Zeynəb Xanlarova haqqında bütün həqiqətlər – gizli məqamlar, örtülü sirlər, dəlilsiz iddialar və məhv edilən mədəni irsimiz...

Baxış sayı:
5701
Orxan Bahadırsoy
 
Əvvəla, özümü çox xoşbəxt hiss edirəm ki, mən bir həqiqəti tapmışam və bu həqiqəti hamıya car çəkmək üçün klaviaturamı götürüb monitor arxasına oturmuşam. Həyatımın ən əyləncəli, ən gözəl, ən möhtəşəm anları da məhz həqiqətləri kəşf etdiyim anlardır. Onları başqaları ilə bölüşmək isə daha da möhtəşəm mənəvi həzz verir!
Tarixin elə dönəmindəyik ki, həqiqətlərin gizlədilməsi üçün hər cür dərin qatlar, dona bürünülməsi üçün bütün materiallar, yanlış yozulması üçün müxtəlif variantlar var. İndi sizə car çəkəcəyim həqiqət də çox ustalıqla, mahir ssenaristliklə gizlədilib, donlandırılıb, yozulub və uydurulub!
Uşaqlığımdan bu günə qədər hafizə kartımda toplanan xoşbəxt anların siyahısını götürsək, orada ən çox bir ada rast gələ bilərik. O ada ki, mədəniyyəti və incəsənəti onunla tanımağa başlamışam və indi bir zərrəsi olduğum bu müqəddəs peşəyə özüm də onun sayəsində bağlanmışam. O ada ki, adı xoşbəxtliklə yanaşı çəkilirdi və onun adını eşidənlər, simasını ekrandan görənlər dərhal və qəfil xoşbəxt olurdular. Çünki, o, oxuduğu xoşbəxt nəğmələrlə və xoşbəxtlikdən oxuduğu nəğmələrlə, gözəlliyi və zərif gülüşü, şux-şaqraq rəqsləri, sevimli ədaları ilə, mahnılarının nikbin melodiyaları və ümid işığı dolu sözləri ilə bizim üçün xoşbəxtliyin gerçək görüntüsünü yaratmışdı və onunla bağlı hər hansı bir zərrəni xatırlamaq cismimizə xoşbəxtlik hormonlarının ifraz olunması üçün yetərli idi. Çünki, o, təsəvvürümüzdə sönməz bir ulduz, əvəzolunmaz əfsanə, qüdrətli səhnə ustası, fateh sənətkar idi. Söhbət, Zeynəb Xanlarovadan gedir. 
İndi bu sözləri oxuyanda bəziləriniz eyni hisləri yaşamırsınız, eləmi? 20 il bundan əvvəli xatırlayın, zəhmət olmazsa. Bu ada rast gəlmək sizi qəribə bir həyacana bürümürdümü? Təsəvvürünüzdə qüdrət, şöhrət, sənət və əfsanələşmək prosesləri canlanmırdımı? Bu addan bir güc alırdı adam. Bu ad əzmin, yüksəlişin, qüdrətlənmənin, birləşmənin simvoluydu. Amma indi bəziləriniz üçün əvvəlki əhəmiyyəti daşımır, düzdürmü? Bəziləriniz indi bu ada aqressiya bəsləyir bəlkə də. Əgər içinizdən bu an mənim dediklərim keçirsə, sizə təəssüf və ağrı hissi ilə deməliyəm ki, sizdən xoşbəxtliyi, əzmi, qüdrəti, gücü, birləşməni, şöhrəti, sənəti, mədəniyyəti alıblar. Elə alıblar ki, ruhunuz da duymayıb. 
Tələsməyin. Bəlkə indi sizə bədii mübaliğə, süni pafos kimi görünən bu ifadələr birazdan öz həqiqi görkəminə qovuşacaq. Hər birinin nə qədər böyük gerçək olduğuna dair əlimdə dəlillərlə gəlmişəm hüzurunuza. Bilən bilir, həqiqət olmayanı nə əlimə götürərəm, nə dilimə gətirərəm!
Zeynəb Xanlarova sənətə bir və daha çox bina uzaq olanların sadəcə işəyaramaz millət vəkili, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən, Məclisdə oturduğu müddətdə susan, xalqın dərdini dilə gətirməyən, üstəlik, uşaq pulunun ləğvi, pensiya yaşının artırılması kimi təklifləri ilə xalqa ziyan vuran bir siyasətçi kimi tanıdığı şəxsdir. Sənətə bir və daha az bina yaxın olanların isə çox böyük sənətkar, amma çox pis siyasətçi kimi şərh etdiyi Zeynəb Xanlarova, əslində, kimdir? Başlayaq, millət vəkili Zeynəb Xanlarovadan...
Kaş ki, Zeynəb Xanlarova zamanında siyasətə qoşulmayaydı. Millət vəkili olmayaydı. Kaş ki, biz Zeynəb Xanlarovanı həmişə təkcə mahnıları ilə, yaradıcılığı ilə xatırlayaydıq. Amma madam ki, oldu, o, artıq bütün dünyanı gəzmiş, görmüş və çox mətləblərdən agah olmuş şəxs idi. Deməli, nəsə bilirdi ki, bu addımı atmışdı. “Çox gəzib görən, çox oxuyandan çox bilər” deyirlər. Bəlkə də bizim oxuyub bildiklərimiz yetmir onun görüb bildikləri ilə düşünməyə və qərar verməyə?
Bəs Zeynəb Xanlarova Millət Vəkili olduqdan sonra nə etdi? Yayılan ən böyük söz-söhbət, ortaya atılan ən böyük iddia budur ki, Zeynəb Xanlarova 18 oktyabr, 1991-ci ildə Milli Məclisdə keçirilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Konstitusiya Aktının qəbuluna səsvermə zamanı Azərbaycanın müstəqil olmasının əleyhinə səs verib. Tarixə baxsaq, görərik ki, həmin ilin 30 avqustunda “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Bəyənnamə qəbul edilib və bu, Milli Məclisdə səsverməyə çıxarılmadan, birbaşa elan olunub. 
Yəni 1991-ci il, 18 Oktyabr tarixinə qədər Azərbaycan artıq müstəqil dövlət idi, həmin ilin 18 Oktyabr tarixində isə müstəqil respublika olduğuna dair Konstitusiya Aktı qəbul edildi. Həmin akt Milli Məclisdə səsverməyə çıxarılıb və bütün millət vəkillərinin yekdil səsi ilə qəbul edilib. 258 nəfər səsvermədə iştirak edib və 258 nəfərin hamısının aktı qəbul etdiyinə dair səs verdiyi göstərilib.
Zeynəb Xanlarova ilə bağlı sıx-sıx səsləndirilən ittihamlardan biri də budur ki, Millət Vəkili olduğu müddətdə susub. Xalqın dərdini dilə gətirməyib. Həqiqətləri deməyib. Xalqın tərəfində olmayıb. Və sair və il axır, bu mahiyyətdə olan iddiaların qarşısına Zeynəb Xanlarovanın Milli Məclisin öz binasında və Millət Vəkili olduğu müddətdə ölkə mediasında dilə gətirdiyi həqiqətləri, toxunduğu problemləri, xalqın dərdinə dair çıxışlarını qoyuram. 
