​Yolları kabusa çevirən sürücülər...

Baxış sayı:
8875

Son zamanlar ölümlə nəticələnən yol qəzalarının sayı artıb. Son üç gündə dəhşətli avtomobil qəzaları ölkə mətbuatını silkələyib. Belə ki, fevralın 18-də Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdi. Elə həmin gün Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.
Fevralın 17-də isə Nərimanov rayonunda 2 nəfərin ölümü, 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Fevralın 19-da Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, müstəntiq olan gənc sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.
Göründüyü kimi, qəzaların əksəriyyətinə ölüm halları qeydə alınıb. Bəs görəsən, yol qəzalarının belə sürətlə can almasının səbəbi nədir? Problem sürücülərin peşəkarlığında, yoxsa yolların düzgün qurulmamasındadır? Hava şəraiti burada nə dərəcədə rol oynayır?
Yeni musavat-ın sualını cavablandıran nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, əsas səbəblərdən biri sürücülərin peşəkarlığının ürəkaçan səviyyədə olmamasıdır: “Digər tərəfdən yollarda da müəyyən problemlər var. İşıqlandırma bəzi yollarda normal səviyyədə deyil. Lakin son iki gündə baş verən qəzaların əsas fərqli səbəbi hava şəraitidir. Son iki gündə ölkənin hə yerində hava duman çiskin və yağmurlu oldu. Bəzi dağətəyi bölgələrdə hətta qar yağdı. Son qəzalar onunla bağlıdır. Yağışlı havada görünmə zəif olur. Peşəkar olmayan sürücü elə bilir ki, yolda yağmurlu hava da elə , normal hava kimidir. Bəzən avtomobilin şüşələri islanır və sürücü ətrafı yaxşı görmür. Bəzən arxanı göstərən güzgülər sulu olur və görüntü normal olmur. Sürücülər də bunu nəzərə almırlar. Həmçinin qar yağmasa belə, asfalt yaş olanda ilişmə pisləşdiyinə görə, tormozlanma zəif olur, 20-25 faiz pisləşir. Asfalt təmiz olmasa, tozlu olsa, yağış yağarkən o palçığa çevrilir, tormozlanma artıq 40-45 faiz pisləşir. Məlum olduğu kimi , ölkəmizdə də yollar çox zaman təmizlənmir. Elə situasiyalar var ki, normal havada vəziyyətdən çıxmaq olur, ancaq yol yaş olduqda qəza qaçılmaz olur”.
Ə.Hüseynovun sözlərinə görə, son günlər baş verən ağır qəzaların da səbəbi hava şəraiti və sürücülərin bunu nəzərə almaması olub: “Xaçmazda baş verən qəzada 3 nəfər ölüb. Salyanda isə bir hadisədə 2 nəfər ölüb, iki nəfərə yaralanıb. Hər iki hadisə avtomobillərin toqquşması nəticəsində baş verib. Birinci hadisədə, minik avtomobili ilə yük avtomobili, ikinci hadisədə minik avtomobili ilə mikroavtobus toqquşub. Üçüncü bir hadisədə isə gənc müstəntiq ailəsi ilə birgə yoldan çıxıb, kanala düşüb. Səbəblər hər zamankı səbəblərdir. Xüsusi bir səbəb yoxdur. Sadəcə sürücülərin peşəkarlığının zəif olması, müəyyən xüsusi şəraitləri nəzərə ala bilməməsi son nəticədə faciəvi hadisələrə gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, bu kimi hallarla mübarizə üçün xüsusi dövlət proqramının hazırlanmasına ehtiyac var: “Dünyanın hər yerində yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramları hazırlayıb qəbul ediblər. 1990-cı illərin sonundan, xüsusən də 2006-cı ildən bu proses başlayıb. BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə dövlət proqramları hazırlanıb. Bir çox ölkələr artıq ikinci onilliyin dövlət proqramlarını qəbul ediblər. Azərbaycanda da buna ehtiyac var. Qarşıya məqsəd qoyulmalıdır ki, ölüm hallarını bir il öncəsi ilə müqayisədə 2-3 dəfə azaldacağıq. Bizdə isə hələ ki, heç nə yoxdur. Spontan, konkret vəziyyətə hesablanmış tədbirlərlə keçirik. Həmin proqram qəbul olunmalıdır. Sürücü hazırlanması prosesinə yenidən baxılmalıdır. Sürücülərin öyrədilməsi, yolda təhlükəsiz hərəkətin təşkili, yollarda sürət rejim, manevr imkanı, yolların konstruksiyası, texniki vəziyyətə nəzarət, təmizliyin qorunması və sair məsələlərə yenidən baxılmalıdır. Təəssüf ki, hələ də bununla məşğul olunmur”.