​Yunan nazirin Tansu Çillərlə bağlı – İNANILMAZ ETİRAFLARI

Baxış sayı:
2920

Bir neçə gün əvvəl “Yaxşı türk sadəcə, ölü türkdür. Çünki yaxşı bir türk tanımadım” sözləri ilə Türkiyə və Yunanıstan mediasında gündəmə gələn Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos 1996-cı ildə Afina ilə Ankara arasında yaşanan “Kardak böhranı” ərəfəsində - yanvarın 30-dan 31-nə keçən gecə Yunanıstan baş nazirinin parlamentdəki ofisində nələrin baş verdiyini açıqlayıb.
Muxalifət.az xəbər verir ki, Yunanıstanın sabiq xarici işlər nazirinin dedikləri əslində “Kardak böhranı” zamanı rəsmi Afinanın hansı durumda olduğuna işıq saçır.
Sabiq diplomat qeyd edib ki, türk hərbçilərinin Kardak ərazisindəki kiçik qayalıqlara çıxdığını Yunanıstanın Baş Qərargahından və kəşfiyyat təşkilatlarından deyil, Ankaradakı Yunanıstan səfirliyinin mətbuat attaşesindən öyrənib.
Keçmiş nazirin həmin gecə Yunanıstan hökuməti daxilində hansı hadisələrin yaşandığı haqda etiraflarını təqdim edirik:
“Baş nazirin parlamentdəki ofisində baş nazir Kostas Simitis, müdafiə naziri mərhum Gerasimos Arsenis, hazırda həbsdə olan daxili işlər naziri Akis Kohakopulos, baş nazirin sözçüsü Nikos Temelis, baş qərargah rəisi Limberis və mən əyləşmişdim. Gecə saat 02:30-da qapı döyüldü. Baş nazirin köməkçisi otağa daxil olaraq dedi ki, Ankaradakı Yunanıstan səfirliyindən zəng var və sizlərdən biri ilə danışmaq istəyirlər. Baş nazir “Teodoros, get zəngə cavab ver”, - dedi. Telefonda Ankaradakı səfirliyin mətbuat rəhbəri idi. Səfir mənə dedi ki, 10 dəqiqə əvvəl baş nazir Tansu Çillər çıxış edib, türk ordusunun Kiçik Kardak qayalığını ələ keçirdiyini və türk bayrağının ora sancıldığını deyib. Mən telefon söhbətini olduğu kimi otaqdakı hökumət üzvlərinə çatdırdım.
Bu zaman baş nazir Simitis baş qərargah rəisi Limberisə “Admiral, mən sənə iki qayalığı müdafiə etməyi tapşırmadımmı”, - deyə sual etdi. Üzünün cizgiləri bir anda dəyişən Limberis “Kiçik qayalıqlar üçün mənə bir söz deməmisiniz”, - cavabını verdi. Üstəlik Lamberis Kiçik Kardaq qayalığını kimsəsiz və boş bir qayalıq saydı, dedi ki, yunan əsgərləri böyük qayalıqlarda mövqe tuturlar. Baş Qərargah rəisi “Hörmətli baş nazir, əgər inamınıza layiq deyiləmsə, dərhal istefamı elan edə bilərəm”, - dedi. Bu zaman mən baş qərargah rəisinə sərt cavab verdim. Dedim ki, əməliyyat davam edərkən qaçan zabit göründüyü yerdə öldürülür. İndi sən bizə istefa təklif edirsən? Bu, əslində vətənə xəyanətdir”.
Qeyd edək ki, 1996-2004-cü illərdə Yunanıstanın baş naziri Simitis 2005-ci ildə çap etdirdiyi “Yaradıcı bir Yunanıstan üçün siyasət” kitabında həmin gecə haqqında bu fikirlərə yer verib:
“İçimi gəmirən məsələlərdən biri də türklərin Kardakdakı ikinci qayalığı ələ keçirməyi planlaşdırması ehtimalı idi. Baş qərargah rəisi Limberisdən bu qayalıqların qorunub-qorunmadığını soruşdum. Tərəddüdsüz “bəli” cavabını verdi. Qayalığa növbətçilər yerləşdirib-yerləşdirmədiyini soruşduqda isə “Xeyr, Kardak ərazisində Yunan gəmilərinin düzülüşü elədir ki, heç bir türk gəmisi aradan keçə bilməz” cavabını verdi. Gecə saat 03:30-da Riçard Holbruk (ABŞ dövlət katibinin müavini) bizim xarici işlər nazirinə deyib ki, türklər Kardak qayalığını ələ keçirib. Baş Qərargah rəisinə “bu necə ola bilər” sualını verdim. Cavab verdi ki, türklər dənizin altı ilə əsgərlərini qayalığa çıxarıblar. Limberis türk komandolarının Kardakdakı ikinci qayalığa çıxdığını isə saat 05:00-da təsdiqlədi. Mən artıq hiss və əsəblərimə hakim ola bilmirdim”./Teleqraf.com