Zeynəb Xanlarovanın səsləndirdiyi ən böyük problemlərdən biri fəxri adların pulla satıldığına dair müsahibəsi idi. Mətbuata verdiyi müsahibədə eyni ilə belə deyir: “Mən bilirəm ki, deyilənə görə, Xalq Artistləri beş min dollar, Əməkdar Artisti də üç min dollar, vəssalam, yığılıb, gedib bunların cibinə”. Zeynəb Xanlarova bu məsələlərdə Fatma Abdullazadəni günahlandırır, son anadək mübarizə aparacığını bildirir və Fatma Abdullazadənin sənətə vurduğu zərbələrin acı nəticələrinin sonra bəlli olacağını deyir. 
Növbəti dəfə 2008-ci ildə Zeynəb Xanlarovanın haqq səsini eşidirik. Həmin il keçirilən iclasların birində Sabir Rüstəmxanlı İranda yaşayıb-yaratmış Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın Azərbaycanda heykəlinin qoyulmasını təklif etməsinin ardından Zeynəb Xanlarova belə bir çıxış edir: “Başa düşmək lazımdır ki, Şəhriyar dünya şöhrətli bir insandır və tarix durduqca yaşayacaq. O cümlədən Məmməd Əmin Rəsulzadə də. Mənə bu fontanlar lazım deyil. Ac qarına fontanlara baxmaq istəmirəm”. 
Bunun ardınca, həmin vaxtlarda İstiqlal Ordeni ilə təltif olunan xanım sənətkar onu təbrik etməyən spiker Oqtay Əsədova ədəb-ərkan dərsi keçir: “Onsuz da bu qanunların hamısı hazırdır, biz bir düyməni basmaqla qanunları qəbul edirik. Mən başa düşürəm, bunlar da lazımdır. Amma bir məsələnin yeri düşüb demək istəyirəm, yoxsa ürəyimdə qalar. Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”
2012-ci ildə Milli Məclisdə İranla viza rejiminin yaradılması məsələsi müzakirə olunur. Zeynəb xanım buna etirazını bildirir və qətiyyətlə vurğulayır ki, əleyhinə səs verəcək: “Mən belə başa düşürəm, bəlkə düz deyil, ancaq öz fikrimi deyirəm ki, onlar bizim qardaşlarımızdırlar. Qardaşı da qardaşdan ayırmaq olar?! İnsanlar var ki, xəstədir, istəyir, oraya gedib ya əməliyyat olunsun, ya da qohum-qardaşla görüşsün. Onları bundan da məhrum etmək, açığını deyim, heç kimə xoş gəlməz. Bütün millət bizə baxır və əgər səsverməyə bu layihəni çıxarırıqsa, açığını deyim, mən əleyhinə səs verəcəyəm. Mən istəmirəm, bu qanun ləğv edilsin, onlar mənim qardaşlarımdır. Əgər farsları düşmən hesab ediriksə, bu qanunu onlar üçün tətbiq edin. Əgər respublikamızı, millətimizi qoruyuruqsa, onda MTN nədən ötrüdür? Yoxlasınlar da. Əgər adam Azərbaycana pis niyyətlə gəlirsə, yoxlasınlar. İnanın, bəlkə də oradakı azərbaycanlılar da indi gözüyaşlıdırlar. Burada qohumları olan var, gedib gəlirlər. Onları bundan da məhrum etmək düzgün deyil. Mən qanun layihəsinin əleyhinə səs verəcəyəm”.
Və incə bir məqam: bunu, bilirsiniz, hansı adam deyir? Bu günə qədər bütün dünyanı gəzdiyi halda İran dövləti ərazisinə ayağını qoymayan adam. Bunu o adam deyir ki, İran dövlətinə girişi ömürlük məhdudlaşdırılıb! Bilirsiniz, niyə? Biləcəksiniz. Onu da car çəkəcəyəm.
2012-ci ildə yenidən Zeynəb Xanlarova Milli Məclisdə bir neçə problemlərlə bağlı tənqidi çıxış edir: “Burada çox danışırlar ki, xalq, camaat, millət küçələrə düşüb. Küçələrə ona görə düşüb ki, açığını deyim, mən gizlətmirəm, bunu yaradanlar pullu adamlardır. Mən bir misal çəkəcəyəm. Seçildiyim rayonda Altıağac qəsəbəsi var. Altıağacda pullu insanların villaları var. Su kəmərinin yanında bir villa tikib, Allahın göndərdiyi suyu, bulağı həyətinə çəkib. Xalqın, millətin qabağında dağın uzunluğu boyu kilometrlərlə armatur bərkidib. Komada yaşayan adam qıcıqlanır, acdır, kasıbdır. Niyə bunu edirsən? Əgər səni Prezident seçibsə, vəzifəyə qoyubsa, o demək deyil ki, sən cibini doldurub xalqı qıcıqlandırmalısan. Dünən mənim evimin qabağında nə qədər insan var idi, ayaq altında qalanlar, ölənlər, yaralananlar çox idi. Nədən? Mənim xalqımdır, millətimdir. Mən əgər bayrağımı götürüb Amerikaya gedirəm, konsertlər verir, Azərbaycan deyirəmsə, xalqımı, millətimi deyirəm. Xalqın, komaların qabağında elə villalar tikirlər ki, açığını deyim, Zeynəb Xanlarovanın villası bunların yanında heç nə görünür. Niyə? Xalqı, milləti incitmək olmaz. Bir xahişim də var. Altıağacda  su, kanalizasiya məsələsi çox çətindir. Məndən çox xahiş ediblər. Yol yoxdur. Yaxşı, armaturla dağı bağlatdırırsan, Allahın verdiyi suyu həyətindən keçirirsən, camaat üçün bir yol da çək, heç olmasa, camaatın ürəyi bir az sakit olsun, sənin villana baxanda ürəyi xarab olmasın. Yolu da çək, su da ver. Pulun çoxdur, başından tökülür, milləti ayağa qaldırma. Mənim ürəyim ağrıyır. Dünən pəncərədən baxırdım, ürəyim ağrıyırdı. Niyə qadın ayaq altında qalsın? İnanın, qışqırığından pəncərəyə yaxınlaşdım. Xalqı qıcıqlandırmasınlar, xalqı, camaatı küçəyə tökməsinlər. Mənim sözüm budur”.
Siz bu fikirlərin yerli media tərəfindən sürətlə tirajlandığını görmüsünüzmü? Amma heç bir əsli, əsası olmayan müstəqilliyin əleyhinə səs verilməsi ilə bağlı xəbərlər az qala hər gün, hər yerdə rastınıza çıxıb. Zeynəb xanım bu çıxışında həm deputat seçildiyi ərazidəki çatışmazlıqları, məmur özbaşınalıqlarını dilə gətirir, həm də həmin il müxəlifətin keçirdiyi mitinqdə döyülən, əzilən vətəndaşların müdafiəsinə qalxır. Bununla bitmir...
