Əziz Orucovun ailəsi ilə telefonla danışmasına və görüşməsinə icazə verilmir

Kürdəxanı İstintaq Təcridxanasında "Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.
 
 Bu barədə iyunun 12-də Orucova baş çəkən vəkil Cavad Cavadov bildirib.
Müdafiəçisinin sözlərinə görə, iyunun 2-də istintaq təcridxanasına daxil olduğu gündən etibarən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tələbləri pozulmaqla, Orucovun ailəsi ilə görüşünə və telefon danışıqlarına icazə verilmir.
Bu, təkcə qanuna deyil, Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) 8-ci maddəsinə də ziddir, deyə vəkil bildirib.
Onun sözlərinə görə, istintaq təcridxanasının rəhbərliyi Orucovun hüquqlarının məhdudlaşdırılmasını istintaq orqanının qərarı ilə əsaslandırır. Vəkil bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək niyyətindədir.
Qeyd edək ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun 19.7-ci maddəsinə əsasən, məhbusun həftədə iki dəfə ailə üzvlərinə telefonla 15 dəqiqəlik zəng etmək hüququ var. Bundan başqa, həmin qanuna əsasən, istintaq təcridxanasında saxlanılan şəxsə həftədə bir dəfə ailə üzvləri ilə görüşmək hüququ verilir.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Əziz Orucov CM-in 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Xatırladaq ki, ilkin olaraq Orucov polisə tabe olmamaq ittihamı ilə 30 gün müddətinə həbs edilib. Bu müddət başa çatdıqda isə ona qarşı yeni ittihamlar irəli sürülüb.