Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda suçlanan şəxsin işi - BACISINI VURUB

Baxış sayı:
2947

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi, hazırda həbsdə olan Rövşən Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Muxalifət.az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Əhmədovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlmədən saxlanılıb.
Xatırladaq ki, R.Əhmədov Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurmada) təqsirli bilinib. İttiham aktına əsasən, 2014-cü ilin iyul ayının 31-də, saat 22:00 radələrində Salyan şəhəri, Ə.Kürçaylı küçəsi ev 57 ünvanında şəxsi münasibətlər zəminində bacısı Zərinə İsmayılova ilə mübahisə edib. Mübahisəyə səbəb bacısı R.Əhmədovun ünvanına təhqiredici sözlər deməsi olub. Daha sonra o, bacısının baş nahiyəsinə bir yumruq zərbəsi endirib. Z.İsmayılova Salyan Rayon Polis Şöbəsinə şikayətlə müraciət edib.
Cinayət materialında bildirilir ki, R.Əhmədov bacısı Z.İsmayılova ilə uzun müddətdir ki, danışmır və münasibətləri olmayıb.
Salyan Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə R.Əhmədovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qismən dəyişdirərək, hökmün təsiri-əsaslandırıcı və nəticəvi hissələrindən R.Əhmədovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə dair CM-nin 75.1.1-ci (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xaric edilib. Hökmün qalan hissəsi isə dəyişdirilməyib. Daha sonra R.Əhmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.
Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hölmü ilə şərti cəza alsa da Apellysiya Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb./Musavat.com