Bu çıxışından sonra mətbuata verdiyi müsahibədə daha dərinə gedir: “İndi xalqı küçədə döyülən görəndə, əlbəttə, əsəbiləşəcəm. Elə bil ki, mənim anamı, bacımı döyürlər küçədə, necə əsəbiləşməyim. Bax, indi də o barədə danışanda əsəbiləşirəm. Mən həmişə xalqım, millətim demişəm. Millətimlə fəxr eləmişəm. O, qadınları küçədə döyənlərə millət deyə bilmirəm mən. O da sənin anan, bacındır da. Anaya bacıya sən necə qıyırsan axı! O çörəyi sən necə yeyirsən! Heç cür başa düşə bilmirəm ki, nədən belə edirlər, necə edə bilirlər... Açığını deyim ki, mənim o tutulanlara görə ürəyim ağrıyır. Zeynəb də sözünü deyən adamdır. Onda belə çıxır ki, məni də tutub qazamata basmalıdırlar, hə? Buna necə baxırsınız?... Mənə gücləri çata bilməz. Heç vaxt. Mən hamısını yerində oturda bilərəm. Mən bu hörməti Zeynəb Xanlarova olduğum üçün qazanmışam. Məni Zeynəb Xanlarova edən mənim xalqım, millətimdir. Mən çox razıyam ki, mənim dövlətim də, xalqım da məni sevir. Mən də xalqın sözünü deməliyəm də. Ağzımı yumub dayana bilmərəm axı. Hərdən deyirlər ki, Zeynəb xanım susur, danışmır. Mən yeri gələndə-xalqımla, millətimlə, torpağımla bağlı məsələ olanda danışıram. Qanun müzakirəsində danışmaq mənə lazım deyil. Onsuzda qanunlar hamısı kağız üzərində qalır. Hansı qanun yerinə yetirilir ki? Mən barmağımı olmayan şeylərə basa bilmərəm (Gülür). Mənim qanunum odur ki, xalqımın qarnını tox olsun. Mənim xalqımın güzəranı gözəl olsun. Budur mənim qanunum”.
Mitinqdən görüntülər:  https://www.youtube.com/watch?v=v8g2Y5ZPyss
Həmin ilib payız mövsümündə Zeynəb Xanlarova yenidən ölkə mediasının gündəmində oldu. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Zeynəb Xanlarova bunları deyib: "Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?"
Ondan bir müddət öncə AXCP sədri Əli Kərimlinin eks-prezident Əbülfəz Elçibəyi zəhərləyib öldürməsi ilə bağlı xəbərlər yayılmışdı. Zeynəb Xanlarovanın reaksiyayı gecikməmişdi: “Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar. Bu xəbəri eşidəndə dözə bilmədim. Əli Kərimli Elçibəyin xətrini çox istəyirdi. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?”
Elə bura qədər sadalananları dilə gətirən, səsini qaldıran, bəzən ən sərt formada atəşli tənqidlər səsləndirən, ana müxalifətin liderini tuş gəldiyi hər hansı böhtanla bağlı açıq-aydın müdafiə edən ikinci bir millət vəkili, ya da ikinci bir müğənni-xanəndə göstərə bilərsinizmi? Amma bununla da bitmir. Zeynəb Xanlarovanın hər dəfə işıqlandırmağa çalışdığı, dilə gətirdiyi, amma yerli medianın hansısa göstərişlə tirajlamamaqda israr etdiyi, yayılmasına mane olduğu çoxsaylı məsələlər var.
Zeynəb Xanlarovanın dənizlərin hasarlanması haqqında Milli Məclisin iclası zamanı çıxışını hamımız xatırlayırıq. Açıq və sərt şəkildə dəniz kənarını hasarlayıb şəxsi mülkünə çevirənləri tənqid atəşinə tutdu. Zeynəb xanım bu çıxışında Nardaran əhalisi adından çıxış edərək onların qəzəbini dilə gətirdi.
Həmin vaxt yerli mətbuatda “Müxalifət Zeynəb Xanlarovaya haqq qazandırdı” sərlövhəsi ilə yayımlanan yazıda AXCP Ali Məclisinin sədri Həsən Kərimov və Milli Şuranın üzvü İbrahim İbrahimli mətbuata verdikləri açıqlamada, Zeynəb xanımı dəstəkləmiş, haqqında müsbət fikirlər səsləndirmişdilər. Sərlövhəni internet axtarış vasitələrində axtarışa verərək indi qapadılan mənbələrdən keçidlər görə və müxtəlif vasitələrlə onları oxuya da bilərsiniz.
2013-cü ildə baş verən Nardaran hadisələri zamanı da Zeynəb Xanlarova üçün ustalıqla bir oyun quruldu. Nardaran hadisələri ilə eyni vaxtda Zeynəb Xanlarovanın Nardarandakı bağ evinə hücum edilməsi, silah açılması, evinin yandırılması ilə bağlı yerli mediada xəbərlər tirajlandı. Zeynəb xanımın isə bu məsələ ilə bağlı mətbuata açıqlaması belə oldu: “Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib. Bilirsiniz nə var, mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə? Mən heç kimdən şikayət etməmişəm. Cəhənnəm olsun bağ da. Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar. Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidəndə çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb. O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil”.
Siz bu ifadələrdəki cəsarət yükünü görürsünüz? Özünə qurulan məkrli tələnin sahiblərinə ən sərt formada mənəviyyat dərsi keçir! Təkcə, sözləri, ifadələri, mövqeyi ilə və təkrar-təkrar əzilən xalqının tərəfində olduğunu dilə gətirə-gətirə, o, bu hiylələrin sahibini mərdliyə dəvət edir və Zeynəb xanımın məğrurluğu, dürüstlüyü düşməni daha da hiddətləndirir.
Bütün bunlardan bir neçə gün sonra “Kaspi”də bir yazı yayımlanır. “Artistlik yaxşı şeydir, amma səhnədə” başlığı ilə yayımlanan bu yazıda Zeynəb xanım sərt tənqid edilir. Müəllif heç bir dəlil, sübut qoymadan ittiham üzərinə ittiham yağdırır. Hətta, verdiyi informasiyaların mənbəyini özü də çəkinmədən vurğulayır: “Camaat arasında pıçapıç başladı ki...”
Elə həmin ərəfədə Azərbaycan Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov mətbuata Zeynəb Xanlarova haqqında bir açıqlama verir. Əli Həsənov bu açıqlamada elə təəssürat yaratmağa çalışır ki, güya Zeynəb Xanlarovanı müxalifət öz tərəfinə çəkməyə, ölkə başçısı ilə üz-üzə qoymağa çalışır. Zeynəb xanımın sənətinə iri sözlərlə rəğbətini bildirən şöbə müdiri onu hərdən emosional çıxışlar etməkdə günahlandırır. Amma Zeynəb Xanlarovanın bütün dövrlərdə hakimiyyət nümayəndələri ilə isti münasibətlərinə eyham etməkdən də çəkinmir. Əli Həsənov həmin dövrdə özü bu hakimiyyətin təmsilçisi deyildimi? Belə bir ironiyanı hansı məqsədlə dilə gətirir?
