Yunanıstanda 2 milyonluq tətil edən gənclərin valideyinləri kimdir? - SOCAR-dan AÇIQLAMA

Baxış sayı:
736

Bu ilin iyun ayında Yunanıstanın Mikonos adasında bir qrup azərbaycanlı gəncin tətil və əyləncə üçün 19 gündə iki milyon avro xərcləməsi haqqında xəbər vermişdik.
Bu haqda, Yunanıstanın "Skai TV" televiziyasında yayımlanan "George Liaga ilə günorta" şousunun reportajında məlumat verilmişdi. Reportajı hazırlayan jurnalist həmin gənclərin Azərbaycanda neft-qaz şirkətlərindən birində çalışan vəzifəli şəxslərin övladları olduğunu bildirmişdi. O, həmin gənclər haqqında məlumatları plyajda işləyən işçilərdən əldə etdiyini deyib.
Yeniavaz.com olaraq məsələ ilə bağlı Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərindən bəziləri ilə əlaqə saxladıq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İbrahim Əhmədov bildirdi ki, məsələ şirkət daxilində araşdırılıb:
"O jurnalsitdən də soruşmaq olardı ki, o məlumatı haradan əldə edib. Bizə də maraqlı olardı ki, əgər doğrudan da SOCAR-la bağlı olarsa biz məsələni araşdıraq. Hər halda mən də şirkət daxilində maraqlanmışam uzaqdan yaxından, çünki, bəziləri sosial şəbəkələrdə məsələnin SOCAR-la əlaqəsi olması haqqında fərziyyəni irəli sürüblər. Məndə olan məlumata görə bu məsələnin SOCAR-la bağlılığı yoxdur".
İ. Əhmədov belə bir ehtimal olduğu təqdirdə məsələnin şirkət daxilində və ölkədə araşadırılmalı olduğunu deyib:
"Onların məhz neft şirkətində, SOCAR-da işləməsi haqqında bizdə hər hansı bir fakt yoxdur. Əgər hər hansı bir ehtimal, irad, ittiham və sairə olarsa və bunun üçün tutarlı əsas olarsa əlbəttə ki, bu şirkət daxilində və ölkədə araşdırılmalıdır. Bunun SOCAR-da işləyən adamlarala, şirkətin əməkdaşları ilə bağlı olması haqqında bizdə hər hansı bir təsdiq, məlumat, fakt və sairə yoxdur. Onların azərbaycanlı olduğunu eşitmişəm".
"BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı isə bildirdi ki, ümumiyyətlə onlarda bu barədə heç bir məlumat yoxdur:
"Bizdə belə məlumat yoxdur. Bu haqda birinci dəfə sizdən eşidirəm".
Məsələ ilə bağlı Azərbaycanda neft-qaz fəaliyyəti ilə məşğul olan nəhəng şirkətlərdən "LUKOİL Azerbaijan"la da əlaqə yaratmağa çalışdıq. Ancaq bütün cəhdlərimiz uğursuz oldu.
Qeyd edək ki, Yunanıstanın Mikonos adasında bir qrup azərbaycanlı gənc 19 gündə iki milyon avro xərcləyib. Bu haqda məlumat ölkənin "Skai TV" kanalında yayımlanan "George Liaga ilə günorta" şousunun reportajında məlumat verilib. Bildirilib ki, həmin gənclər Azərbaycanda neft-qaz şirkətlərindən birində çalışan vəzifəli şəxslərin övladlarıdır.
Məlumata görə, 12 nəfərlik qrup adada villa icarəsi üçün günlük 25 min avro olmaqla cəmi 475 min avro (893 min manat)  xərcləyib. Azərbaycanlı gəncləri 12 cangüdən qoruyub, onlara da günlük 700 avro olmaqla ümumilikdə 159600 avro (300 min manat) ödənilib. Ödədikləri ən böyük hesab 4 saat ərzində barda xərclədikləri 65000 avro (122 min manat) olub. İddiaya görə, gündəlik xərclərini qarşılamaq üçün 50000 avro (94 000 manat) tutumu olan çanta ilə dolaşan gənclər, daha böyük hesabları kredit kartları ilə ödəyiblər. 12 nəfərlik qrupu 20 modelin də müşayiət etdiyi deyilir.
Ümumi istirahət üçün azərbaycanlı gənclər 2 milyon avro (3 milyon 750 min manat) xərcləyiblər. Həmin qrupun keçən ilki istirahət büdcəsi isə 3 milyon avro (5600000 manat) təşkil edib.