“Zahid Oruc “5-ci kolon”un təkidi ilə belə açıqlama verib” – Sərdar Cəlaloğlu: “Rusiya tarixən bizimlə düşməndir, ona "dost" deyə bilmərik"

Baxış sayı:
6520

"Ruspərəst qüvvələr burda açıq  şəkildə üstünlük əldə etməyə başlayıblar”

“Zahid Oruc kimi bir mövqeyə malik olan adam obyektiv məlumatı xalqa verməlidir. Əks halda, bu, artıq  Sosial Tədiqatlar Mərkəzi yox, əksinə dezinformasiya mərkəzi kimi çıxış edəcək”
 
Deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən “dəyirmi masa”da verdiyi bəyənat birmənalı qarşılanmır. "Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb. Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir. Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər”, - deyən Z.Orucunu bu fikirləri bir neçə gündür ki, sosial şəbəkədə ciddi tənqid olunur.
Əslində, cəmiyyətə bu cür mənasız fikirləri sırımaq özü gülünc doğurur. Rusiya Azərbaycan dövlətinə, xalqına nələri yaşatmayıb ki, hələ “son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik” deyirik. İnsan düşündücə heyrətə gəlir ki,  görəsən, 29 il əvvəl 20 Yanvar günü əliyalın Azərbaycan xalqının üzərinə tank, topla gələn Rusiya ordusu deyildi?
“Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Azərbaycan-Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb. Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil”,- deyə Z. Oruc əlavə edib.
Əslində, Z. Orucun bu fikirləri özünü aldatmadan başqa bir şey deyil. Azərbaycan xalqı Rusiyanın Ermənistanın yanında olduğunu yaxşı bilir.  İndiki Ermənistan hökuməti ilə Rusiyanın münasibətlərinin pis olması erməni xalqı ilə Rusiyanın pis olması demək deyil. Rusiyanın indiki Azərbaycan hökuməti ilə yaxşı münasibətləri ola bilər, lakin tarixdən də məlumdur ki, Rusiya heç vaxt Azərbaycan xalqının dostu olmayıb, olmayacaq da.
Z.Orucun “Bu münasibətlər də Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil” fikirlərinə siyasi şərhçi Ərəstun Oruclunun Əli Əsədovun baş nazir seçilməsi ilə bağlı fikrini yetərli cavab hesab etmək olar: “Bu gün artıq əminliklə Azərbaycanın tam Rusiyanın təsir dairəsində olduğunu demək olar və ölkədə baş verən bütün görünən və ilk baxışdan görünməyən dəyişikliklərin də hamısı məhz həmin təsirdən qaynaqlanır”.
Şübhəsiz, Azərbaycanın Rusiyanın təsir dairəsində olduğunu təkcə bir nəfər demir, bu, artıq cəmiyyətin fikri kimi formalaşmaqdadır.

“Rusiyanın Azərbaycan xalqına qarşı siyasəti düşmənçilik siyasətidir”
 
Sözügedən məsələlərlə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, biz son 100 ili yox, Rusiyanın müstəmləkəsinə çevrildiyimiz son 300 ili götürməliyik: “Son 300 ildə Rusiya zorakı yolla bizim ərazilərimizi işğal, ilhaq edib, bizim ərazilərimizdə Ermənistan dövləti yaradıb, Azərbaycan xalqının iradəsinə zidd addımlar atıb, Rusiya siyasətinə müqavimət göstərən ziyalılarımızı, başbilənlərimizi, qabaqcıl insanlarımızı kütləvi şəkildə məhv edib, repressiyalara məruz qoyub. Azərbaycan türklərini Gürcüstandan, Ermənistandan deportasiyaya məruz qoyub. Hətta Azərbaycanın özünü da boşaltmaq üçün müharibə vaxtı Orta Asiyaya köçürülməsi ilə bağlı plan hazırlamışdılar. Rusiyanın Azərbaycan xalqına qarşı siyasəti düşmənçilik siyasətidir. Bunu dəfələrlə Jirinovski də etiraf edib ki, “biz Azərbaycan türklərindən bu əraziləri alıb, orada Ermənistan dövləti yaratmışıq”. Bu gün bizim ərazilərimizin hesabına Gürcüstan ərazisi iki dəfə böyüdülüb, Ermənistan dövləti yaradılıb. Ərazilərimizin bir hissəsini də Rusiya uzunmüddətdir öz ərazisi kimi saxlayır. Mən Dağıstanı nəzərdə tuturam. Beləliklə, bizim Rusiyaya nə cür münasibət göstərməyimizdən asılı olmayaraq, Rusiya həmişə bizə qarşı düşmənçilik münasibəti göstərib”.