Zeynəb Xanlarovanın cavabı da gecikmir. 2013-cü ilin may ayında Milli Məclisdə çıxışı zamanı belə deyir: “Hərdən mən Heydər Əliyevə qarşı çıxan o insanlara çox əsəbiləşirəm və gülürəm. Azərbaycan xalqına “Vəzirovun ətrafında birləşin, “Əliyevşina”dan qurtarmaq lazımdır” deyə müraciət edirdilər. Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyib Prezident Aparatında oturublar... Prezident Aparatında elə adamlar var ki, inanın, təxribatı yaradanlar onlardır. Mən bəzilərini çıxıram, hamını demirəm. Orada elə adamlar var ki, hər şeyi müxalifətin üstünə atırlar. Vallah, müxalifət bunların yanında yalandır. Adamın düşməni olanda, Oqtay müəllim, deyirsən ki, bu, düşməndir və ondan özünü qoruyursan. Ancaq qorxulu düşmən odur ki, sənin qabağında gülüb-danışır, obraza girir, artistlik edir. Necə mənim üçün artistdir deyirlər, həmin o adamlar anadangəlmə SSRİ xalq artistləridir”.
Suallar və qaranlıq məqamlar çoxdur. Bu dönəmdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və digər müxalifət nümayəndələrinin Zeynəb Xanlarovanın mövqeyini, cəsarətli çıxışlarını, səmimi və tutarlı fikirlərini dəstəkləyən çoxsaylı fikirləri səsləndirilir. Amma bütün bunlara rəğmən, Zeynəb Xanlarovanın güya heç vaxt xalqın yanında olmaması, hətta, bu xalqa çoxsaylı ziyanlar vurması ilə bağlı xəbərlər durmadan tirajlanır və Zeynəb Xanlarova üçün qəsdən, uydurma və mənfi bir obraz yaradılır. 
Uzun müddət bu dedi-qodular, həqiqəti satan müəlliflərdən birinin yazdığı kimi – pıçapıçlar davam edir. Bəs Zeynəb Xanlarova bu danışılan yalanlara, uydurulan nağıllara, atılan böhtanlara inanıb, onu sosial şəbəkələrdə ağılalmaz dərəcədə çirkin ifadələrlə şərh edən vətəndaşlardan inciyirmi? Küsürmü? Etiraz edirmi? Öz sənətinə və şəxsiyyətinə bəslədiyi hörməti qoruyaraq, olmayan şeylər haqda danışmağa da dəyməz deyib, susur. Üstəlik, həm sənətkar kimi, həm də millət vəkili kimi öz bildiyi həqiqətləri danışmağa, səsini ucaltmağa, problemləri işıqlandırmağa davam edir. 
2017-ci ildə Zeynəb Xanlarova müharibə mövzusunda bildirdiyi fikirlərlə müstəqil mediada gündəmə gəlir. Bu çıxışda Zeynəb Xanlarova bildirir: “Bu danışıqlar kimə çatır?! Onsuz da qulaq asan yoxdur. Elə müharibə edək, torpaqları alaq də. Öz torpağımızı alırıq də, başqasının torpağını yox. 25 ildə nə qədər cavanlarımız şəhid olub, nə qədər şəhid vermişik. Birdəfəlik ya ölüm, ya qalım. Mən eləməliyəm müharibəni. Mən ömrüm böyü sülh tərəfdarı olmuşam, amma dəyirman öz işidədir. Birdəfəlik dəyirmanı vuraq onların başına. Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır. Nə qədər balalar qırılar, nə qədər ana gözüyaşlı qalır. Nə vaxta qədər dözməliyik? Kimi gözləyirik? Bir dəfəlik müharibə edək”.
Bu çıxışı media elə tirajladı ki, güya Zeynəb Xanlarova müharibəyə rəsmi çağırış edir. Nidalarla dolu sərlövhələr, ard-arda yazılan tənqid yazıları, “öz oğlunu müharibəyə göndərəcəkmi?” kimi suallar və s. Əslində isə həmin çıxışın video görüntülərini izlədikdə də görünür ki, məramı çoxdan bəlli olan bir nitqi nə qədər əzib-büzüb, yozublar. Həmin çıxışı diqqətlə izləyib qərar verin: siz bu çıxışda ardı-arası kəsilməyən əsgər ölümlərindən, atəşkəsin pozulmalarından, itirdiyimiz gənc ömürlərdən, silah səslərindən, müharibə vəziyyətindən təngə gəlmiş, usanmış, bu ölümlərlə barışa bilməyib qəzəblənmiş, hikkələnmiş və əgər hər gün ölə-ölə gedəcəyiksə, birdəfəlik müharibə ilə bu ölümlərə xitam verək eyhamı ilə çıxış edən bir qadın görürsünüz, yoxsa xalqı müharibəyə səsləyən bir qadın? Özü də nitqində “mən ömür boyu sülh tərəfdarı olmuşam” deyir. 
Bu çıxışından bir müddət əvvəl Zeynəb Xanlarova Ermənistan-Azərbaycan sülh platformasına qoşulması ilə bağlı bəyanat vermişdi. Sizcə, sülh platformasına qoşulan və Zeynəb Xanlarova kimi nüfuzlu bir adam bu qədər açıq bir səhvi edərmi ki, elə həmin ərəfədə xalqı müharibəyə səsləsin? Videodan da açıq-aşkar göründüyü kimi, bu fikirlər münaqişənin ard-arda ölümlərə səbəb olmasına və çözümünün tapılmamasına dair səsləndirilmiş sərt və ironik münasibətdir.
Bu, həmin Zeynəb Xanlarovadır ki, şair Novruz Gəncəlinin “Ana qəlbim odlanır, söz düşəndə davadan! Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan? Bəs deyilmi, ana torpaq su içdi göz yaşından?... Hər obada, hər bir evdə qanad açsın sülh sözü!” misralarına bəstələnmiş, bəstəkar Ələkbər Tağıyevin məşhur mahnısını ifa edib. Görün, kimə, hansı böhtan atılır? Adamı yandırmazmı? Mən bunlara kənardan baxan biri kimi, axtardıqca, tapdıqca, gördükcə və bu məqamda özümü təsəvvür etdikcə, dəhşətə gəlirəm, boğuluram, qəhərlənirəm, boğazım düyünlənir.
Sənətkar və millət vəkili özünün sərt tənqidlərinə, iradlarına davam edir. Ürək yanğısı ilə yanaşdığı sosial-ictimai və mədəni problemləri işıqlandırmaqdan çəkinmir. Amma bura qədər baş verənləri unutmayaq. Çünki, o, hər şeyə rəğmən, ondan edilən bu kütləvi imtinaya rəğmən, susmur və haqqı deməkdə israrlıdır. Lakin kütlənin bir qismi bütün bu deyilənlərdən məhrum saxlanılır. Digər qismi üçün də müxtəlif donlar geyindirilərək tirajlanır. Halbuki, belə bir məqamda xalq, həqiqəti deyən sənətkarın yanında olmalı və onun səsinin daha çox insana çatması üçün çalışmalı idi. Təəssüf ki, əksəriyyət bu böhtanlara inanmağı və Zeynəb xanımın haqqını tapdalamağı seçdi.
