Zaman və Məkan arasındakı “Qatil”

Azərbaycan kinosunun möhətəşəm sənət təntənəsi

Nizami Kino Mərkəzində teatr və kino rejissoru Kamran Şahmərdanın xalq yazıçısı Elçin Əfəndiyevin ssenarisi əsasında çəkdiyi “Qatil” filminin təqdimat mərasimi oldu.  Azərbaycan tamaşaçısı üçün tanış olan bu əsər öncələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında pyes şəklində tamaşaya qoyulmuşdu. Mərasimə toplananları isə maraqlandıran əsas məsələ pyeslə kino arasındakı fərq, rejissor yozumunun özəlliyi idi. Tamaşaçını hər zaman heyrətdə saxlamağı bacaran, kifayət qədər ciddi rejissor kimi tanınan Kamran Şahmərdanın geniş formatlı ilk bədii filminə elə premyeranın özündə gərəkən qiymət verildi.

İllər boyu gözlənilən həsrət

Mərasimin açılışında çıxış edən Kamran Şahmərdan bildirdi: “Mən bu günü ömrüm boyu gözləmişəm. Böyük səadətdir ki, filmimin premyerasını doğma Bakıda keçirirəm. Fəxr edirəm ki, Elçin Əfəndiyev kimi ünlü bir yazıçının əsərinə ekran həyatı vermişəm. “Qatil” pyesi əsasında hazırladığımız tamaşa 3-4 il bundan öncə Sankt-Peterburqda səhnəyə qoyulub və böyük maraq doğurub. Elə o vaxtdan əsəri ekranlaşdırmaq barədə düşünürdüm. Çox şadam ki, indi bu arzuma çatmışam”.
Qeyd edək ki, pyesdən fərqli olaraq, Kamran Şahmərdan filmin əsas personajları olan Qadın və Kişi obrazları əsasında, yəni 90 dəqiqə davam edən iki nəfərlik psixoloji filmi əsil sənət əsərinə çevirmişdir. Filmdə nə geniş tablolar, nə çoxsaylı personajlar, nə də ucuz mövzuların parıltıları yoxdur. Burada daha çox Məkan (Qadın) və Zaman (Kişi) adı ilə yaşanılan instiklərin uyumundakı təzadlı xarakterik ünsürlər önə çəkilmişdir. Rejissor yorumunda filmin hər hansı bir məkanı yoxdur. Çünki, insan psixologiyasının alt qatında yer alan anlamlar, intuitiv baxışlar demək olar ki, dünyanın hər yerində eyni forma və məzmunları paylaşır. Ziqmund Freydin təbirincə desək, insanlar dünyaya gəldiyi gündən yaşadıqları şüuraltı intusiyaların sonradan gərəksiz olan sədlərini aşa bilmirlər. Bunun təsiri altında qalmaqla özlərinin mənəvi faciəsinin əsirinə çevrilirlər. Fikrimizcə, rejissor Kamran Şahmərdan film boyu öz yorumu ilə sətiraltı mənalarda bütün bunlara cavab verə bilmişdir. Qadın-Məkan olmaqla daim Zamanla (Kişi) eyni bir ortamı paylaşmaq həsrətindədir. Elə Zaman (Kişi) da həyatın keçmişində olduğu kimi, bu günün dəyəri kimi qəbul edilən bütün nəsnələrin önündə olmaq istəyir.
Filmdə bütün bunlara cavab deyil, onun tamaşaçının mühakiməsinə verilən anlamlar ana xətt kimi yaşanılır. Əslində nə Zaman (Kişi), nə də qatilə çevrilən Məkan (Qadın) burada suçlu deyillər. Zaman öz axarı və nəfəsi ilə çalışır ki, keçmiş və bu gün, gələcəyin özü belə, onun təsiri altında ruhunun bir parçasına çevrilsin. Elə Məkanın özü də bütün bunların həsrətindədir. O zaman sual yaranır ki, bəs nədən bu istəklər bir ortamda öz uyumunu bütünləşdirə bilmir? Bəlkə də bu təzadların uzlaşmasının sirri, rejissorun özünün də film boyu qeyd  etdiyi kimi, cəmiyyətin etiraflarında aranmalıdır? Zaman və Məkanın hər birinin özünə məxsus həsrət dolu istəklərinin psixoloji anlamları var. Bunların uzlaşmamasının şüuraltı instiktlərinin yorumunu isə filmin rejissoru bədii priyomlarla ehtiva edə bilmişdir.

