YÜZMİNLƏRLƏ İNSAN SAAKAŞVİLİ ÜÇÜN MEYDANLARA AXIŞACAQ? – Eks-prezident xalqına güvənməklə səhv edib, yoxsa...

Baxış sayı:
814

Gürcüstanın eks-prezidenti Miaxil Saakaşvilinin, həbs olunacağını bildiyi halda, 8 il həsrətində olduğu Vətəninə qayıtması uzun illər yaddaşlardan silinməyəcək. Bu dönüşün nə ilə nəticələnməsindən asılı olmayaraq, Saakaşvilinin hər zaman güvəndiyi gürcü xalqı bu gün qürur hissi keçirməlidir ki, onun belə övladı var. Hansı ki, məhz Mişanın hesabına bu gün Gürcüstan bütün dünyada demokratik ölkə kimi tanınır.

Əlbəttə, Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə Gürcüstan əhalisinin qısa müddətdə aclıq və səfalətdən xilas olması, insanların rifah halının günbəgün yaxşılaşması, ölkədə insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması və s. amillər də diqqətdən qaçmamalıdır. Və bu gün əminliklə deyə bilərik ki, Gürcüstan hələ də M.Saakaşvilinin illər öncə “basdırdığı dirəklər” üzərində dayanır və “Gürcü arzusu” məhz onun çəkdiyi yolların hesabına “qatarı” hərəkət etdirməkdədir.  

Amma son 8 ildə Gürcüstanda arzuolunmaz istiqamətdə dəyişən çox şeylər də oldu. Xüsusən də, demokratik seçki ənənəsi “karusel əməliyyatları”, seçki qutularına topa-topa bülletenlər atmaq təcrübəsi ilə əvəz olundu. Ən pisi isə, “Gürcü arzusu”nun ölkədə imkansız vətəndaşların səsini pulla, kartof-soğanla almaq “ənənəsini” formalaşdırması oldu ki, biz oktaybrın 2-də baş tutan seçkilərdə də bu üzücü mənzərənin şahidi olduq.

Sonuncu seçki həm də onu göstərdi ki, Saakaşvilinin qurub-yaratdığı dövlət etibarlı əllərdə deyil. Əslində, eks-prezident bunu həm də öz gəlişi ilə sübut etdi. Belə ki, o, bütün hallarda tutulacağını bilsə də, Gürcüstana təyyarə ilə qayıtmağı deyil, “Gürcü arzusu”nun nəzarət edə bilmədiyi sərhəd xəttini “qanunsuz olaraq” keçməyi məqbul hesab etdi. Bununla, hər kəsə göstərdi ki, xüsusi xidmət orqanları tərəfindən daim nəzarət altına olan bir insan Gürcüstana “əllini-qolunu sallayaraq” keçə bilirsə, ölkəyə daxil olmaq istəyən ən təhlükəli terrorçuların qarşısını heç nə kəsə bilməz.

Bütün bunlara baxmayaraq, Mixail Saakaşvili Gürcüstana qaytımaq haqda qərar verərkən, bəzi reallıqları düzgün hesablamamışdı. Görünür, ya ona düzgün məlumat verilməmiş, ya da öz xalqına çox inandığından, yüzminlərlə insanın “əsarət boyunduruğu”ndan imtina edərək, demokratiya uğrunda yenidən onunla birgə mübarizəyə qalxacağını güman edirdi. Amma hər iki halda Saakaşvili Gürcüstan vətəndaşlarının onun həbsini belə səssizcə qarşılayacağını gözləmirdi.

Doğrudur, ola bilsin ki, eks-prezident ölkədəki biabırçı mənzərəni bütün dünyaya nümayiş etdirmək üçün özünü könüllü olaraq “qurban” verməyə hazırlamışdı. Yaxud, o da mümkündür ki, Gürcüstanda vətəndaş qarşıdurmasının yaranmasından ehtiyat edərək, hakimiyyətin seçki yolu ilə dəyişikliyi üçün indidən zəmin yaratmaq istəyib. Bəs, bu gün bələdiyyət seçkilərini saxtalaşdıran “Gürcü arzusu”, sabah parlament, yaxud prezident seçkilərində də eyni metoda əl atmayacaqmı? Təbii ki, bu sualın cavabı heç də nikbin notlara köklənməyə əsas vermir. Çünki siyasi rejimlər öz vərdişlərindən heç vaxt əl çəkmirlər.

Bu arada, M.Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası eks-prezidentin azadlığa buraxılması tələbi ilə aksiyaların keçiriləcəyini elan edib. Baş nazir İrakli Qaribaşvili isə, həm müxalifətə, həm də Ukrayna prezidenti Vladimir Zelenskiyə cavab olaraq Saakaşvilinin ən azı 6 il müddətinə həbsdən buraxılmayacağını bəyan etdi. Hansı ki, Zelenski onun Ukraynaya eksptradisiya olunması üçün bütün istiqamətlərdə hərəkətə keçdiklərini bildirmişdi.

Qaribaşvilinin bu bəyanatı onu deməyə əsas verir ki, “Gürcü arzusu” Mixail Saakaşvilini həbsdən azad etməmək üçün sonadək dirənəcək. Baş nazir yaxşı bilir ki, Saakaşvilinin azad olunması hakimiyyət üçün böyük təhlükəyə çevrilə bilər. Hətta onu Ukraynaya ekstradisiya etsələr belə, bu, “Gürcü arzusu”nun hakimiyyətdə qalmsına zəmanət verilməsi demək olmayacaq.

Amma onu da əminliklə deyə bilərik ki, Gürcüstandakı proseslərin yönünü yalnız aksiyaya çıxacaq vətəndaşlar dəyişə bilər. Əgər, Saakaşvilinin gözlədiyi kimi, yüzminlərlə insan meydanlara çıxıb, eks-prezidentə azadlıq tələb etsə, təbii ki, hakimiyyətin onu ən azı vətəndaşlığını daşıdığı Ukraynaya ekstradisiya etməkdən başqa yolu qalmayacaq.

Bəs, xalq Mixail Saakaşvili üçün meydanlara axışacaqmı? Hər halda, sabiq dövlət başçısının öz xalqına güvənməklə yanlışlığa yol vermədiyinə inanmaq istərdik...

Qafqaz.media