Ziya Məmmədov korrupsiya qalmaqalının mərkəzində

İsveçdə Azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Rusiya vətəndaşına qarşı məhkəmə başlayır.
 
Azərbaycan hakimiyyəti ilə korrupsiya sövdələşmələri haqqında iş üzrə həbs edilmiş Kanadanın  İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov məhkəmə qarşısına çıxarılacaq. Bu barədə Reuters məlumat yayıb. Agentliyin məlumatına görə, İsveç prokurorluğu şirkət üçün 340 mln. dollarlıq müqavilə əldə etmək üçün Azərbaycanda məmurun rüşvətlə cəlb edilməsində iştirakda şübhəli bilinən şəxsə ittiham irəli sürüb. Stokholm bölgə məhkəməsi avqustun 21-də işə baxmağa başlayacaq, dinləmələrin 10 gün davam edəcəyi nəzərdə tutulur.
Azərbaycanın bir sıra yüksək vəzifəli məmurlarının adları keçən qalmaqal bu ilin yazında "Panama sənədləri" ilə bağlı jurnalist araşdırması aparan Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Beynəlxalq Mərkəzin (OCCRP) təqdimatı ilə başlayıb. Tutarlı sənədlərdə Londonda offşorlara aid olan Multiserv Overseas adlı firmanın adı qeyd edilir. Firmanı dəfələrlə ziyanlılığa görə bağlayıblar, amma sonradan o, hansısa səbəblərdən yenidən biznes layihələrinə qayıdıb. OCCRP müəllifləri "Azərbaycan Dəmir Yolları" MMC-yə böyük məbləğə texniki avadanlıq satışı ilə bağlı fırıldağın iştirakçılarına aparıb çıxaran "ipin ucunu çəkib".

Söhbət 2013-cü ildə Azərbaycan dəmir yolları üçün 3 mlrd. kron (333 mln. dollardan çox) dəyərində Ebilock-950 siqnal sisteminin tədarükündən gedir, deyə TASS agentliyi məsələyə dəqiqlik gətirir. İşə Azərbaycanlı məmurlardan birinin şəxsi şirkəti də qarışıb, o, 56 mln. dollar dəyərində müqavilələr əldə edib. Tədarük birbaşa Azərbaycana həyata keçirilib, bir halda ki, kağız üzərində Bombardier-in İsveçli "qızı" əvvəlcə avadanlığı Londonda yerləşən Multiserv Overseas şirkətinə satıb, sonradan o şirkət artıq Bakıda Bombardier ilə müqavilə bağlayıb. İstintaq belə bir nəticəyə gəlib ki, birinci müqavilə üzrə Multiserv Overseas Bombardier-ə 126 mln. kron (təxminən 14 mln. dollar, OCCPR-in məlumatına görə 19 mln. dollar) ödəyib. O, tədarük etdiyi məhsullara görə 941 mln. kron (104 mln. dollar) alıb, marja 550% təşkil edib. Məlum olub ki, Multiserv Overseas-ın ofisi, telefon nömrəsi və əməkdaşları yoxdur.
İsveçli müstəntiqlər əmindirlər ki, Bombardier tender sənədlərinin tərtib edilməsində bilavasitə iştirak edib, bunun sayəsində müsabiqəni udub, baxmayaraq ki, ən aşağı qiyməti təklif etməyib. Qalmaqalın baş fiqurantı Yevgeni Pavlovun aşkar edilmiş elektron yazışmaları buna dəlalət edir. O, bu sövdələşmənin əlaqələndiricisi və təşəbbüskarı idi. Onun məktublarından birində qeyd edilir ki, "Azərbaycan Dəmir Yolları və Dünya Bankının yerli nümayəndələri müsabiqə sənədlərini Bombardier-in bütün şərtlər üzrə keçəcəyi şəkildə tərtib etməyə hazırdırlar".
"Tərəfdaşlarımız danışıqlarımızı gizli saxlamağı xahiş edirlər, buna görə şirkət daxilində biz bu sirri qoruyub saxlamalıyıq. Azərbaycan Dəmir Yollarına "düzgün" tender sənədləri tərtib etməyə kömək etmək üçün mən etibar edə biləcəyimiz əməkdaşlardan ibarət bir qrup yaratmağı təklif edirəm", deyə Pavlov qeyd edirdi.
Çoxgəlirli qaranlıq sövdələşmələr nəticəsində Azərbaycan üçün tədarükün dəyəri beş dəfə artıb, daha səmərəli qiymətlər təklif edən digər tender iştirakçıları isə Azərbaycan məmurları tərəfindən rədd edilib. Sövdələşmənin dəlilləri Bombardier-in İsveçdəki ofisində axtarışdan sonra müsadirə olunan elektron yazışmalarda tapılıb.
Azərbaycan hökuməti adından danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar. Konkret məbləğ də göstərilib. Sveriges Radio-nun məlumatına görə, bu rüşvətlərin məbləği təxminən 700 mln. İsveç kronu (77 mln. dollar) təşkil edir.
Turan-ın müxbiri gözdən düşmüş nazirdən bu ciddi ittihamlarla bağlı şərh ala bilməyib. Mobil nömrəyə dəfələrlə zəng olunsa da, monoton səs "nömrə söndürülüb" cavabı verirdi. Bu zaman onun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov mətbuat vasitəsilə Ziya müəllimin ölkədə olduğuna, heç yerə getmədiyinə inandırırdı.
Ziya Məmmədovun gizlədəcək şeyləri var, ədalətli mühakimədən gizlənmək üçün səbəbləri də. Sabiq nazir ifadə vermək üçün Stokholm bölgə məhkəməsinə çağırılsa, o, həbs edilə bilər. Bundan başqa, bu halda ölkə hökumətindən bu fırıldaqda iştirak edən digər məmurların adları da üzə çıxacaq. Axı, yəqin ki, Ziya Məmmədov bu 77 mln. dolları kiminləsə bölməli olub.
Bombardier İnc. korporasiyası Bombardier Transportation dəmir yolu texnikasının dünyada ən böyük istehsalçısıdır. Şirkətin Bombardier Aerospace şöbəsi təyyarələrin və kosmik texnikanın istehsalı ilə məşğul olur.