Yunis Səfərovu öz vəkilinin əleyhinə ifadə verməyə məcbur edirlər

Baxış sayı:
6139

Gəncə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun anası Leyla İsmayılova yenidən ictimaiyyətə müraciət edərək oğluna işgəncə verildiyini bildirib. Onun sözlərinə görə, Y.Səfərovdan fiziki təzyiq altında vəkil Elçin Sadıqovun əleyhinə ifadə alıblar. Guya o, Yunisi məcbur edib ki, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona işgəncə verilməsi barədə "yalan ifadə" versin. Əks halda, onu təcridxanadan MCQMİ-yə qaytarılacağı və işgəncə veriləcəyi ilə hədələyiblər.
L.İsmayılova hesab edir ki, bütün bunları vəkilləri qorxutmaq və onları hakimiyyəti düşmən hesab edənləri müdafiə etmək üçün həvəsdən salmaqdan ötrü edirlər.
"Sonuncu işgəncələrdən sonra oğlumu yenə də gizlədirlər. Deyirlər ki, guya dövlət hesabına təyin edilmiş vəkil onun hüquqlarını müdafiə edir", - ana vurğulayıb. L.İsmayılova ölkə rəhbərliyini oğluna qarşı işgəncələrə son qoyulmasına çağırıb.
Xatırladaq ki, iyulun 3-də RF vətəndaşı, əslən Gəncədən olan Yunis Səfərov Gəncə şəhər icra başçısını və onun mühafizəçisini tapança ilə yaralayıb.
Bir həftə sonra, iyulun 10-da 150-200 sakindən ibarət qrup şəhər administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Polislə qarşıdurma zamanı iki yüksək vəzifəli polis zabiti öldürülüb.
Sentyabrın 28-də baş prokuror Zakir Qaralov bildirib ki, hadisə ilə əlaqədar 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfərin barəsində axtarış elan edilib./turan.az/