​Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Baxış sayı:
2872

Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.
Mətbuat Şurasından daxil olan nekroloqda deyilir:
“Azərbaycan mətbuatına ağır itki üz verib. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov (Kərimov Əyyub Zakir oğlu) faciəli şəkildə dünyasını dəyişib. Onun vaxtsız vəfatı hər birimiz üçün dərin üzüntü və sarsıntıdır.
Ə.Kərimov Azərbaycan Mətbuat Şurasının qurucularından olub. Şuranın formalaşmasına, qurumun fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib. Mərhum qurumun İdarə Heyətində təmsil olunub, həmçinin hüquq komissiyasının rəhbəri kimi təşkilati işlərdə özünün fəallığı ilə seçilib.
Ə.Kərimov peşəkar hüquqşünas idi. O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. İdeya və baxışlarını 1992-ci ildə yaratdığı “Femida” qəzetində gerçəkləşdirməklə bu vəzifənin icrasında təkrarsız və bənzərsiz nümunə ortaya qoyurdu.
Əməksevərliyi, prinsipiallığı, hadisə və proseslərə məxsusi baxışı ilə həmkarlarının hörmətini qazanmış Ə.Kərimovun yoxluğu ilə barışmaq son dərəcə çətindir. Allahdan mərhum həmkarımızın doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”