Məkan yer üzünün özü, zaman insanlardır

“Qatil” filimində iştirak edən iki personaj var. Bunlar Qadın və Kişi obrazlarıdır. Hər iki rolu çağdaş gürcü teatr və kinosunun ünlü simaları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar. Demək olar ki, hər iki aktyorun plastikası oynadıqları rolun xarakterik özəlliklərini, daxili aləminin ekranda təcəssümünü yaratmaq, onun bədii həllinin yorumu, bir-birini tamamlaması olduqca inandırıcı şəkildə ortaya qoyulmuşdur. Eka Çxeidzenin yorumunda Qadının illər boyu yaşadığı tənhalığının şüuraltı şəkildə mistikaya şevrilmiş ruhunu, ona süni boyanı qatmadan özü kimi xarakterinin ricətlərin pafosunu çox böyük məharətlə canlandıra bilmişdir. Apollon Kublaşvili isə zamanın məkan üzərində bəzən riya, bəzən də istəklərinin əsiri olmaqla, hər şeyə sahib çıxmaq həvəsinin dramatizmə çevrilməsini, bununla da bütün təzadların yaranmasının suçlusu kimi psixoloji qatların üzə çıxarılmasının palitrasını açıb göstərmişdir.
Filmin maraqla qarşılanmasının bir sirri də, quruluşçu operatoru Mixail Maqalaşvilinin əməyidir. O, xarakterlərin, yaşanılan olayların, baş verənlərin bütün tərəflərini, psixoloji yaşantıların qatlarının addım-addım açılmasının və sirrinin kameranın dili ilə ekranda mənzərəsini yarada bilmişdir. Quruluşçu operator kimi o, rejissorun yorumunda nələri demək istəməsini məkan və zaman kəsimində canlandıra bilmişdir. Belə ki, film boyu baş verən hadisələr kiçik baxçası olan bir evdə yaşanılan tənhalığın obrazını çox doğru və mənalı şəkildə ortya qoyur.

Göy guruldadı və yağmur başladı

Ömrü boyu tənhalıq içində yaşayan, keçmişində qalmış sevgisinə sadiq qalan, hər zaman bunun həsrətini yaşayan Qadın günlərin birində göyün guruldaması və yağan yağmurun ona fərəh gətirəcəyinə inandığı bir anda onun qapısı döyülür. Budur, illər boyu həsrətində olduğu o, yəni Kişi gəldi. Qadın intuitiv şəkildə hiss etdiklərinin belə fərqində deyil. Çünki O artıq gəlib çıxmışdır. Aradan illər keçsə də, uşaqlıq çağında olduğu kimi, “O”nu qarşılayır. “O” isə əslində ötənlərdən bu günümüzə doğru irəliləyən Zamanın özüdür. Hər dəfə yuxularında gördüyü “Tanqo”nun sədaları altında bir ömür boyu sevgidolusu həsrət,  budur, artıq gəlib çıxmışdır.
Rejissor Kamran Şahmərdən filmin ilk anlarından hamını gözləyən həyatın psixoloji alt qatlarında yaşanılan insan faciəsinə özünün dolayı da olsa, humanizmini qata bilmişdir. Belə ki, kilsə zənginin səsləndirilməsi, “Tanqo” rəqsinin sədaları, yağmurun baş verməsi, bütün bunlar bir həyat işartısıdır: “Ey insanlar hər birinizin həm mənəvi və bəşəri faciələriniz var. Bu yaşantılarınıza əlvida deyə bilərsiniz. Elə adicə “Tanqo” rəqsi, bərəkətin mənası olan yağmurlar, Tanrı sədasına çevrilmiş kilsə zəngi, bütün bunlar bir həyatdır, sevgidir. Taleyinizin mənasıdır”.
Məkan və Zaman görəsən bu anlamları uzlaşdıra biləcəklərmi? Bu dilemmanın sirrini rejossor mümkün qədər aça bilmişdır. Filmdə rejissor hadisələrin hər birini ayrıca pritça  şəklində təqdim etməklə, həm də filmin ritmik xarakterinin uğurlu bədi yorumunu yaratmışdır. “Qəfəs”, “Nərgiz”, “Yuxu”, “Qətl” bölümləri insan ömrünün və taleyinin ironiyasına çevrilmiş həyatdakı təzadların sintezi kimi xarakterizə olunur. Mənən qəfəsdə salınmış bir insanın günlərin birində allı-güllü və çiçəklər qədər lətafətli olacaq bir həyat eşqi sonradan yuxuya çevrilir. Çünki, onun özünü qatilə çevirəcək məkan və zamanın təzadları istəklərinə sədd çəkmişdir.
Bir rejissor kimi filmin sonunda Kamran Şahmərdan məkanın, yəni Qadının zamandan,  Kişidən boylu qalması mənzərəsini  yaratmışdır. Burada daxili harmoniyanın əzablarında yer alan bir sual isə, tamaşaçıların öz mühakiməsinə verilir. “Tanqo”nun oynanıldığı rəqs meydançasında yerə yıxılan, qıvrıla-qıvrıla qalmış Məkan-Qadın və ya onu hər dəfə olduğu kimi tərk edib gedən Kişi-Zamanın nə qədər haqlı olması kimi dilemmanın suallarına özümüz cavab tapmalıyıq. Bir qaranlıq gecədə göyün guruldaması, sən demə, heç də məkanla zamanın uyumlu həyat düzəni demək deyilmiş.