2017-ci ilin sonlarında Zeynəb Xanlarova tanınmış aktyor Rasim Balayevlə bağlı fikirləri ilə müstəqil medianın gündəminə gəldi. Milli Məclisin çıxışında bu fikirləri səsləndirdi: “Rasim Balayevin dərman almağa pulu yoxdur. Mən üzümü tuturam Səhiyyə Nazirliyinə. Üzümü tuturam Mədəniyyət Nazirliyinə. Bunlar niyə baxmırlar bu işlərə? Mən millətin adından xahiş edirəm, rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar. Tarix bizi bağışlamaz!”. 
Daha sonra mətbuata müsahibə verən Rasim Balayev Zeynəb xanımın həmişə həqiqəti səsləndirdiyini vurğulayıb: “Çox sağ olsun, Zeynəb Xanlarova böyük sənətkardır. O, bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir, hamısını tanıyır. Zeynəb xanım da həmişə sözünü deyən adamdır. Sağ olsun, məni yada salıb, dəstəkləyib. Təsəvvür etmirdim. Amma Zeynəb xanım həmişə sənət adamlarını müdafiə edib. Təşəkkür edirəm ona”.
2017-ci ildə də Zeynəb Xanlarova mətbuata verdiyi müsahibədə iradlarını bildirməyə, özbaşınalıqlara haqq səsini ucaltmağa davam edir: “Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də. İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi... Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil. Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm”. 
O, hər dəfə problemləri işıqlandırmasına rəğmən, “seçicilərinin dərdlərini dinləmir, onların probelmlərini həll etmir” deyənlərə də bu müsahibəsində cavab verir: “Seçicilərimlə bu yaxınlarda görüşmüşəm. Onların işlərini mən elə burada, Milli Məclisdə həll edirəm. Gördüyüm işləri danışmağı xoşlamıram. Qoy, onu xalq desin”.
Bilmirəm, bu yazını oxuyanların neçəsi indiyə qədər bu fikirləri Zeynəb Xanlarovanın səsləndirdiyindən xəbərdar olub? Şöhrəti sərhədlər aşan, günlük məişəti belə media manşetlərinə çıxa bilən sənətkarın bu çıxışları niyə böyük auditoriyalara çatdırılmayıb? Televiziyalar yayımlamayıb bu çıxışları. Bir qrup məmurun nəzarəti altında olan, buyruq quluna çevrilən media qurumları da bunları gizlətməyə çalışıb. Yaxşı ki, bir sıra müstəqil media qurumlarında bu məlumatlar hələ də qorunub saxlanılmaqdadır.
Zeynəb Xanlarovanın işıqlandırdığı həqiqətlərin, çözüm gətirdiyi məsələlərin hamısını bir-bir sadalamaq bu materialın həcmini həddindən artıq uzadar. Odur ki, onun cəsarətli, səmimi, sərt tənqidi çıxışlarının, həmişə xalqın yanında durduğuna dair ən tutarlı dəlil olan bu alovlu etirazların müəyyən bir qismini sizə göstərməklə kifayətlənir və digər məsələlərə keçirəm.
Xanım Millət Vəkili haqqında yayılan dedi-qoduların sayı-hesabı yoxdur. Bunlardan biri güya uşaqlara dövlət tərəfindən verilən müavinətin Zeynəb Xanlarovanın təklifi ilə ləğv olunmasıdır. Lakin mən buna dair ən xırda bir dəlil də axtarsam, tapa bilmədim. Var olanın mövcudluğunu sübut etmək olar, var olmayanın var olmadığını sübut etmək, təbiətinə uyğunlaşdığımız bu dünyanın fizika qanunlarına ziddir. Olmayan, edilməyən bir əməlin olmadığını, edilmədiyini kim və necə sübut etsin? Sadəcə, məntiqi qənaətlərə gəlmək olar. Bunun üçün isə hadisələri başdan təhlil etməliyik. Əvvəldə də göstərilən bütün faktlara əsaslanaraq belə nəticəyə gəlirik ki, Zeynəb Xanlarovanın iradlarından hiddətlənən dərəbəy, özbaşına, hegemon məmurlar xanım sənətkarın haqq səsini batırmağa və onun haqqında həqiqətə uyğun olmayan informasiyalar yaymağa başlayıblar. Ortada böyük bir tarixi həqiqət olduğu halda – sırf Zeynəb Xanlarovaya böhtan atmaq üçün müstəqil respublikanın elan edilməsi ilə bağlı tarixi təhrif edəcək qədər həddini aşan, Zeynəb xanımın müstəqilliyin əleyhinə səs verdiyini dildən-dilə salan adamlar, xanım millət vəkilinin “uşaq pulu” ilə bağlı hər hansı xoşagəlməz təklifini milyonlara çatdırmaq üçün tər tökməzlərmi? Milli Məclisdə belə bir çıxış olubsa, yaxud hər hansı başqa bir səhnədə bu səpkidə bir fikir bildirilibsə, bu adamlar onu dərhal tirajlayıb hər yerdə bizə göstərməzlərmi? Amma yoxdur. Heç bir video, audio, tekst material yoxdur. Deyilənlər dedi-qodu səviyyəsindədir və bu deyilənlərə inananlar Zeynəb xanımı sorğu-sualsız müqəssir elan ediblər. 
Axtardıqca görürsən ki, müxtəlif insanlar, müxtəlif neqativ hadisələrin hamısını Zeynəb Xanlarova ilə əlaqələndirirlər. Pensiya yaşının artırılması, hərbiçilərin evlə təmin olunması və əmək haqqının qaldırılmasının qarşısının alınması, Lerikə yol çəkilməsinə “Lerik heç kəsə lazım deyil!” deyərək, mane olması və bu kimi, saymaqla bitməyən, əsli-astarı olmayan, dəlilsiz, sübutsuz, mənbəsiz iddialar həqiqətlə tanış olan insanı dəhşətə və vahiməyə salır. Müharibə haqqında hikkə ilə səsləndirilmiş beş-altı cümləsi təhrif edilərək, media qurumlarında sürətlə tirajlandırılan Zeynəb Xanlarovanın bütün bu iddia edilən mənfi əməllərə əl atdığına dair media qurumlarında heç bir material yoxdur.
Zeynəb Xanlarovanın etmədiyi bu işlərdə günahkar çıxarılması, ona qarşı məlum səbəblərlə qarayaxma kampaniyasının çoxdan başlamasına dair həqiqətlərin bir qismini sizə sundum və həm məntiqi, həm də vicdani mühakimənizə buraxdım. Gələk digər məsələlərə...
Bütün bu qarayaxma kampaniyalarının gedişatı boyunca, tez-tez rast gəlinən söhbətlərdən biri də Zeynəb Xanlarovanın Ermənistan SSR-nın Xalq Artisti fəxri adını daşımasıdır. Qeyd edim ki, Zeynəb Xanlarova 1978-ci ildə Ermənistan SSR Xalq Artisti fəxri adını alıb. Qəribə bir məqam: Aktrisa Amaliya Pənahova da Ermənistan SSR Xalq Artisti fəxri adını almışdı, dirijor Niyazi də, opera müğənnisi, şuşalı Sürəyya Qacar da. 
