Zəlimxan Məmmədli bilməlidir ki...

Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransından Cəmiyyətin yeni rəhbərliyi seçilib və belə görünür ki, bu sabiq sədr Zəlimxan Məmmədlini və onun azsaylı tərəfdarlarını razı salmayıb.
Buna görə yanlış olaraq Cəmiyyətin iyunun 25-də keçirilən konfransının nəticələrini şübhə altına almaqdan belə çəkinmirlər. Halbuki, Zəlimxan Məmmədli və onun azsaylı tərəfdarları bu hərəkətləri ilə 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinə zərər vurduqlarının fərqində olmalıdırlar. 
İkincisi, Azərbaycan ictimai-siyasi fikir tarixinə, xüsusilə də müstəqillik illəri ərzində formalaşan ictimai-siyasi fikirə yaxından bələd olan Zəlimxan Məmmədli bilməlidir ki, bu kimi hallarda məğlub tərəfin çoxluğun iradəsinə hörmət etməməsi onun özünün əleyhinə yönəlir. Əlbəttə, özünün cəmiyyətdəki imici haqqında ilk öncə Zəlimxan Məmmədli özü düşünməlidir. Ancaq Zəlimxan Məmmədli unutmamalıdır ki, indi verdiyi açıqlamalarla özünün yalnız Borçalı ictimai Cəmiyyətinin yeni rəhbərliyinə qarşı qoymur. 
Zəlimxan Məmmədli bu addımı ilə özünü iyunun 25-də keçirilən konfransın bütün iştirakçılarına və onları dəstəkləyən əksər çoxluğa qarşı qoyur. Zəlimxan Məmmədli qəbul etməlidir ki, Cəmiyyətə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti nə Borçalı İctimai Cəmiyyətinin, nə ümumilikdə Borçalıların mövqelərinə uyğun olmamışdır. Onun Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı müxalifətçiliyi əslində bütün Cəmiyyət üçün arzuolunmaz vəziyyət yaratmışdır. Hər bir fərdin, o cümlədən Zəlimxan Məmmədlinin öz fikirlərini açıq söyləmək hüququ var. Ancaq Zəlimxan Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri kimi məsuliyyətli davranmalı, Azərbaycan və Gürcüstan hakimiyyətlərinə qarşı Cəmiyyətin sədri kimi müxalifətçi mövqedə olmamalı idi. 
Ən azından Borçalı İctimai Cəmiyyətinin siyasi partiya olmadığını, ictimai birliklərin isə siyasətlə məşğul olmasına qanunun icazə vermədiyini nəzərə almalı idi. Zəlimxan Məmmədli siyasi partiya yarada və istənilən hakimiyyətə qarşı müxalif mövqedə ola bilər. Bu onun Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş hüququdur. Lakin Azərbaycan qanunvericiliyi ictimai birliklərə siyasi faəliyyəti qadağan edir və Zəlimxan Məmmədli öz hərəkəti ilə Cəmiyyəti qanundan kənarda qoyurdu.
Ona görə də, Borçalı İctimai Cəmiyyətinin ilk yaradıcıları və rəsmi təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuruyev və Şərif Kərimlinin və Cəmiyyətinin yüzlərlə fəalının növbədənkənar konfrans çağırmasının hansı zərurətdən meydana çıxmasını anlamaq lazımdır. Borçalı İctimai Cəmiyyətinin 250 nəfər fəal üzvünü iyunun 25-də növbədənkənar konfransının iştirakçılarını da isti yay günündə Beynəlxalq Mətbuat Mərkəzində bir araya gətirən də məhz Cəmiyyətin bu günü və gələcəyi üçün duyduqları narahatlıq olmuşdur. Zəlimxan Məmmədli uzun illər siyasi proseslərin içində olub və çoxluğun fikirlərinə hörmət edilməsinin gərəkliyini bilməlidir. 
Zəlimxan Məmmədli onu da bilməlidir ki, məhz onun fəaliyyəti nəticəsində Cəmiyyətin indiki rəhbərliyinin üzərinə çətin bir vəzifə düşmüş oldu. İndi, Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi Cəmiyyətin Borçalılar arasında olduğu kimi Bakı və Tbilisinin rəsmi dairələrində etibarını yenidən qazanmalı, onların dəstəyi ilə Cəmiyyətin qarşısında duran vəzifələri həyata keçirməlidir. Bu isə o qədər də asan olmayacaq. Çünki, Zəlimxan Məmmədlinin 7 illik rəhbərliyi dövründə Borçalı İctimai Birliyi az qala özünü müxalif  bir qrum obrazı yaradıb. Bundan başqa Zəlimxan Məmmədlinin rəhbərliyi dövründə bir çox Borçalı əsilli ziyalı Cəmiyyətlə əlaqəsini kəsib.
Buna isə  məhz Zəlimxan Məmmədlinin yanlış idarəetməsi səbəb olmuşdur. Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi indi bu mirasdan da özünü xilas etməli, Borçalıların ümumi evinə çevrilməlidir. Zəlimxan Məmmədlinin bu iki mirasından xilas olmadan  Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi Cəmiyyətin qarşısında duran vəzifələri həyata keçirə bilməyəcək.
Ancaq iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində bir araya gələn 250 nəfər Borçalı əsilli ziyalı Cəmiyyətin yeni rəhbərliyinin bu vəzifənin öhdəsindən gələcəyinə inanır. Məhz bu inamla da onlar Kərəm Hətəm oğlu Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri seçiblər. 
İndi Kərəm Məmmədli bu etimadı doğrultmaq, Zəlmixan Məmmədliyə isə həmyerlilərinin rəyinə hörmət etmək qalır. Kərəm Məmmədli qollarını çırmalayıb Cəmiyyətin sədri kimi üzərinə düşən vəzifəni icra etməli, Zəlimxan Məmmədli isə bir daha iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransın nəticələrini şübhə altına almamalıdır. Əks halda, o, özünü Borçalı İctimai Cəmiyyətinin bütün üzvlərinə qarşı qoymuş olacaq.

Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti