Yol qəzasında xəsarət alan idmançı DİN rəhbərliyinə MÜRACİƏT ETDİ

Heydər İsmayılov: “Mən ciddi xəsarət almışam, bir söz soruşan da yoxdur...”

Avqustun 2-də axşam saatlarında Zığ şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Belə ki, “99-KF-321” dövlət nömrə nişanlı avtomobili idarə edən Tərlan adlı sürücü yol kənarı ilə hərəkət edən velosipedçini vurub. Nəticədə velosipedçi Heydər İsmayılovun bir neçə qabırğası sınıb və bel sütunundan ciddi zədə alıb.
Qeyd edək ki, qəza zamanı xəsarət alan idmançı tək olmayıb. Onunla bərabər 30-a yaxın “Cyclemania” qrupunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri olub. Qəzadan sonra H.İsmayılov Suraxanı rayon xəstəxanasına, daha sonra isə “Baku City Hospital”a yerləşdirilib.
Ancaq qəzadan sonra nə vuran şəxs, nə də sürücünün yaxınları ona baş çəkməyib, üstəlik Suraxanı rayon Polis İdarəsindən bu işlə bağlı maraqlanan olmayıb. Odur ki, Heydər İsmayılov Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, bu işin düzgün araşdırılmasına köməklik göstərməsini xahiş edib.
Bəs onun müraciətinə nə kimi reaksiya olub? Bu və digər suallara aydınlıq gətirmək üçün dünən Heydər İsmayılovla əlaqə saxladıq.

“Hazırda ayaq üstə dura bilmirəm”

İdmançı ilk olaraq baş verən qəza haqda danışdı: “Ayın 2-də biz qrup şəklində Zığ şosesinin sağı ilə hərəkət edirdik. Mən qrupun arxasında idim. Bizdə hamımızda arxa və qabaq işıqları var, həmişə yanıb sönür. Ancaq hərəkət edən zaman arxadan zərbə aldım. Bu zaman özümdən getmişəm. Gözümü açanda xəstəxanada idim. Məni təcili Sabunçu xəstəxanasına aparıblar. Orada həkimlər heç nə edə bilmədi və daha sonra məni “Baku City Hospital”a apardılar. Orada məlum oldu ki, bir neçə qabırğam sınıb, onurğamda çat var. Oturacaq sümüyüm də sınıqdır, hazırda ayaq üstə dura bilmirəm”.

“Bilmirəm, polis idarəsi nə araşdırır, necə araşdırır…”

H.İsmayılov dedi ki, hadisədən sonra onu vuran sürücü və yaxınlarından kimsə ona baş çəkməyib: “Anam və dostum bu işlə bağlı təcili Suraxanı rayon Polis İdarəsinə getdilər. Dedilər ki, belə bir hadisə baş verib, indiyə kimi maraqlanan yoxdur. Məni vuran sürücü zəng edib ağladı ki, vəziyyətim çətindir… Dedim ki, niyə ağlayırsan, səndən artıq heç nə istəmirəm, nə ziyan vurmusan onu ödə, çıx get. Amma ondan bir xəbər çıxmadı…
O ki qaldı polis idarəsinə, bilmirəm, nə araşdırır, necə araşdırır, amma hələ yanıma gələn, izahat alan olmayıb. Mən ciddi xəsarət almışam, bir söz soruşan da yoxdur. Belə olmur, axı. Gəlsinlər, izahat alsınlar. Bilim ki, iş gedir. Öz bildiklərini edəcəklər. Sonra da çıxıb gedəcəklər”.

“Şükür ki, sağ qalmışam”

H.İsmayılov onu da əlavə etdi ki, qəzanı törədən şəxs polis bölməsində anası ilə görüşüb: “Deyir, yetim adamam, pulum yoxdur. Mən demirəm ki, 10 min pul ver. Ancaq velosipedin qiyməti elə 1400 manatdır. Təzə telefonum da qırılıb. 3 günün telefonu idi. Canım da bu vəziyyətdədir. Şükür ki, sağ qalmışam. Məni avtomobil 7-8 metr atıb. O cür zərbə olub”.
 
Zərərçəkən deyir ki, maddi çətinlik səbəbindən xəstəxanadan evə çıxmalı olub: “Qabırğama, onurğama gips qoyulmur. Orada yatmğa pul gedirdi. Xəstəxana xərci hər gün azı 100 manatdır. Atam rəhmətə gedib, anam da xəstədir. Yazıq bir kiloqram qaldıra bimir, indi evdə mənə qulluq edir”.

KƏNAN
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.