​Ziya Məmmədov işdən çıxarıldı?

Yaxın saatlarda bu haqda rəsmi qərarın açıqlanacağı iddia edilir

Media dəhlizlərində nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı xəbərlər dolaşmaqdadır. Bir neçə qaynaqdan “Yeni Müsavat” redaksiyasına daxil olan informasiyaya görə, yaxın saatlarda bu haqda fərman açıqlanacaq.
Son bir ayda Ziya Məmmədovun vəzifədən kənarlaşdırılması ilə bağlı bir neçə dəfə xəbərlər yayılsa da onların heç biri təsdiqlənməyib. Bu dəfəki xəbərin də təsdiqlənmə ehtimalı az ola bilər. Ancaq Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ilginc informasiyaların, həbs xəbərlərinin ardı-arası kəsilmir. Bir sıra media orqanları nazirin məcburi məzuniyyətə göndərilməsi, oğlu Anar Məmmədovun ölkədən qaçması, nazirin yaxın çevrəsi ilə bağ evində məşvərət keçirməsi, mübhəm telefon danışıqları, komandasının parlament seçkisi prosesindən kənarlaşdırılması ilə bağlı xəbərlər yayıb. Nazirin ailəsilə bağlı sonuncu xəbər isə qardaşı oğlu Aynar Məmmədovun sahib olduğu kafedə qumarxana aşkarlanması və onun Məmmədovlara yaxın çevrəyə aid ailələrin övladları ilə bərabər DİN-in Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə aparılmasıdır. Yayılan xəbərlər Ziya Məmmədovun hakim komandadan dışlanması görüntüsünü yaradır.
Bu səbəbdən “Yeni Müsavat”  media dəhlizlərində gəzən xəbərlərin ictimailəşməsini gərəkli sayır.
Musavat.com