Düşünən və düşündürən sənət həm də uğur deməkdir

Müasir dünyada sənəti bayağılaşdırmaq, bundan yararlanıb da milyonlara sahib çıxmaq nə qədər cılız görünsə də, həyatın, dünyanın, insanlığın taleyini düşünən sənətkarlar da yox deyillər. Elə dünyanın əbədi olması, əsil sənət əsərləri ilə bəşəri humanizmin yaşadılması da ciddi sənət adamlarının çiyinlərindədir. Kamran Şahmərdanın çəkdiyi “Qatil” filmi də sənətin dili ilə bəşəri humanizmi ifadə etmişdir. Filmin uğurlu alınmasında əsas məsələ burada konkret bir məkanın olmamasıdır. “Qatil” filmi dünyanın istənilən dilinə çevrilsə belə, bu sənət əsəri elə həmin xalqın mənəvi sərvəti kimi qəbul ediləcək. İndi dünya qlobalizmində bəşəri psixoloji janrda deyilən fikirlər, ifadə olunan düşüncələr və bunun açarı kimin əlindədirsə, onun təqdimatında ictimai, mədəni və sosial mənada proseslərə yön verilir. “Qatil” filminin dili ilə rejissor Kamran Şahmərdan buna nail ola bilmişdir.
Uzun illər qürbətdə, Finlandiyada yaşayan bu sənətkar “Qatil” filminin uğurlu alınmasında bəlkə də taleyinə minnətdardır. Finlandiyada hər il onun rəhbərliyi altında beynəlxalq miqyasda “Ağ-Qara Teatr Festival”ları keçirilir. Festivalda müxtəlif janrlarda tamaşalar göstərilir. Beləcə qlobal miqyasda dünya mədəniyyətinin bütün janrlarının, üslub və cərəyanlarının bədii-estetik yönlərini asanlıqla çözmək imkanı əldə olunur.
İndi dünya mədəniyyətinin əzəmətli bir hamonik şəkildə inkişafının əsas yollarından biri də düşündürən və düşünən sənət meyarıdır. İlk dəfədir ki, “Azərbaycanfilm”in istehsalı adına belə bir əsər, yəni “Qatil” filmi çəkilmişdir. “Qatil” filmi sübut etdi ki, ölkəmizdə əsil sənət əsəri yarada biləcək sənətkarlarımız vardır. İndi dünya kino bazarı deyilən bir məkana çıxmaq üçün, böyük imkanlar yaranıb. Çox təəssüflər olsun ki, mədəniyyətimiz və sənətimizin dünya üfüqlərində tanınması sorunlarına cavablar axtarılmayıb. Sənətin sirrini bilənlər üçün gərəkli olan imkanlarınn yaradılması, dünya kinomatoqrafiyasının standartlarına cavab verəcək filmlərin çəkilməsi mühüm işlərimizdən birinə çevrilməlidir. Dünyanın özü qlobal miqyasda geniş görünsə də, insanlıq və onun daxili eqoizminin sərhədləri də bir o qədər daralmaqdadır. Belə bir bəşəri problemlərə hər yerdə rast gəlinir. “Qatil” filmində isə bunun səbəbləri və psixoloji mənada dərin qatlarının sirrinə aydınlıq gətirilmişdir. Filmin uğurlu taleyi məhz bu amillə bağlıdır. Dərin psixoloji məqamların gərginliyi belə tamaşaçını yormur. Bunun premyerada canlı şahidi olduq. Çünki, filmin nümayişindən sonra, salondakı işıqlar yanan kimi tamaşaçı alqışlarının sehrinə düşdük. Filmin təsiri altında olan tamaşaçılar yaradıcı heyətə, ssenari müəllifi Elçin, quruluşçu rejissor Kamran Şahmərdan, quruluşçu operator Mixail Maqalaşvili və baş rolun ifaçısı Eka Çxeidzeyə minnətdar olduqlarını demək üçün gözlərini onlara dikmişdilər. Tamaşaçılar bununla da demək istəyirdilər ki, onlar çoxdan belə möhtəşəm sənət əsərinin həsrətində idilər.
Premyeradan sonra, çölə çıxıb evə gedirdim. Çiskinli payız yağmuru yağırdı.

Lalə CƏBRAYIL, "Hürriyyət"