Zəngilana köçən Elviranın evini əlindən aldılar - “NƏ MAĞAZA VAR, NƏ TİBBİ XİDMƏT...”

Baxış sayı:
5569

2007-ci ildə Yerevan sakini Elvira Arzakanyan anası, əri və iki oğlu ilə birlikdə Ermənistanın hökumətinin Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırma proqramı çərçivəsində Zəngilana köçüb. Onlara Zəngilanın kəndlərindən birində erməni diasporunun vəsaiti hesabına tikilmiş ev veriblər, amma 10 il sonra evi əllərindən alıblar.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin qanunsuz məskunlaşdırma proqramına əsasən ailəyə 3 otaqlı ev verilib. Müqavilədə göstərilib ki, evi ancaq ailə üzvlərindən ən azı birinin orada 10 il yaşaması halında özəlləşdirmək mümkündür. Bundan əlavə ailənin evi 3 aydan çox boş qoymaq ixtiyarı yoxur.

Beləliklə, 2007-2012-ci illərdə ailə Zəngilanda onlara verilmiş evdə yaşayıb. Hər üçü məktəbdə müəllim işləyib. Elviranın əri həm də veterinar işləyib. Amma 2012-ci ildə kəndə yenə müəllim köçüb. Nəticədə dərs saatları azalıb, Elviranın maaşı aşağı düşüb. Nəticədə o əri ilə birlikdə Yerevana qayıdıb. Anası isə Zəngilanda müəllim işləməkdə davam edib.

2017-ci ilin aprelində evdə yaşamaq üçün 10 illik müddət başa çatanda Elviranın anası müalicə üçün Yerevana gedir. Çünki Elviranın danışdığı kimi Qarabağda normal xəstəxana, tibbi xidmət yoxdur. “İyunun 30-da anam pensiyasını almaq üçün Qarabağa qayıtdı və sonra müalicəsini davam etdirmək üçün Yerevana döndü. Bunu təsdiq edən arayış da var. Sonra yenə pensiyasının dalınca getdi və qayıtdı. Sentyabr ayında evi özəlləşdirmək məqamı gələndə yerli administrasiya onu əlimizdən aldı, ora başqa ailənin köçürüləcəyini bildirdi”-erməni qadın danışır.

 

Əsas kimi Elviraya deyiblər ki, anası evi 3 aydan çox boş qoyub, nəticədə onların evi özəlləşdirmək hüququ yoxdur. Qadın məhkəməyə müraciət etsə də onun iddiasını təmin etməyiblər.

“Həmişə deyirdilər ki, yeni evlər tikəcəklər və məktəbin şagirdlərinin sayı qoruyub saxlayacaqlar. Ama evlər tikmədilər. Bilmirəm niyə...Biz köçəndə deyirdilər ki, məktəbdə uşaqların sayı azalmayacaq. İndi isə  uşaqların sayını saxlamaq üçün anamın evini əlindən alıblar, ora 5 uşaqlı ailə yerləşdiriblər. Yeni evlər tikmək əvəzinə bizim evimizi əlimizdən alırlar ki, şagirdlər gətirsinlər”-Elvira bildirir.

 O deyir ki, məskunlaşdığı kənddə 8 ev və 8 ailənin yaşadığı yataqxana var.

““Bizi Qarabağa aparanda deyirdilər hər şey yaxşı olacaq. İşimiz olacaq, kənd təsərrüfatı ilə məşğul olacağıq. Amma tərsi baş verdi. İşin həcmi azaldı, yeni evlər tikmədən təzə müəllimlər gətirdilər, dərs saatı azaldı. Dolanmağa imkan olmadı. Nə mağaza vardı, nə nəqliyyat. Nəsə almaq üçün öz maşınımızla Laçına getməliydik”-yaxşı həyat dalınca Zəngilana köçən, amma məyus olan qadın deyir.