“Biz Rusiyaya dost əlimizi uzatsaq da, düşmənşik etsək də, bizə düşmənçilik edir”

S.Cəlaloğlunun sözlərinə görə, bu gün ərazilərimizin itirilməsi bizim Rusiyaya münasibətimizlə yox, Rusiyanın bizə münasibəti ilə bağlıdır: “Zahid Oruc bir şeyi başa düşməlidir ki, Rusiyanın xarici siyasətində Qafqazda Azərbaycanın kiçildilməsi, məhv edilməsi, sıradan çıxarılması prioritet təşkil edir. Xristian təssübkeşliyi ilə Qafqazda yeganə müsəlman dövləti, vaxtilə Qafqazın ən aparıcı xalqı, dövləti olan Azəbaycan türklərinin mövcudluğunu aradan qaldırmaq, ən yaxşı halda bunu erməni və gürcü mövcudluğunun qabağında kiçiltmək məqsədi güdən bir siyasət aparıb. Biz Heydər Əliyevin dövründəki qədər Rusiyaya yaltaqlanmamışıq, ona xeyir verməmişik. Həmin dövrdə də elə Heydər Əliyevin razılığı ilə Azərbaycan torpaqlarının bir hissəsi bizdən alınıb, Ermənistana verilib. Yəni bizim rəhbərlərimizin, xalqımızın Rusiyaya münasibətindən asılı olmayaraq, Rusiyanın bizə münasibəti düşmənçilik münasibətidir. Buradan da bir fikir ortaya çıxır. Əgər biz buna dost əlimizi uzatsaq da, düşmənşik etsək də, bizə düşmənçilik edir, onda heç olmasa torpaqlarımızı qorumaq üçün qarşımızdakının bizə düşmən olduğunu dünyaya çatdırmalıyıq. Mən niyə ona “dost” deməliyəm, o da dost kimi torpaqlarımızı alıb, erməniyə versin.
Ona görə, əslində, Zahid Orucun bu fikrin Azərbaycandakı “5-ci kolon”un ideoloji mətbəxindən çıxan bir fikirdir. Bizim ərazilərimizin işğal edilməsinin qətiyyən Rusiya ilə münasibətimizə heç bir aidiyyatı yoxdur. Bu, Rusiyanın Qafqaz siyasətinin tərkib hissəsidir ki, bir müsəlman dövlətinin əraziləri hesabına iki xristian dövlətini gücləndirsin. Hətta bu gün Gürcüstanda aşkar konfrontasiyada olan Rusiya Azərbaycanla Gürcüstan arasında münasibətlərdə Gürcüstanın tərəfində durur. Buna görə də xalqı aldatmaq lazım deyil. Mao Tsezdunun bir gözəl sözü var: “Xalq düşməni ilə dostunu tanımalıdır”. Azərbaycan iqtidarının bir nömrəli vəzifəsi məhz bu məsələdə xalqın dostu ilə düşmənini tanımaqda xalq dəstək verməsidir. Amma Zahid Orucun bu bəyanatı, əksinə, bizim yenidən düşmənimizlə, dostumuzu dəyişik salmağımıza gətirib çıxardır. Bu da Qarabağ problemini düzgün dərk etməyimizə, beynəlxalq ictimaiyyətdə Qarabağ probleminin nədən qayanaqlandığını çatdırmağımıza və bunun da nəticəsində problemin effektli həllinə mane olacaq. Biz birmənalı şəkildə deməliyik ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın geopolitik siyasətinin tərkib hissəsidir. Ermənilər sadəcə olaraq burada dekor kimi istifadə olunur”.

