​Zimbabve Azərbaycanın uğurlu təcrübəsini öyrənir

Baxış sayı:
7531

Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib.
Buna səbəb bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olmasıdır. Bunu nəzərə alan Zimbabve tərəfi bu ölkələri təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün seçib.
Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlamasında bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.
Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşibdir. Müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət edib. Bu baxımdan, Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir.
Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrübə kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib.
1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil alıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıbdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçiribdir.
Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı Azərbaycanda keçiriləcəkdir. Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır./Publika.az