldilməlidir.

Prinsipcə, Putinin Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsində 1920-ci illərin xəritələrinə istinad etməsi təkcə bizim yox, Rusiyanın da maraqlarına uyğundur. Zira Rusiyanın Krımı ilhaqında söykəndiyi əsas arqument də eyni məntiqə söykənirdi. Putinin fikrincə, Krım 1954-cü ildə Xruşşov tərəfindən Ukraynaya hədiyyə edilib və bu da qanuni deyil. İttifaq ölkələrinin sərhədləri yalnız ittifaq qurulmamışdan əvvəlki xəritələrə əsaslanmalıdır. SSRİ yaranmamışdan əvvəl isə Krım Rusiyanın ərazisi idi.

Şəxsiyyətini, idarəetmə metodlarını və qonşu dövlətlərə qarşı aqressiv tutumunu bəyənməsək belə, Putinin bu arqmenti həqiqətən də məntiqlidir və yəqin ki, əvvəl-axır beynəlxalq aləm tərəfindən də qəbul olunacaq. Bunun üçün isə Rusiya hüquqi presedent yaratmalıdır. Zənnimcə, ən uyğun presedent də elə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasında Qars müqaviləsinin əsas götürülməsi ola bilər.

Ermənistan üçün bu presedentin qəbulolunmazlığı ondadır ki, Qars müqaviləsində indi üzərində mübahisələrin getdiyi Zəngəzur dəhlizinin əraziləri Azərbaycan torpağı kimi göstərilir. Məntiqlə, 1920-ci illərin ilk xəritələri əsas götürülsə, həmin ərazilər mütləq Azərbaycana geri verilməlidir. Məsələyə bu aspektdən nəzər salanda “Zəngəzur dəhlizi” məsələsi gündəmə gələndə İranın “şir quyruqlu” haray-qışqırığının əsl səbəbi də aydın olur. Görünür, bu müzakirələrin Qars müqaviləsinin tətbiqinə qədər uzana biləcəyindən narahat olan İran Azərbaycan və Türkiyədən yan keçməklə Avropaya açılan yeganə qapısını itərəcəyindən çəkinir və bunu açıq şəkildə dilə gətirir.

İran xarici işlər naziri Əmir Abdullahyanın bu ayın əvvəllərində Moskvaya səfərindən sonra rəsmi Tehranın Azərbaycana qarşı ritorikasını xeyli yumşaltması və ölkəmizlə dostluq münasibətlərini yenidən bərpa etmək xəttini tutması da, zənnimizcə, Rusiyanın Zəngəzur dəhlizi planı ilə bağlıdır. Fikrimizcə, bu yumşalma təkcə Abdullahyanın Moskvada rus rəsmilərinin Zəngəzur dəhlizinin açılması mövqeyinin dəyişilməzliyini görməsindən və arzulamadığı reallıqlarla razılaşmaq məcburiyyətindən də qaynaqlanmır. 

Həm də mümkündür ki, Moskvada İran rəsmisinin qulağına “Zəngəzur dəhlizi” açılsa da, tam olaraq Qars müqaviləsi sərhədlərinə qayıdılmayacağı pıçıldanıb. 

Əslində Putinin 21 oktyabrda keçirilən "Valday" klubunda səsləndirdiyi "1920-ci illərin sərhədlərinə qayıtmaq" təklifində üzərində dayandığı bəzi istisnalar da var idi və bu istisnalar Abdullahyanın qulağına pıçıldandığını təxmin etdiyimiz həmin fikirlərlə də üst-üstə düşə bilər. 

"Valday" çıxışında Putin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında tərəflərin müəyyən güzəştlərə gedə biləcəyini də istisna etməmişdi. Belə çıxır ki, Moskva Qars müqaviləsinə əsasən sərhədlərin müəyyənləşdirilməsini təklif etsə də, Zəngəzur dəhlizində qarşılıqlı güzəştə üstünlük verir. Bizim tərəfdən bu güzəşt dəhlizin keçdiyi ərazilərin Ermənistanda qalması, Ermənistan tərəfdən isə həmin ərazilərdə kommunikasiya xətlərinin açılması ola bilər. Bəlkə də İranı qismən rahatladan da bu qarşılıqlı güzəştlərlə bağlı nüansdır.

Bəs, Azərbaycan bu güzəştlərlə razılaşa bilərmi?

Zənnimizcə, ilkin mərhələdə, bəli. Perspektiv baxımından isə, əsla! Azərbaycan öz ərazi bütövlüyünə daxil olan Naxçıvanla əlaqələrini hansısa dövlətlərin ümidinə bağlaya bilməz. Üstəlik, beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda. Onu da unutmaq olmaz ki, Zəngəzur qapısı təkcə Naxçıvanın deyil, həm də Türk Birliyinə uzanan yolların təməl daşlarından biridir. Zəngəzur dəhlizi bizim ərazimizdə olmadıqca, Türk Birliyinin perspektivi üzərindən kölgə çəkilməyəcək. Ən əsası isə, Ermənistanın Qarabağı 30 il müddətində işğalının, bölgəyə və Azərbaycan iqtisadiyyatına vurduğu zərərin təzminatı da var. Rəsmi Bakı indi olmasa belə, gələcəkdə Qars müqaviləsini və ödəniləcək təzminat haqqını əsas götürüb öz ana südü qədər halal olan Zəngəzuruna sahib çıxmalıdır.

Mümkündür ki, ilkin mərhədə bu məqsədin daha asan reallaşması üçün Ermənistan iqtisadiyyatının Azərbaycan və Türkiyə ilə əlaqələrdən asılı vəziyyətə gətirilməsi tələb oluna bilər.

Əgər belədirsə, o zaman qarşılıqlı güzəştlərlə razılaşmalıyıq. Amma son hədəfimizi də yaddan çıxarmamaq şərtilə.

Heydər Oğuz