Deyilənlərə görə, Ermənistanın Xalq Artisti fəxri adını daşımaq vətənə xəyanətdir. Lakin müstəqil Azərbaycan mediasında heç vaxt digər adamlar haqqında bu titulu almağın vətənə xəyanət olmasına dair sübut kimi tirajlanmasını görməmişik. Üstəlik, onların vikipediya səhifəsindən bu tarixi həqiqətin silindiyi halda, Zeynəb Xanlarovanın vikipediyasında aldığı tarixə qədər ətraflı məlumat yazılıb. Niyə? Bu, məqsədyönlü görünmürmü? 
Digər tərəfdən, Ermənistan SSR Xalq Artisti fəxri adını daşımaq Azərbaycan mədəniyyəti üçün qazanılmış ən böyük uğurdur. O səbəbdən ki, mükafatı dostdan alanda adı pay olur, düşməndən alanda adı təslim və təzim olur! Bu, o deməkdir ki, Ermənistan dövləti və xalqı öz mövcudluğunun ən bərqərar dönəmində, SSRİ-nın avantajları içində, heç bir möhtaclıq hissi duymadığı, təmənna güdmədiyi vaxtda bu mədəniyyətin bir dirijoruna, bir aktrisasına, bir də müğənni və xanəndəsi Zeynəb Xanlarovaya təslim olub, təzim edib, onları mükafatlandırıb!  Muğam üzərində sahiblik iddiası edən bir xalq bizim xalqın muğam ifaçısını taclandırıb! Tarı, kamanı özünün mədəni irsinə çevirmək istəyən bir xalq bizim xalqın tar və kamanla mahnılar oxuyan sənətçisinə alqış, rəğbət və pərəstişini bildirib! 
Ayırca, deyək ki, özlərinin xoş vaxtında, SSRİ məkanında xalqlar dostluğunun şüar olduğu zamanlarda, dövrün tələbinə uyğun davranaraq, Ermənistan dövləti belə bir addım atıb. Yaxşı bəs “YouTube” internet portalında Zeynəb Xanlarova ifalarının altında ermənilərin yazdığı rəğbət və pərəstiş dolu rəylər nədir? 30 ildir ki, Ermənistan dövləti ilə müharibə şəraitindəyik və iddialara görə ermənilər öz körpə uşaqlarına belə, türklərin onların ən böyük düşməni olduğunu öyrədirlər. Necə olur ki, ermənilər o qədər nifrətdən bir türk sənətçisini istisna tutublar? Deməli, daşıdığı fəxri adı Zeynəb Xanlarovanın haqqıdır, zəhmətidir, əməyidir. Çünki, o, öz ifaları ilə, sənəti ilə, istedad və bacarığı ilə düşmən xalqı özünə heyran buraxıb və bu xalq ona mükafatla təzim edib.
Deməli, 2014-cü ildə Ermənistanlı jurnalist David Petrosyan Avrasiya Əməkdaşlıq Fondunun “Təmas xətti” layihəsi çərçivəsində “epress.am” saytına Ermənistan azərbaycanlıları ilə bağlı maraqlı bir müsahibə verib. Jurnalist söhbət zamanı bunları deyib: “Zeynəb Xanlarova Ermənistan SSR-in xalq artisti idi və sizə deyim ki, xalq onu çox sevirdi. Onu sevən böyük bir çevrə var idi. Onun fəxri ad alması buna görə təsadüfi deyildi. Hətta onun konsertlərinə görə insanlar Gürcüstana belə gedirdilər. Məşhur azərbaycanlı müğənni Rəşid Behbudov isə erməni cazının inkişafında böyük xidmətlər göstərib. O, bir müddət Yerevandakı “Nairi” kinoteatrındakı kafedə müğənnilik edib və sonradan Bakıya köçərək populyarlıq qazanıb. Sabir Rzayev erməni kinoşünaslığının banisidir. İkinci Dünya Müharibəsində iştirak edib. Rzayev bir neçə erməni filminin ssenarisini yazıb, çox maraqlı işlər görüb. Səhv etmirəmsə, bir neçə il əvvəl Yerevanda Sabir Rzayevin fəaliyyəti ilə bağlı kitab çıxmışdı. Hesab edirəm ki, bu çox vacibdir. Onun qəbri Yerevandadır. Ölümündən 3 il əvvəl Ermənistanın Əməkdar incəsənət xadimi adını almışdı. Qarabağ uğrunda müharibə başlayanda öz aramızda “nə yaxşı ki, Sabir bu günləri görmədi dedik”.
Həqiqət özünü erməni jurnalistin bu müsahibəsində açıq-aydın göstərir və hər şeyə rəğmən, sənətin və sənətkarın iki xalq arasında sülhü təmsil etdiyinin bariz nümunəsidir. Bu sülhün ən böyük təmsilçisi də Zeynəb Xanlarovadır.
“YouTube” portalına “Zeynəb Xanlarovanın ermənilər və Yerevan haqqında vaxtilə oxuduğu mahnı” başlığı ilə yerləşdirilən bir video diqqətimi çəkdi. Mahnıda ermənilərin adı da keçmir. Sözləri yalnız İrəvanı təsvir və tərənnüm edir. Maraqlısı odur ki, Azərbaycan müğənnisi İrəvan haqqında mahnı oxuyur və bu mahnının sözlərində İrəvanı ermənilərdən daha gözəl təsvir edir. “Könül verməz vəfasıza, qaragözlü gözəllərin!”, “Əzəl gündən biz qardaşıq, Yerevan!”, “Məclislərin tar-kamanlı, Yerevan!” deyir. Qaragözlü gözəllər – Azərbaycan xanımlarına xas qaragözlülük və bunun zahiri görkəmdə üstünlük sayılması da bizim xalqımızın zövqü ilə müəyyən edilib. Əzəl gündən qardaş olmaq, burada, eyni qanı daşıdığımız insanların yaşamasına nişandır.  Üstəlik, məclislərinin tar-kamanlı olduğunu vurğulayır ki, tar və kaman Azərbaycan mədəniyyətinə aid çalğı alətləridir. SSRİ dövründə, SSRİ səhnəsində Zeynəb xanım “Yerevan”ın Azərbaycan torpağı olmasına, orada azərbaycanlıların yaşadığına və Azərbaycan mədəniyyətinin oradakı xalq tərəfindən qorunmasına işarə edir. 
