Yunanıstanda saxlanılan soydaşlarımızın aqibəti necə olacaq - deputatdan açıqlama

Baxış sayı:
6754

Azər Badamov: “Yalnız diplomatik nümayəndəliklərin müdaxiləsi lazımdır”
Yunanıstan həbsxanasında saxlanılan iki azərbaycanlı soydaşımız Azərbaycan mediasına müraciət edib.

Onlardan biri votsap vasitəsilə səsli mesaj yollayaraq ölkə jurnalistlərindən yardım istəyib. Yunanıstan həbsxanasında olan şəxslər Neftçala rayonunun Bankə qəsəbəsi sakini Ağayev Rauf Tofiq oğlu və Salyan rayonunun Qızılağac kəndindən Mikayılov Əbülfəz Adışirin oğludur. Onlar Türkiyəyə işləməyə gediblər. Qardaş ölkədə olarkən onlara İtaliyada işləmək təklif edilib və hətta yüksək məvacib vəd edilib. Gəmi ilə gizli formada İtaliyaya keçmək istəyən soydaşlarımız Yunanıstanda tutulublar və 3 aydır sözügedən ölkədə həbsdədirlər.

Votsap üzərindən göndərilən səsdə (məhbuslara yaxınları və ailə üzvləri ilə telefon əlaqəsi qurmağa icazə verilir - musavat.com) həbs olunan soydaşımız həbs hekayəsini danışaraq yardım istəyib. O, həbsxanada 25 il qala biləcəyini də istisna etməyib. O, daha sonra aşağıdakıları bildirib: “Qanunu pozmuşuq, bunu bilirik. Amma vəkil belə tuta bilmirik. Bizə kimsə nə isə demir, hansı aqibətlə qarşılaşacağımızı bilmirik”.

Tutulanlardan birinin xanımı isə söyləyib ki, səfirliyə müraciət etsələr də, hər hansı cavab ala bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirildi ki, Azərbaycan vətəndaşları Mikayılov Əbülfəz Adışirin oğlu və Ağayev Rauf Tofiq oğlu insan alveri, özgə həyatını təhlükəyə məruz qoymaq və dövlət sərhədlərini qanunsuz keçməkdə ittiham olunaraq Yunanıstanın Nafplio şəhər həbsxanasında saxlanılırlar: “Qeyd etmək istərdik ki, sözügedən şəxslər qanunsuz miqrantları daşıyan gəmi ilə Türkiyənin Bodrum şəhərindən İtaliyanın Katanya şəhərinə yola düşmüşdür. Ölkəmizin Yunanıstandakı səfirliyi məsələni nəzarətdə saxlayır, saxlanan azərbaycanlı şəxslərlə görüş keçirilib. Onlar saxlanma şəraitlərindən şikayətlənməyib və hər hansı zorakılıqla üzləşmədiklərini bildiriblər. Saxlanılan vətəndaşlarımıza Yunanıstan Respublikasının qanunlarına uyğun olaraq hüquqi yardım göstərilir".

“Yeni Müsavat”a danışan Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Azər Badamov bildirib ki, həmin şəxslərin işi ilə səfirlik məşğul olmalıdır: “Hər bir insan hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq, girəcəyi, çıxacağı ölkələrin qanunlarına hörmətlə yanaşmalıdır. Qeyri-qanuni formada sərhədləri keçmək, yaxud da qeyri-qanuni yaşamaq yolverilməzdir. Bu addımı atan şəxslərə getdikləri ölkənin qanunları çərçivəsində tədbirlər görülür. O zaman isə şəxslərin hansı ölkənin vətəndaşları olması əhəmiyyət daşımır. Bizim də 2 vətəndaşımız sərhədi qanunsuz formada keçməyə çalışan zaman Yunanıstanda saxlanılıb. Yəqin ki, Yunanıstan qanunları çərçivəsində onlarla bağlı müəyyən bir həll yolu mümkündür. Ancaq həmin şəxslər əgər Azərbaycan vətəndaşlarıdırsa, özləri Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə müraciət etməlidirlər. Məsələnin diplomatik yollarla həllinə çalışmalıdırlar”.

Deputat bildirib ki, onlarla bağlı Milli Məclisdə hansısa məsələ qaldırıla bilməz:

“Bu, nə parlamentlik bir məsələdir, nə də Azərbaycan dövlətinin qanunlarına uyğundur. Məsələ ancaq girişində saxlanılan ölkənin qanunları çərçivəsində həll olunmalıdır. Yalnız diplomatik nümayəndəliklərin müdaxiləsi lazımdır. Bunun üçün də həmin şəxslər Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə müraciət etməlidirlər. Çünki onlar lazımi prosedurları həyata keçirmək hüququna malikdirlər”.