​Zabit məni aldadıb qaçırdı, sonra isə... – Sevdanın faciəsi

Bilgəh Kardioloji Sanatoriyasındayam. Burada həyat eyni templə davam edir. Qonşu otaqda yatan Şaban kişi sübh namazına durduqda mən də dəniz kənarına gəzintiyə düşürəm. Budəfəki “İnsan taleyi” layihəmizin qəhrəmanı Sevda xanımla tanışlığım da elə gecə gəzintisinə çıxdığım vaxt oldu.
Gecə saat 2-ni keçmişdi. Həyətə düşüb gəzmək istədim. Yüngül idman geyimində sahil boyu cərgələnən oturacaqların arasından keçirdim. Birdən nəzərimi ağ geyimdə bir varlıq çəkdi, bütünlüklə ağa bürünüb, sanki kəfənlənib, skamyada üzü dənizə tərəf oturub. Ətrafa baxdım. Doğrusu, üşəndiyimi, qorxduğumu kimsənin gördüyünü yox, bu ağ libaslı əllərini dənizə tərəf uzadan insanı məndən başqa görən olacaqmı deyə düşündüm.
Mənim kimi dünyanın bir çox üzünü görmüş, təhlükələrdən keçmiş bir adamın ani olaraq diksinərək qorxduğu bu müqəvva ilə aramızdakı məsafə 10 metrdən də az idi. Arxada lal-dinməz dayanan adamı – məni görcək “bisimillah, bisimillah” deyib əlini üzünə çəkdi, salavat çevirirmiş kimi ətrafından şər qüvvələri qovdu.
- Qorxutdun məni, - səsində inciklik də var. - Gəlib burda dayanmısan, özü də xəbərsiz. Niyə yatmırsan?
Bayaqkı üşəntim bədənimdən, qorxum ürəyimdən çəkildi. Yerini maraq tutdu. Yaxın gəlib skamyanın qarşı tərəfində oturmaq istədim. Tez ayağa qalxdı:
- Sənə kim dedi ki, burda oturasan?
- Heç kim demədi, sadəcə gəzintiyə çıxmışdım, səni gördüm, yaxın gəldim, elə bildim ruhsan, adamlar çəkiləndən sonra gəlib burda dənizə baxırsan, dənizlə söhbət edirsən...
- Dənizə niyə baxmalıyam ki?
- Nə bilim, dedim, yəqin, hansısa dənizçinin, balıqçının ruhusan, dənizlə söhbət edirsən.
Qadın dənizə tərəf çevrildi. Dalğaların arın-arxayın qulaqlara qədər axıb gələn səsinə qulaq asdı, sonra mənə tərəf döndü:
- Mən dənizi eşitmirdim ki, namaz qılırdım. Amma ruh məsələsini düz dedin, mən doğulandan ruh kimi gəzmişəm.
Danışığından mütaliəli, duyğulu birinə oxşayır. Zəif səslə danışsa da, səsi içinin heç də rahat olmamasından xəbər verir. Dənizə tərəf çevrildi, əllərini qoşa ovuc edib yenə də boyu bərabəri qaldırdı, nəsə pıçıldadı. Növbə ilə sağ və sol çiyinlərinə tərəf döndü, sakit bir nəfəslə çiyinlərin üflədi. Sonra sanatoriyanın əsas binasına tərəf addımladı.
Ardınca getdim, “gəlmə” demədi, mən onunla doğrudan da danışmaq istəyirdim, bilirdim ki, bu qadın içində çox böyük bir ağrını daşıyır. Yenidən söhbətə tutdum:
- Bəs namaz qılanda üzünü niyə qibləyə deyil, dənizə tutmuşdun?
- Mən burda qibləni müəyyən edə bilmirəm. Təzə işə düzəlmişəm. 1-ci gündür. Elə bu gün də gecə növbəsinə qalmışam. Bütün günü işləmişəm. Namazım qalmışdı, indi vaxt tapdım.
Artıq binanın birinci qatında onun üçün ayrılmış stolun arxasında oturub. Yaşını müəyyən edirəm, 50-ni çoxdan keçmiş olar. Adını soruşuram. Sevdadır, deyir. Beləcə söhbət edirik.
Gecədən keçmiş olsa da, onu otağıma çaya dəvət edirəm.
- Yox, yaxşısı budur, burda çay içək, - deyir. - Görənlər olsa nə deyərlər? Deməzlər ki, birinci gecədir növbətçi qalıb, otaqları gəzir. Yox, əskim tüstülüdür, qorxuram.
Razılaşıram. Sevdanın gözlərində də səsində olduğu kimi ağrı hiss olunur. Dərdli olması, xoş həyat yaşamaması yerişindən belə oxunurdu. Bir qədər söhbət edib, termosdan süzdüyü çaydan içirik. Mənim yazar olduğumu bildikdə köks ötürür:
- Universitetə girmişdim, oxuya bilmədim, o qədər şeirlərim var ki...
Həyatı ilə daha da maraqlanıram. Danışmağa meyilli olduğu bilinsə də, heç nə demir. Söz verir ki, sabah imkan olsa, söhbət edərik.
