​ Yunusların məcburi gətirilməsi ciddiləşir - QƏRAR

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda mayın 17-də çıxarılmış qərar müvafiq orqanlara göndərilib.
Hakim bildirib ki, məhkəmə Yunusların məcburi gətirilməsi qərarının nəticəsini daha bir ay gözləyəcək: "Əgər yenə nəticə olmasa, növbəti addım atılacaq".
Yunusların vəkili Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Amma qərar müdafiəçiyə verilməyib.
Növbəti proses iyulun 3-ə təyin edilib.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabr ayının 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.
Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kassasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
Ali Məhkəmədə isə kassasiya şikayətimiz qismən təmin olunub, Bakı Apellyasiya Məhkəməsinin 09.12.2016-ci il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına qaytarılıb.
Ötən ilin aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək Hollandiyada gediblər. Onlar hazırda həmin ölkədə müalicə alırlar.