“Biz Azərbaycan türkü, müsəlman olduğumuza görə bu şeylər bizim başımıza gəlir”

“Əslində, bizim Rusiyaya heç bir düşmənçilik hərəkətimiz yoxdur. Əgər söhbət 100 il bundan qabaqdan gedirsə, biz 100 il bundan qabaq Rusiyaya neylədik? Azərbaycan da, Ermənistan da, Gürcüstan da müstəqil olmaq istəyirdi. Sonradan Rusiya təkrar işğal elədi. Ermənistan torpaq əldə elədi, SSRİ-nin tərkibinə keçdi. Gürcüstan bizdən torpaq aldı keçdi, biz isə torpaq itirdik, SSRİ-nin tərkibinə keçdik. Eləcə də yeni dövrdə Gürcüstan azadlıq əldə elədi, Ermənistan da, biz də müstəillik əldə etdik. Azadlıq əldə edən Ermənistan bizdən torpaq aldı. Məgər, ermənilər və gürcülər bizdən fərqli mövqe tutduğuna görə ruslar bizim torpaqları alıb, onlara verirlər? Sadəcə, biz Azərbaycan türkü, müsəlman olduğumuza görə, bu şeylər bizim başımıza gəlir. Hətta bü gün dinimizi dəyişsək, xristianlığı qəbul eləsək belə, bizi dost kimi qəbul etməyəcəklər. Çünki onlar çox yaxşı bilir ki, biz türkük, müsəlmanıq”,- deyə partiya sədri əlavə etdi.

“Rusiya tarixən bizimlə düşməndir”

S.Cəlaloğlunun fikrincə, neçə ki, Rusiya dövləti var, onun Qafqaz siyasətində Azərbaycanın zəiflədilməsi, Ermənistanın, Gürcüstanın gücləndirilməsi davam edəcək: “Bu, təkcə Azərbaycanla bağlı deyil, bu həm də Türkiyəyə qarşı geopolitik siyasətin əsas elementlərindən biridir. Çünki Ermənistan, Gürcüstan burada gücləndikcə, Türkiyəyə qarşı Rusiyanın əlində çox ciddi açar olur. Bu, həm də yeri gələndə İrana qarşı çox böyük bir silah kimi istifadə olunacaq. Düzdür, bu gün İran Ermənistanla əməkdaşlıq edir və tarixi zərurətdən Rusiyanın dostudur. Amma şahın vaxtında İran SSRİ ilə düşmən idi. Rusiya İrana qarşı bunu kart kimi istifadə edir. Bu, bütünlükdə türk geopolitikasını parçalamaq, dağıtmaq, onun ortasına bir paz soxub, iki yerə ayırmaq məqsədi güdən bir siyasətdir. Ona görə də burada “biz düz eləməmişik, səhv eləmişik” demək yanlışdır. Yaxşı, Heydər Əliyevin siyasətini müdafiə edirsiniz. Heydər Əliyevin dövründə 7 rayon işğal olunmadı? O ki, MDB-yə getdi, Azərbaycan xalqının adını dəyişdirdi, təzədən Stalinin dediyi adı qoydu. O ki, Putinlə, kimlərlə qardaşlıq siyasəti apardı, xeyir ola, onda niyə bəs Azərbaycan torpaqları işğal olundu? Əksinə, biz Rusiyaya qarşı durduğumuz vaxtı itirdiklərimiz torpaqlar durmadığımız vaxtı itirdiklərimiz torpaqlardan dəfələrlə az olub. Heydər Əliyevin vaxtında itirilən rayonlara bax. Zahid Orucun dediyini təkzib edən budur ki, Heydər Əliyev və İlham Əliyev ruspərəst, Rusiya ilə dostluq siyasəti aparmaqlarına baxmayaraq, onların vaxtında daha çox Azərbaycan ərazisi itirilib və problem həlledilməz vəziyyətə gəlib, nəinki biz aşkar Rusiya bizə düşməndir, “Rusiya bizim torpaqlarımızı əlimizdən alıb” dediyimiz bir vaxtda.
Mən Heydər Əliyevin həm Sovet dövrünü, həm də yeni dövrünü deyirəm. Ona görə də Zahid Orucun dediyi fikirlərin heç bir əsası yoxdur və xalqı da aldadıb, dostu ilə düşmənini dəyişik salmaq lazım deyil. Düşmən olanda o, açıq şəkildə siyasətini həyata keçirə bilmir, amma düşmənə dost deyəndə o, sənə qarşı istədiyi siyasəti həyata keçirir, sən heç nə ilə sübut edə bilməzsən ki, bunu eləyən Rusiyadır. Çünki deyəcək “sən mənimlə qardaş kimisən, Rusiyanın dostusan, axı”. Amma faktiki olaraq biz bilirik ki, bunları edən Rusiyadır. Ona görə, Nikson deyirdi ki, “bəzən düşməni açıq şəkildə elan eləmək xalqları xilas edir”. Azərbaycan xalqının xilası odur ki, düşməninə düşmən, dostuna dost desin. Rusiya tarixən bizimlə düşməndir.  Çar imperiyası, Sovet vaxtı da, Yelstin, Putin dövründə də bizə qarşı hər cürə düşmənçilik edib, bizim rəqibimiz kimi Ermənistanı silahlandırıb, bizim ərazilərimizi işğal edib, Xocalı soyqırımını, mart qırğınını törədib. 1937-ci ildə 75 min ziyalımızı məhv, təbii sərvətlərimizi istismar eləyib”.

