“Ziyalıları elə vəziyyətə salıblar ki... Kimini pulla alıblar, kimini...” - MEHMAN ƏLİYEV

Baxış sayı:
8764

Son vaxtlar Azərbaycanda milli-mənəvi dəyərlərimiz aşınmaya məruz qoyulub. Burada isə əksər televiziya kanalları başda olmaqla, çap mətbuatı və saytların, eləcə də sosial şəbəkələrin rolu az deyil. Hansı ki, insanlar bu şəbəkələrin imkanlarından yararlanaraq bir-birini aşağılayır, təhqir edir, söyüş söyür, hətta dəyərli ziyalılara, siyasətçilərə, dövlət məmurlarına qarşı da qaralama kampaniyası aparılır.
Maraqlıdır, Azərbaycan cəmiyyətində milli dəyərlərimizin bu cür deqradasiyaya məruz qoyulması nə ilə bağlıdır və bunun arxasında maraqlı qüvvələr varmı? Bu və digər suallarımızı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev cavablandırdı.
- Mehman bəy, sizcə, televiziyaların əxlaqsızlığı təbliğ etməsi, mətbuatda və sosial şəbəkələrdə təhqir, “söyüş kampaniyası” aparılmasının günahı kimdədir?
- Əlbəttə, hakimiyyətin. Çünki bu siyasəti hakimiyyət aparıb. Hakimiyyət kefiyyətli, məsuliyyətli, ənənəvi medianı demək olar ki, sıradan çıxarıb. Siz özünüz bilirsiniz və “Hürriyyət” qəzeti də bu günləri yaşayır. Bilirsiniz nə baş verir. Yəni bütün illər bu, baş verib, boşluqlar yaranıb. Sonra kütləvi informasiya vasitələri propaqanda silahlarına çevrilib. Əvvəl siyasi müstəvidə təhqirlər, böhtanlar var idi, indi qarşıdurma açıq söyüşə keçib. Sosial şəbəkələrin inkişafı çərçivəsində bu, daha da geniş hal alıb, gedir və burada hakimiyyətin trolları, müxalifətin nümayəndələri, fərdlər də iştirak edir. Yəni özbaşınalıq və çox pis anti-milli və anti-mənəvi bir proses gedir və bunun başında duran, bütün bu ideologiyanı aparan şəxslər də Prezident Administrasiyasındadır. Bir ildir bu, davam edir.
Bu vəziyyəti dəyişmək üçün hakimiyyətin siyasi iradəsi olmalıdır. Həmin o şəxslər ki, bu siyasəti aparıblar, onlar məsuliyyətə cəlb olunmalıdır. Onlar vəzifədən kənarlaşdırılmalı, sağlam adamlar gətirilməlidir və yeni siyasət başlamalıdır. Mən başqa çıxış yolu görmürəm.
Mətbuat deyəndə, mətbuat qalmayıb, axı. Mətbuat var ki?! Siz özünüz bilirsiniz ki, çap mətbuatının tirajları nə vəziyyətdədir. Deyək ki, televiziya kanallarına insanlar, cəmiyyət baxmır. Əsasən də ictimai verilişlərə demək olar ki, baxan yoxdur. Yəni insanlar üzünü xarici telekanallara tutub, Türkiyə, Rusiya və. s ölkələrin kanallarına baxırlar, boşluq yaranıb. Ona görə, bax, bu proses gedir.
Mən yenə deyirəm ki, bu, həmin o komanda tərəfindən canlanır, o komanda getməsə, Administrasiyada vəziyyət dəyişməyəcək. Mən bunu belə görürəm.
“Bəs nüfuzlu ziyalıların prosesə niyə təsiri yoxdur” sualına M.Əliyev belə cavab verdi: “Ziyalıları elə vəziyyətə salıblar ki... Ziyalı danışa bilir? Kimini pulla alıblar, kimini qorxudublar, kimi də ölkədən qaçıb. Normal ziyalı təbəqəsi qalıb? Kim danışır, işdən çıxarırlar, kim danışır, penisyasını kəsirlər, kim danışır, nə bilim neynirlər. Belə olmur, axı. Ziyalıya ziyalı kimi yanaşmaq, hörmət etmək lazımdır. O, müstəqil olmalıdır, sözünü deməlidir, hakimiyyət, millət onu eşitməlidir. Nüfuzu olmalıdır, təsir eləsin. Bizdə təəssüf ki, bunlar yoxdur.
Mən yenə də deyirəm ki, bu vəziyyətdən çıxmaq üçün siyasi iradə olmalıdır. Hakimiyyət ortalığa bir istək qoymalıdır ki, biz bu vəziyyəti dəyişmək istəyirik. Bu siyasəti bu vaxta qədər aparan adamlar kənarlaşdırılmalıdır. Yeni sağlam adamlar gətirilməlidir. Onlar proqramı tərtib etməli və işə başlamalıdır, qurtardı, getdi. Necə ki, biz vəziyyəti pisləşdirmişik, o cür də biz yaxşılaşdırmalıyıq. Başqa çıxış yolu varmı?
Biz vaxtilə Mətbuat Şurasını nə üçün yaratdıq? Həmin şeylər üçün yaratdıq ki, bu böhtan, təhqir və. s mətbuatda olmasın, hamıya qarşılıqlı hörmət olsun. Tənqid edirsən, elə, əsaslı olsun, polemika apar, təkliflər ver. Söhbət ondan gedir ki, biz bunun üçün etdik. Mətbuat Şurası nə günə düşüb. Mətbuat Şurası bu gün Azərbaycan jurnalistlərinə qarşı bir silah kimi işlənilir. Ən gic bəyanatlar oradan gəlir. Siz o Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin qəzetlərinə baxın, onlar öz qəzetlərində nə yazır. Onlar həmin o prosesin, söyüş, böhtan kampaniyasının liderlərinə çevriliblər. Belə bir şey ola bilər?”
Şamo EMİN, Hurriyyet.org