Bunu bir ayıb, bir günah kimi təqdim edənlər hansı məqsədlə edirlər, niyyətləri nədir, bilmirəm. Təxmini qənaətlərim var, onları sizinlə yazımın son sözündə bölüşəcəyəm. İndi isə qeyd etməli olduğum başqa mühüm bir məqam da var. “YouTube” video portalına yerləşdirilən bir digər videoda “Qardaş olub Hayastan, Azərbaycan” mahnısı ifa edilir. Bir qrup erməni sənətçiləri və azərbaycanlı sənətçilər – Lütfiyar İmanov, İlhamə Quliyeva, Nisə Qasımova və Elmira Rəhimova birlikdə çıxış edirlər. Lakin videonun alt mətnində müəmmalı bir cümlə var: “Zeynəb Xanlarovanın sevimli mahnısı...” Bəli, bəli! Qəribədir, elə deyilmi? Zeynəb xanımın ifa etmədiyi bir mahnı ilə bağlı adı xüsusi ilə vurğulanır. Bilmirəm, nəyə, hansı mənbəyə əsasən bu mahnı Zeynəb Xanlarovanın sevimli mahnısı kimi təqdim edilir? Əslində, o məkrli niyyət özünü dərhal ifşa edir. Videonun altında qəsdən Zeynəb Xanlarova adı qeyd olunur ki, hər kimsə Zeynəb xanımla bağlı internet resurslarında axtarış edəndə bu video da həmin şəxsin qarşısına çıxsın və ilkin təsəvvürdə Zeynəb xanımın xəyanətkar obrazı yaradılsın, ona qarşı nifrət formalaşdırılsın.
Son dönəmlərdə yayılan absurd məlumatlardan biri də o oldu ki, güya, Zeynəb Xanlarova Amerikaya köçüb, 7 ildir ki, orada yaşayır. Bütün bu yazıda sözügedən hadisələrin böyük qismi elə son 7 ildə cərəyan edənlərdir. Zeynəb Xanlarova bu müddətdə Amerikada olubsa, Milli Məclisdə o çıxışları edən kim idi? Nardaran hadisələrində, mitinqlərdə, Rasim Balayevin xəstə vəziyyətində dilə gələn, yanlış və haqsız gedişata etiraz edən kim idi?
Zeynəb Xanlarovanın öz adına Amerikada fond yaratdığı və güya yardım məqsədi ilə pul yığdığı məlumatı yayıldı. Aslan İsmayılov bu məsələ ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Hadisələrin birbaşa şahidi və iştirakçısı kimi çıxış edib, fondun yaradılması təklifinin Amerikada yaşayan azərbaycanlılar tərəfindən gəldiyini qeyd etdi. Zeynəb xanımı tez-tez görmək, konsertlərinə gedib mahnılarını dinləmək, vətən yanğısına su səpmək bəhanəsi ilə onun səfərlərinin mütəmadi təşkil olunması üçün fond yaradılmasını təklif ediblər. Hüquqi məsələlərlə Aslan İsmayılovun Amerikada yaşayan tanışı olan bir hüquqşünas məşğul olub. Lakin fonda cəmi bir dəfə on min dollar məbləğində vəsait yatırılıb. Bu da çirkli pul yumaqla bağlı şübhələr oyandırdığı üçün fondun fəaliyyəti dərhal dayandırılıb. Həmin vəsait də fonddan götürülməyib. 
Zeynəb Xanlarova haqqında olduqca əyləncəli, komik lətifələr də uydurmaqdan çəkinməyiblər. Güya Əbülfəz Elçibəyin yanına bir işi üçün xahişə gedən xanım sənətkar, öz haqqında yazılan bir kitaba “Mənim Peyğəmbər Prezidentimə” ifadəsini yazaraq, prezidentə hədiyyə edib. Elçibəy də onun xahişini yerinə yetirmək üçün şərt qoyub ki, peyğəmbər sözünü silsin. Daha sonra Zeynəb xanım bu sözü silib və Elçibəy onun xahişini yerinə yetirib. 
Elçibəyin dilindən nəql edilən bu hadisənin də heç bir dəlili, sübutu yoxdur. Mərhum prezidentin bu barədə müsahibəsi, öz xatirəsi heç bir mənbədə tapılmır. Kimlərinsə onun dilindən nəql etdiyi bu rəvayətdə hər hansı bir yazının, kitabın fotosu da yoxdur. Əgər bir insanı qaralamaq, bu cür dərin ittihamlara məruz qoymaq iki cümləlik komik ssenarilər uydurmaqla başa gəlirsə, bu toplumun mədəni dəyərlərini, sərvətlərini məhv etməyə nə var ki?
İndi isə gələk Zeynəb Xanlarovanın Azərbaycan üçün əhəmiyyətinə. Zeynəb Xanlarova - Azərbaycan SSR Xalq Artisti, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, SSRİ Xalq Artisti, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” Ordenli sənətkar. Məgər Zeynəb Xanlarovanı onun xalqına təqdim etmək üçün bu titulları saymaq vacibdir? Bu titullar olmasaydı, Zeynəb Xanlarova zirvəsini təsvir etməyə sözümüz olmayacaqdı? Belə düşünənlər, ancaq  sənətə, səntəkara, mədəniyyətə, mədəni irsə qarşı laqeydlər, etinasızlar ola bilər. Zeynəb Xanlarova – “Çahargah” muğamını ifa edən ilk qadın xanəndə olaraq sənətə qədəm qoyan və dövrün sənət mühitində sürətlə nüfuz qazanan, dahi rejissor Şəmsi Bədəlbəylinin istəyi ilə Opera və Balet Teatrı səhnəsində Leyli, Əsli, Şahsənəm obrazlarını canlandıran, uzun müddət bu teatrın solisti vəzifəsində çalışan, repertuarında xalq mahnıları, milli üslublu bəstəkar mahnıları, estrada mahnıları, müxtəlif xalqların mahnıları olan və bu zəngin, rəngarəng repertuarı ilə dünyanın bütün qitələrində saysız-hesabsız konsertlər verən, sənəti ilə sərhədlər aşıb ən uzaq yerləri fəth edərək, o zamanlar heç adı da bilinməyən Azərbaycanı dünya xalqlarına tanıdan sənətkardır. 
Zeynəb Xanlarova İkinci Dünya Müharibəsinin yenicə bitdiyi zamanlarda sənətə qədəm qoyub, ağlamaqdan yorulmuş, yaxınlarını itirməkdən bezmiş, dərddən üzü qırışmış, beli bükülmüş topluma şən mahnılar oxuyaraq onları ovunduran, kədərlərini unutduran şəxsdir. Buna görə onun haqqında “akademik ifaçı deyil” dedilər. Zeynəb xanım isə “Dünyanın xoşbəxti mənəm dünyada” deyib, öz toplumunun şüur qatlarına xoşbəxtliyi həkk etməkdən, xalqa güc, stimul verməkdən yorulmadı. “Akademik ifaçı deyil” dedilər, saatlarla Opera səhnəsində canlı və mikrofonsuz, Leylinin, Əslinin partiyalarını oxuyan  ifaçı haqqında. O ifaçı haqqında ki, Bəhram Mansurovun müşaiyəti ilə, Şəmsi Bədəlbəylinin rejissorluğu ilə, Niyazinin dirijorluğu ilə səhnə almışdı. Öz nəhəng mədəni irsinə qarşı bu nifrəti bəsləmək və canlı mədəni sərvəti bu cür qaralamaq, xalqa düşmən olan bir qrup özbaşına məmurun qarayaxmasına aldanaraq öz bu böyüklükdə mədəni dəyərindən imtina etmək bir xalqa hansı mədəni inkişafı, hansı dünyəvi uğuru qazandıra bilər ki?
