Yunan polisi türk deputatların olduğu yerə bombalar atdı: ölü və yaralılar var / YENİLƏNDİ

Baxış sayı:
2484

Yunanıstan polisi Türkiyənin Ədirnə sərhəd məntəqəsindən Avropaya keçməyə çalışan suriyalı miqrantlara odlu silahlarla atəş açıb.

Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnsident baş verən zaman Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komitəsinin sədri Hakan Çavuşoğlu ilə 8 millət vəkili həmin ərazidə olub.

Ədirnə Baş Prokurorluğu faktla bağlı cinayət işi açıb. Yunan polisinin miqrantların üzərinə səs, duman, qaz bombaları atdığı, plastik mərmilərdən istifadə etdiyi bildirilir.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisə ilə bağlı verdiyi açıqlamada Yunanıstanı beynəlxalq hüququ pozmaqda və insan haqlarını tapdamaqda ittiham edib.

***

Türkiyəyə köç etmək məcburiyyətində qalan suriyalı qaçqınlar Avropaya getmək üçün yola çıxıb.

Publika.az xəbər verir ki, Ədirnə qapısından Yunanıstana keçmək istəyən miqrantlar yunan polisinin sərt müdaxiləsinə məruz qalıb.

Güc strukturları miqrantlara odlu silahlarla atəş açıb, qaz bombaları atıb. Polis sərhədi keçmək istəyənləri su şırnaqları ilə geri oturtmağa çalışır. İnsident zamanı yaralananlar olub. Bölgəyə təcili tibbi yardım göndərilib.

Ədirnənin Bazarqüllə sərhəd qapısına gedən yolun 1 km-lik hissəsi bağlanıb. Qaçqınlardan başqa kimsə məntəqəyə buraxılmır. Jurnalistlərin miqrantların olduğu bölgəyə girişinə icazə verilmir.

Qeyd edək ki, suriyalı miqrantlar Meriç çayından rezin qayıqlarla üzərək yunan adalarına keçir.