“YOLDAŞIM NEÇƏ DƏFƏ ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİB...” – Sabirabad sakini: “Acından ölürük, uşagın üzünə baxa bilmirik”

Baxış sayı:
8602

“Sabirabadda yataqxanada yaşayıram, qaz yox, şikayətimə baxan yox, yeməyə çörək tapmırıq”. Bu haqda Sabirabad rayon 23 nömrəli yataqxana sakini Mehralıyeva Həbibə Əlisəftər qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına daxil olan şikayət məktubunda bildirilir. Şikayətçi daha sonra qeyd edir: “Yoldaşım “Bəndatma” idarəsində işləyir, 200 manat maaş alırdı. Məcbur olub kredit götürmüşdük, həmin pulun 176 manatı kreditə gedirdi. Mən də 95 manat pensiya alıram və 46 manat da mənim pensiyamdan kreditə tutulur. 6 aydır yoldaşım işləmir, yataqxanada necə zülm çəkirəm bir Allah bilir. Məktub yazmaqdan barmaqlarım yorulub. 7 məktub yazmışam, baxan yoxdur. Özüm də ürək xəstəsiyəm, gözüm zəifdir. Səsimi eşidən yoxdur”. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi daha sonra vurğulayır: “Bəndatma” idarəsinin rəisi Elman Nuriyevə və rayon icra başçısı Nazim İsmayılova dəfələrlə müraciət etmişəm. Deyirlər ki, iş yoxdur, olmayacaq, gedin kimə istəyirsiniz deyin. 40 ilin buldozerçisi işsiz qalıb, yeməyə çörək tapmır, neçə dəfə özünü öldurmək istəyib, xəbər tutmuşam. Cənab Nuriyev bilsin ki, biz acından ölürük, uşagın üzünə baxacaq üzümüz qalmayıb. Hər şey baha, hər nemətdən uzaq qalmışıq. Evdə nə var, hamısını satmışıq, qalıb şfaner, servant, onu da satmağa qoymuşam, amma alan da yoxdur. Qaz olan ölkədə qaz tapmırıq. Yataqxana şəraiti imkan vermədiyindən buraya qaz çəkilməyib. Odun da tapa bilmirik. Qarşıdan bayram gəlir, nə edək, necə edək... Cənab Prezident! Hər dəfə sizin çıxışlarınıza baxıram. Siz vətəndaşların yanında olursuz. Qarabağ əlillərinə və şəhid ailələrinə göstərdiyiniz qayğıları və etdiyiniz yaxşılıqları görürəm. Mənim anam Qarabağ əlili olub. Çox acnacaqlı vəziyyətdə yaşayırıq. Xahiş edirəm mənə köməklik edəsiniz. Mümkünsə qaz çəkilsin. Mümkün deyilsə, mənə fərdi həyət evi tikməyə yardım edəsiniz. İnanıram ki, mənim bu istəyimi nəzərə alacaqsınız. Ona görə yuxarıda Allaha, aşağıda Sizə güvənirəm”. Muxalifet.az