“Zahid Orcucun bu bəyanatı yenidən xalqın düşmənini xalqa dost kimi göstərmək siyasətidir”

Cəlaloğlu diqqətə çatdırdı ki, təkcə Sovet dövründə 1 milyard barel neft aparılıb: “O neftdən bizə 1 qəpik pul vermələri cəhənnəm, Azərbaycanda pambıqçılıqdan əldə edilən gəlirin 30-40%-ni o neftin rentabelli olmamasına görə büdcəyə daxil edib. Beləliklə bizi özlərinin dediyi kimi “otarıblar”, qoyun kimi sağıblar, yəni  bizi idarə edərək, istismar ediblər.
Zahid Orcucun bu bəyanatı əslində, yenidən xalqın düşmənini xalqa dost kimi göstərmək siyasətidir. Bəli, biz Rusiyaya açıq şəkildə deməliyik ki, bilirik, sən bizə düşmənsən, torpaqlarımızı əlimizdən almaq istəyirsən, dövlət kimi mövcudluğumuzla barışa bilmirsən, hər cürə bizə təziq eləmək istəyirsən, sən imkan vermirsən, biz öz strateji dostlarımızla müttəfiqlik yaradaq. Mən demirəm, biz Rusiyaya müharibə elan edək, amma ən gücsüz bir tərəf haqlıdırsa, o öz haqlılığını ifadə etməlidir. Rusiya güclüdür deyə, onun bütün ədalətsizliyinə, bölgədə apardığı oyunlara göz yummalıyıq, onun gəlib təzədən Azərbaycan xalqının torpaqlarında Ermənistan dövləti yaratdığını, Azərbaycanın torpaqlarının böyük bir hissəsini hələ də öz əlində saxladığını unutmalıyıq? Bunları biz xalqa heç vaxt unutdura bilmərik. Çünki yəhudi təcrübəsi göstərdi ki, 4 min ildən, yəni xalq güclənəndən sonra öz torpağına sahib çıxa bilər. Amma sən bu torpaqları unutsan, sənin torpaqlarının sənin olmadığını düşünsən, 10 ildən sonra da fürsət düşsə, sən həmin torpağı geriyə ala bilməzsən. Ona görə də mən Zahid Orucun bu bəyanatını çox ziyanlı, Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd və tarixi şüurumuza əsaslanmamış bir bəyanat hesab edirəm”.

“Gör, nə qədər məntiqsiz bir münasibətdir”

Z.Orucun “1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər” fikrinə gəlincə, Cəlaloğlu belə söylədi: “Əgər Rusiya Qərbin əlində alətdirsə, sual olunur, onda bizim Rusiya ilə dostluğumuzun nə mənası var? O alətdir də. Qərb nə vaxt istəsə, Rusiyanın əli ilə bizi əzəcək də. Bu, nə deməkdir ki, Rusiya Qərbin əli ilə bizi əzir? Beynəlxalq məkan nə deməkdir? Avropa demək istəyirsən? Yaxşı, əgər Avropa Rusiyanın əli ilə bizi əzirsə, onda Rusiya burada vasitə olur. Rusiyanın neçə yüz illik dövlətçilik tarixi var, dünyada meydan oxuyur. Deməli, belə çıxır ki, bu, Almaniyanın, Fransanın əlində oyuncaqdır. Əgər oyuncaqdırsa, bu oyuncaqla dost olmağın məntiqlə nə mənası var? Elə get Avropa ilə dost ol, Avropa səni Rusiyanın əli ilə əzməsin. Bu məntiqlə sən deyirsən ki, Avropa Rusiyanın əli ilə bizi əzib, özün də deyirsən, mən Avropaya düşmənəm, Rusiya ilə dost. Sən alətə niyə dost olursan, get o alətin sahibinə dost ol da. Sən Avropa ilə münasibətlərini yoluna qoy, onda Rusiya avtomatik olaraq Qərbin aləti olmayacaq, səni əzməyəcək. Sən nə qədər Rusiya ilə dost olsan, əgər Avropa Rusiyadan alət kimi istifadə edirsə, onda o alətdən həmişə istifadə edəcək. Gör, nə qədər məntiqsiz bir münasibətdir”.

