Yüksək vəzifəli polis zabitinin anası həbs olunub - DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR

Baxış sayı:
12739

Polis əməkdaşlarına hər birimiz hörmət və ehtiramla yanaşır, ona inanır və güvənirik. Axı polis asayişin keşiyində dayanır, insanları qayda-qanuna riayət etməyə yönəldir, haqsızlığa, ədalətsizliyə, oğurluğa, dələduzluğa qarşı mübarizə aparır. Bir sözlə, polis hər bir kəsin güvənc, ümid yeridir. Görəsən insanlara qarşı dələduzluq edib onların malını-mülkünü ələ keçirənlər polis əməkdaşlarının yaxını, doğması, hətta valideynlərindən biri olsa, bu zaman həmin polis əməkdaşına inam, etibar olarmı? Qarşılaşdığım bir hadisədə dələduzluğa görə haqqında həbs-qəti imkan tədbiri seçilmiş bir qadının oğlu yüksək vəzifəli polis zabitidir. İnsanları aldadaraq onların malını-mülkini ələ keçirmiş həmin qadın, nəhayət ki, istintaqa cəlb olunub. Təəccüblüdür ki, həmin qadının aldatdığı adamlara dəymiş ziyanı ödəmək əvəzinə, zərərçəkənlərə təzyiq olunur, şikayət ərizəsini geri götürtmək üçün hədə -qorxu gəlinir. Bakı şəhər Paş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Raciv Almazovun vəsatəti əsasında Rzayeva Nazənin Əskər qızı barəsində 17 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimli qərarı ilə həbs-qəti imkan tədbiri seçilib. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Namiq Məmmədov (sədr), Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkiblə 23 avqust 2019-cu ildə keçirilən qapalı məhkəmə iclasında öz təsdiqni tapıb. Təəccüblüdür ki, bundan sonra da dəfələrlə Xətai Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi həmin məsələyə yenidən baxıb. Hər dəfə də həbs-qəti imkan tədbiri öz qüvvəsində saxlanılıb. Deyilənlərə görə, hələ məhkəmə prosesləri yenə də davam edəcək. Hər dəfə də zərəçəkənlərə müxtəlif vasitələrlə təzyiq göstərilir, hədə - qorxu gəlinir ki, şikayət ərizələrini geri götürsünlər. Ancaq şikayətindən geri çəkilən yoxdur. Sözsüz ki, birinci məhkəmə intansiyasından apellyasia şikayəti vermək hər kəsin hüququdur. Ancaq, eyni məsələ ilə əlaqədar təkrar-təkrar məhkəmə iclaslarının keçirilməsi və zərərçəkənlərə hədə-qorxu gəlinməsinin arxasında nə dayanır? Cinayət Məcəlləsinin iki maddəsi ilə haqqında həbs-qəti imkan tədbiri seçilmiş və hazırda istintaq təcridxanasında saxlanılan Rzayeva Nazənin Əskər qızının oğlu polis zabiti Elvin Rzayev hazırda Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində tədqiqatçı vəzifəsindədir. Zərərçəkənlərə hədə-qorxu gələn də elə odur. Bu barədə zərərçəkənlərdən biri Əliyeva Fatma Səbail RPİ-nin 39-cu polis bölməsinin rəisi Tərxan Əhmədova ərizə ilə müraciət edib. Ərizəsində bildirir ki, Elvin Rzayev onun rahatlığın pozur, özünə və həyat yoldaşına onların başına oyun açacağı barədə hədə-qorxu gəlir. Digər zərəçəkən Sevil Səfərova polis zabirti Elvin Səfərovun ona hədə-qorxu gəlnəsi barədə Daxili İşlər Nazirliyinə və difər təşkilatlara müraciət edib. Hətta bundan sonra S.Səfərovanın yaşadığı ərazinin sahə rəisi Mədət Mehdiyev də zərərçəkən Sevil Səfərovanı polis bölməsinə dəvət edərək şikayətə son qoymaqı tapşırıb. Onun deməsinə görə, sifariş dələduzluq maddəsi ilə istntaqa cəlb olunmuş Nazənin Rzayevanın oğlundan gəlibmiş. Zərərçəkən bu barədə müvafiq təşkilatlara şikayət etdikdən sonra sahə rəisi “cəzalandırırlıb” və onun xidməti sahəsinin ərazisi dəyişdirilirb(?!). Əcəb cəzadır?!. Bəs sahə rəisini bu qanun pozuntusuna məcbur edən kim olub? Bu sifariş Məhdət Mehdiyevə kim tərəfindən verilib? Sözsüz ki, Nazənin Rzayevanın oğlu Elvin Rzayev. Təzyiq və təhdidlərə döz bilməyən zərərçəkmiş Sevil Səfərovanın həyat yoldaşı bütün bunlar barəsində “Kanal 13” internet televiziyasına da geniş açıqlama verib. Ancaq hələlik ciddi tədbir görən, daha doğrusu, dələduzluq maddəsi ilə cinayətə cəlb olunmuş və hazırda istintaq təcridxanasınsa saxlanılan Nazənin Rzayevanın oğlu polis zabiti Elvin Rzayevə “gözün üstə qaşın var” deyən yoxdur. Hətta zərərçəkmişlər deyirlər ki, onları aldadıb malını-mülkünü ələ keçirən Nazənin Rzayeva oğluna arxalananaraq bu oyunları törədib. Zərərçəkənlər ümid edirlər ki, polis adına ləkə gətirən bu xoşagəlməz hal aradan qaldırılacaq və haqq-ədalət öz yerini tapacaq. Axı polis asayişin keşiyində dayanır, insanları qayda-qanuna riayət etməyə yönəldir, haqsızlığa, ədalətsizliyə, oğurluğa, dələduzluğa qarşı mübarizə aparır. Bunu polis zabiti Elvin Rzayev də unutmamalıdır. Elnur Salmanov, Bakı şəhəri Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.