Zeynəb Xanlarova həmin şəxsdir ki, hələ 70-ci illərdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımız dövlət rəsmilərinə Zeynəb Xanlarovanın İranda konsertlərinin təşkil olunması ilə bağlı müraciət ünvanlayırlar, lakin İran rəsmiləri Zeynəb Xanlarovanın İran sərhədləri daxilinə girişini həmişəlik qadağan edirlər ki, onun gəlişi çoxsaylı azərbaycanlıları bir yerə yığmaqla dövlət çevrilişinə, Cənubi Azərbaycanın müstəqil olmasına zəmin yarada bilər. Amma çox keçmir ki, Zeynəb Xanlarovanın İran şahı ilə bağlı macəralarına dair uydurulmuş cəfəngiyyatlar kütlənin dilində dalğalanır. Buna rəğmən, Zeynəb Xanlarova Milli Məclisdə İranla viza rejiminin yaradılması təklifini qətiyyətlə rədd edən və oradakı soydaşlarımızın Azərbaycana rahatlıqla gəlib-getməsinin tərəfdarı olan böyüklüyün sahibidir.
Zeynəb Xanlarova həmin şəxsdir ki, dəhşətli Çernobıl faciəsi baş verən zaman həmin dönəmdə konsertlərindən qazandığı bütün gəlirlərdən ibarət müəyyən bir məbləği zərərçəkmişlərə yardım məqsədi ilə bağışlayır və yardım siyahısında Azərbaycan adı Zeynəb xanım sayəsində öz yerini alır. Çox təəssüflər olsun ki, dövrün media qurumları, həqiqətin aynası olan mətbuatın bir sıra üzüqara nümayəndələri öz ləyaqətlərini satmağı daha üstün tutaraq bu möhtəşəm həqiqəti tirajlamırlar.
Zeynəb Xanlarova həmin şəxsdir ki, mən Türkiyədə, Gürcüstanda, Rusiyada Zeynəb Xanlarovanı tanıyan, sevən, Azərbaycana məhz Zeynəb Xanlarovaya görə rəğbət bəsləyən adamları şəxsən görmüşəm. Bu gün də Zeynəb Xanlarova bəlkə də yeganə azərbaycanlı xanəndə-müğənni, opera sənətçisidir ki, onun mahnıları sosial mediada paylaşılarkən dünyanın müxtəlif dillərində pərəstiş dolu rəylər görmək olur. 
Zeynəb Xanlarova həmin şəxsdir ki, Şərq Musiqisinin İncisi adlandırılan Seyid Şuşinskinin sonuncu tələbələrindəndir və xanım sənətkar Seyid Şuşinski kimi musiqi nəhənginin bu xalqa əmanət etdiyi şəxsdir. Zeynəb Xanlarova Ələkbər Tağıyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Qara Qarayev, Oqtay Kazimi, Emin Sabitoğlu, Arif Məlikov, Şəfiqə Axundova kimi bəstəkarlarımızın əsərlərini həm SSRİ-nın sərhədləri daxilində, həm də dünyanın müxtəlif ölkələrində səsləndirən və o bəstəkarları bu mədəniyyətin populyar sərvətinə çevirməkdə birbaşa əməyi olan sənətkardır.
Sabiri əxlaqsızda suçlayıb vərəmlədən, Axundovu imansızlıqda təqsirləndirib ürəyini partladan, Hüseyn Ərəblinskini mütrüblükdə müqəssir edib boğazından güllələyən, Cavidi xəyanətdə günahlandırıb sürgün edən, Müşfiqi də eyni səbəblə qətlə yetirən və bu kimi çoxsaylı səhvlər etmiş, mədəni sərvətlərimizi məhv etmiş babalarımızın həqiqi varisləriyik! Buna nə şübhə! 
Zeynəb Xanlarova haqqında uzun müddət deyilən bu əsassız iddialar o qədər təkrarlanmışdı ki, artıq mən də buna inanmaqda idim. Kaş siyasi səhnədə yer almazdı, sənətin səhnəsində qalardı təkcə, deyirdim, yenə də deyirəm. Amma bir tərəfdən də həqiqətləri axtara-axtara gördüm ki, Zeynəb Xanlarova siyasi arenada yer alan nadir adamlardandır ki, elə xalqın tərəfində olub və xalq üçün çalışıb. Lakin Zeynəb Xanlarovanın dediklərini qulaqardı edən adamlar, elə bu xalqa ən çox düşmən olanların dəyirmanına su tökərək, Zeynəb xanıma atılan böhtanlara inanmış və səsinin boğulmasına kömək edib, dediyi dərdlərin çözülməsinə mane olublar. 
O, bu gün millət vəkili deyil. Amma hər zaman olduğu kimi, yenə də sənətkardır. Zeynəb Xanlarova “Çahargah”, “Sənsiz”, “Ananın səsi”, “Qalmaz belə, qalmaz dünya”, “Gərəksən mənə”, “Olmalıydın, olmadın”, “Əsən yellər”, “Nədən oldu”, “Cavanlığım”, “Çırpınırdı qara dəniz”, “Yaşa mənim xalqım”, “Şəhidlər”  və digər çoxsaylı və belə çeşidli mahnıları ilə, geniş repertuarı, məhsuldar yaradıcılığı, ifaçılığı, bəstəkarlığı ilə Azərbaycan mədəniyyətində dəyəri hələ tam anlaşılmayan məktəbdir.
Seyid bəyin əmanətinə, Şəmsi bəyin yadigarına, Üzeyir bəyin, Fikrət bəyin, Cahangir bəyin, Oqtay bəyin, Şəfiqə xanımın mahnılarının ən şöhrətli və ən qüdrətli ifaçısına, Operamızın lirik Leylisinə, səsimizi dünyaya çatdıra bilmədiyimiz vaxtlarda mədəniyyətimiz adına bizi dünyanın hər guşəsində təmsil edən sənətkara, Türkiyə ilə münasibətlərimizi soyutmağa çalışan ittifaq dövründə Türkiyədə konsert verib, qardaş olduğumuzu bağıra bilən o cəsur elçimizə və nəhayət, xalqı təmsil etdiyi məclisdə bütün imkanları daxilində xalqın tərəfindən çıxış edən və haqqı bağıran o ictimai xadimə vəfa borcumuz olan sevgini, sayğını, rəğbəti bağışlamağın zamanı gəlmədimi? 
Bütün baş verənlərdən dolayı bu mədəniyyətin gənc varisi kimi olduqca utanıram. Ona sahib çıxmaq, onu qorumaq, onun yanında olmaq ən məsuliyyətli borcumuz ikən, haqqında deyilənlərə dərhal inanıb onun ədalət payını sorğulamadan, görün, nə qədər yersiz ittihamlar etmişik! Ümid edirəm, Seyid bəy də, Şəmsi bəy də və bu mədəniyyətin digər nəhəng inşaatçıları da bu utancverici qəbahətdən dolayı bizi bağışlayar! Ən əsası, Zeynəb Xanlarova özü bağışlasın!