“Zeynal Tarquliyev məni təhqir etdi və Kəmaləddin Heydərovun da ünvanına bəzi sözlər işlətdi...” – PREZİDENTƏ MÜRACİƏT

Ucar rayon sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən müəllif yazır:
“Mən Məmmədov Mehman Məhəmməd oğlu, 08 iyul 2016-cı ildə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Ucar rayonunda keçirdiyi səyyar qəbulunda olmuşam. Cənab nazirlə şəxsən təkbətək görüşüm oldu. Evimin qəzalı vəziyyətdə olmasını bildirdim. Cənab nazir müavinlərinə və Tikintiyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarova evimin tikintisinə lazım olan materiallar və ya da hesablanıb maddi köməklik edilməsi barədə şəxsi tapşırıqlar verdi.
Bu görüşümüzdən sonra mənim evimi qeydiyyata aldılar. Hətta gəlib ölçü-biçi ilə yanaşı, çəkilişlər də etdilər. Amma bütün bu olanların müqabilində iki-üç aydan sonra FHN-nin əməkdaşı olan soyadını bilmədiyim Rafael adlı şəxs bizim evimizə gələrək, mənə beş yüz manat təklif etdi. Dedi ki, Cəbrayıl Xanlarov göndərib, cənab nazirin qəbulunda olmusunuz.
Mən bu puldan imtina edərək, nazirin şəxsi tapşırığına əməl olunmasını tələb etdim. Bundan sonra mənim evimlə heç maraqlanan olmadı.
Cənab prezident!
Azyaşlı övladımın xəstəliyi ilə əlaqədar Bakı şəhər xəstəxanasına gedərkən, övladımın həkim müayinəsindən sonra 13 aprel 2017-ci ildə FHN-nin Tikintiyə Nəzarət  Agentliyinə getdim. Agentlikdə rəis Cəbrayıl Xanlarovun iş yerində olmadığını bildirdilər. 14 apreldə təkrarən həmin Agentlikdə eyni ssenarinin təkrar olunduğunun şahidi oldum. Sonda mən çox çətinliklə Agentliyin rəis müavini Zeynal Tarquliyev adlı şəxsin qəbulunda oldum. Zeynal Tarquliyev mənim nə üçün gəldiyimi bildikdə, məni təhqir etdi. O, üstəlik nazir Kəmaləddin Heydərovun da ünvanına bəzi sözlər işlədərək, oturuş qaydalarına riayət etməyərək məni hədələdi. Bütün bu olanlar barədə cənab prezidentimizə və Birinci xanım Mehriban Əliyevaya müraciətlər edəcəyimi və sizlərin qəbuluna düşəcəyimi Zeynal Tarquliyevə bildirdikdə, o, mənə “get kimə və hara müraciət edirsən et, mən də özbaşına bu posta gəlməmişəm və heç kimdən də qorxmuram” cavabını vermişdir.
Cənab prezident!
Hörmətli Mehriban xanım!
Xahiş edirəm k, mənim bu müraciətimi şəxsi nəzarətə götürəsiniz və məni qəbul edəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.