Növbəti gün günorta yeməyindən sonra Sevda xanımı otağıma çaya dəvət edirəm. Bir azdan gələcəyini deyir. Gəldi və qapıya yaxın bir yerdə əyləşdi. Çay içdik, onun mənə verdiyi suallara cavab verdim. Sonra isə söhbətimiz doğrudan da uzun çəkdi. Daha doğrusu, o danışdı, mən qulaq asdım.
- Mən Ağdamda, uşaq evində böyümüşəm. Deyilənə görə, şuşalıyam. Atam ölüb, anam başqa kişiyə ərə gedib. Məndən əlavə iki bacım, bir qardaşım da varmış. Tanımıram, heç birini də görməmişəm. Bizi “yetimxanalara” başqa adlarla yerləşdiriblər. Böyük bacılarım və qardaşım başqa uşaq evlərində böyüyüb. Sonradan mənim ögey bacı və qardaşlarım məni tapdılar. Amma el gözünə, iki-üç dəfə gəlib-getdilər və yoxa çıxdılar. Əslində, mən onlardan incimədim də. Biz doğma ola bilmədik. Həm də mən onlarla əlaqə saxlamalıydım. Axı mən yaşda onlardan böyüyəm. Amma mənim nə elə vaxtım oldu, nə də imkanım.
Arada səsini daha da aşağı salır. Sanki kimdənsə ehtiyat edir. Səsini, dərdini kimsə bilməsin, yazıqları gəlməsin.
- Bura necə oldu işə düzəldin? Axı indi işə düzəlmək çətindir...
- Düz deyirsən, özüm də məəttəl qaldım. Qonşuluqda bir qadın var, burda işləyir. Onun məsləhəti ilə gəldim. Gəldim baş həkimin yanına. Dedim, işləmək istəyirəm. Xeyli üzümə baxdı. Ona heç nə demədim, başımı saldım aşağı, fikirləşirdim ki, deyəcək, yer yoxdur, əgər olsaydı, mütləq işə götürərdim. Mən də ürəyimdə 2-3 dəfə, “eybi yoxdur, Allah balanı saxlasın”, - deyə təkrar etdiyim sözü ona deyib gedəcəkdim. Amma düşündüyümün əksi oldu. Mənə xeyli baxdım. Telefonu qaldırıb zəng vurdu: Yanına bir qadın gələcək, ona uyğun bir iş tap, ərizəsini alın, əmrini hazırlayın. Bu olub srağa gün, dünən də işə çıxdım. Bu gün 3-cü gündür əmrim verilib. Allah saxlasın onu, onun kimi adamları...
Utancaq halda üzümə baxır. Yenə də səsini azaldır. Arada zarafat dediyim sözlərin də təsiri olmur, səsini eşitmək üçün diqqətli oluram.
- Oğlum qoymurdu işləməyə. “Çox zəhmət çəkmisən” deyirdi mənə, qal nəvənə bax, gəlininlə otur evdə. Sonra əməliyyat olundu. Ona işləmək olmazdı, ağr iş görə bilməzdi, yüngül iş də hardadır ki? Gəlin də körpə uşaqlıdır, o heç işləməyib. Məcbur oldum işləyəm. Bu gün səhər tezdən oğlum gəldi ki, bəs dünən iş tutub, işləyib, 80 manat qazanıb. Verdi mənə. Dedim bala, tam sağal sonra işləyərsən.
Oğlu haqda soruşmuram. Bu, deyəsən, ona xoş olmur. Özü bəhs edir:
- Oğlum ustadır. Oxuda bilməmişəm. Yetimçilik imkan vermədi, mənim taleyimi yaşadı, ata çörəyi yemədi...
- Sevda, bəs sənin ərin? Başqa qohumların, qayının, baldızın və s. yoxdurmu?
O isə sanki sualımı heç eşitmədi də, tamam başqa mövzuya toxundu:
- Mən uşaq evindən sənədlərimi ali məktəbə verdim. Universitetin filologiya fakultəsinə qəbul olundum. Yataqxanada 3 qız qalırdıq. Biri laçınlı, o biri bərdəli idi. Hər ikisinin imkanı yaxşı idi, hər ikisi məni çox istəyirdi. Deyirdilər, sən azərbaycanlı deyilsən, qazax, qırğız olarsan, yetim evində böyümüsən axı. Baxırdım, görürdüm düz deyillər, mənim gözlərimin quruluşu fərqli idi.
Laçınlı qızın qardaşı vardı, ona məktublar yazardı. Almaniyada zabit kimi xidmət edirdi. Məni o oğlan qaçırdı, sonra qoymadı oxumağa, bütün arzularımı daşa çırpdılar. Baldızım, tələbə yoldaşım tətillərdə kəndə gəlirdi, onun qulluğunu tuturdum. Tələbəlikdən danışırdı. Bir dəfə dedim ki, niyə məni qoymadız oxuyam, bədbəxt etdiz? Dedi, naşükür olma, qardaşım kimi kişini hardan tapıb ərə gedəcəkdin?