“Zahid Orucun bu mövqeyi ruspərəst qüvvələrin təkidi altında müəyyənləşdirilmiş bir mövqedir” 

S. Cəlaloğlu onu da vurğuladı ki, Zahid Oruc kifayət qədər ağıllı insandır, təcrübəlidir: “Mənim onunla ünsiyyətim olub, ona şəxsi hömətim var. Çalışır ki, öz üzərində işləsin, digərlərindən fərqli olaraq nəzəriyyə ilə məşğul olsun, politologiyanın bir az dərinliklrinə getsin, amma mənə elə glir ki, bu, onun öz  şəxsi fikirləri deyil. Bu, ona verilmiş istiqamətdir ki, son vaxtlar burada ruspərəst qüvvələr açıq  şəkildə üstünlük əldə etməyə başlayıblar. Bu, orta məktəblərdə rus sektorlarının, rus məktəblərinin açılması, eləcə də yeni baş nazirin təyin edilməsi, aşkar Rusiyayönlü adamların hökumətdə mövqelərinin möhkəmləndirilməsi, Avropa, Amerika ilə əlaqələrin sıfra endirilməsində aşkar görünür. Hətta bu gün Türkiyənin Suriyaya girməsi məsələsində Azərbaycanın verdiyi bəyanata baxanda adam xəcalət çəkir. Strateji müttəfiqin, “bir millət, iki dövlət” dediyin bir dövlətin apardığı xarici siyasətə sənin göstərdiyin münasibətə bax.  Bütün bunlar hamısı  göstərir ki, ruspərəst qüvvələr aşkar aktivləşib. Zahid Orucun da bu mövqeyi Azərbaycandakı ruspərəst qüvvələrin təkidi altında müəyyənləşdirilmiş bir mövqedir. Zahid Oruc kifayət qədər ağıllı oğlandır ki, inanmıram o, özü tarixi faktları, geopolitikanı, Rusiyanın da geopolitik siyasətini nəzərə almadan bu cürə əsassız, elmi faktologiyaya söykənməyən və normal siyasi məntiqə uyğun olmayan bir fikir  desin. Yəni, bu onun öz mövqeyi deyil, müəyyən dairələrin təkidi altında verilmiş bəyanatdır.
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir. Gərək, həmin mərkəz ən dəqiq istiqamətləri müəyyən eləyə, təhlilər edə, xalq bilə nə var. Əgər sosial tədqiqatlar adı altında siz xalqa yanlış ideyalar soxuşdurusunuzsa, bu, səhvdir. Sovet dönəmində Nərimanovun bir sözü var idi, “bizm əbədi xoşbəxtliyimiz Rusiya ilədir”, amma 3 ildən sonra Nərimanovu öldürdülər. Nə oldu, bəs sənin xoşbəxtliyin Rusiya ilədir? Biz Rusiyanın tərkibinbə daxil olandan sonra ərazimizin yarısını itirmişik, milyonlarla adamımızı qurban vermişik, tariximiz, mədəniyyətimiz, dinimiz məhv edilib. Necə olur bizim xoşbəxtliyimiz Rusiyanın əlində olur? Zahid Oruc kimi bir mövqeyə malik olan adam obyektiv məlumatı xalqa verməlidir. Əks halda, bu, artıq  Sosial Tədiqatlar Mərkəzi yox, əksinə dezinformasiya mərkəzi kimi çıxış edəcək. Bu da Azərbaycan xalqına çox ciddi ziyan olacaq. Ən azı hökumət, prezident bu Sosial Tədqiqatlar Mərkəzinin ya susmasını, ya da obyektiv, reallığa uyun bəyantlar verməsini təmin etməlidir. Yoxsa bu siyasi konyunktura ilə verilən bəyanatlar Azərbaycan dövlərinə, xalqına, elə iqtidarın özünə də yaxşı gələcək vəd etmir”.

(Ardı var)

Şamo EMİN,
Hurriyyet.org