- Necə qaçırdı səni? Almaniyadan gəldi, qoltuğuna vurub apardı?
- Yox, bu kinolardakı kimi oldu, o günə daş düşəydi.
Sonra da daş düşməsini dediyi günü xatırladı:
- İlk dəfə onu yataqxanamızın qarşısında gördüm. Dərsdən gəlmişdim, qapıya yaxın yerdə iki zabit durmuşdu. Qış vaxtı idi. Diqqətimi çəkdi, onlara baxdım, birdən ayağım sürüşdü, yıxıldım. Ucaboylusu əlini uzatdı ki, tutum. Mən isə tutmadım. Əyilib qollarımdan yapışdı, hop qaldırdı göyə. Təşəkkür də etmədim. Sovet gəncləri tam başqa cür idi axı... Sabahı axşamı laçınlı qız dedi ki, bəs böyük bacımın uşağının ad günüdür, bizi də dəvət ediblər, gedək. İndiyə qədər ad günüm keçirilməmişdi, heç kəsin də ad günündə olmamışdım. Uşaq evində ad günümüz zamanı yeməkdən əlavə iki-üç peçenye, 4 nəfərə bir alma bölüb verərdilər və bu da biz yetimlərin ən doğma, əziz günü olardı. Mən razılaşdım. Elə bərdəli rəfiqəm də etiraz etmədi. Sabah axşam getdik. Məclis başlayandan sonra, dedilər ki, bəs səbəbkarın dayısı da dostu ilə gələcək, nə işləri varsa gecikirlər. Təxminən bir saat sonra qapının zəngi çalındı. İçəri dünən yataqxananın qarşısında gördüyüm həmin iki zabit gəldi. Gül, tort, başqa hədiyyələr almışdılar. Bax burda yaxından tanış olduq. Məzuniyyətə gəlmişdilər, dünən də elə bacısının ardınca gəlibmişlər.
Bir-iki gündən sonra rəfiqəm dedi ki, qardaşım səninlə evlənmək istəyir. Dedim, axı mən oxuyuram, 1-ci kursdayam, balacayam. Dedi, qorxma, oxuyarsan. Razı olmadım, amma elə sevinirdim ki, elə bil bu xəbərdən sonra böyüdüm bir az da. Həftənin 5-ci günü dərsdən çıxanda universitetə yaxın bir yerdə rəfiqəm məni saxladı, dedi, gözlə, qardaşım gələcək, bir yerdə gəzməyə gedərik. Dedim, o biri rəfiqəmizi də götürək, razı olmadı. Elə bu vaxt qardaşı gəldi, mülkü geyimdə idi. Bizi maşına oturtdu və birbaşa bacısı evinə gətirdi. Sən demə, məni qaçırdırmışlar.
Toyumuz Laçında oldu. Məni təhsilimi davam etdirməyə qoymadılar, o vaxtdan Laçın işğal olunana qədər orada yaşamalı oldum. Sonra SSRİ dağıldı. Yoldaşım o zaman Almaniyadan gəlmişdi, Rusiyada xidmət edirdi. Məni isə kənddə ata-anasına qulluqçu kimi saxlamışdı. Arada gəlirdi. Milli Ordu yarananda ora düzəldi. Müharibənin ilk günlərində şəhid oldu. Sonra qaçqınlıq həyatı... Ölümündən 6 ay sonra bir oğlumuz dünyaya gəldi. Baldızım, qayınım öz haylarına qaldı. Balamı götürüb gəldim Bərdəyə, tələbə yoldaşımı tapdım, mənə himayədar oldu. Məktəbdə işə düzəlməyimə yardımçı oldu, xadimə işlədim, elə burdakı kimi. Oğlumu böyütdüm, əsgər getdi, qayıtdı. Usta işlədi, pul qazandı, ailə qurdu, indi burda Bağlar tərəfdə yer alıb ev tikib, yaşayırıq.
Sevda taleyini vərəqlədi, arada gözləri doldu, əlinin arxası ilə kirpiklərinin arasından süzülən, yanağına daman göz yaşlarını sildi. Hıçqırmadı, möhkəmdən ağlamadı. Balası onun ən əziz, yaralı yeri idi. Həm də onunla nəfəs alırdı axı. Mövzunu dəyişdim:
- Maşallah, indi böyük oğlun var, evləndirmisən, nəvən var... Oğlun daha çox kimə oxşayır, sənə yoxsa atasına?
- Oğlum?.. Hə, oğlum mənə oxşayır... mənim kimi bəxtsiz-talesiz, arzusu böyük, imkanı olmayan, oxumayan, fəhləlik edən...
Söhbətimizin sonunda məndən kitab istədi. “Burda darıxmaq olmaz” adlı şeir kitabımı verdim. Avtoqraf yazmağımı istəmədi:
- Baldızım arada bizə gəlir, nə olsun oxumuş qadındır, deyəcək bu kişini hardan tanıyırsan? Əskim onsuz da tüstülüdür...