Yol polisinin forması dəyişdi, xidmətin keyfiyyəti də dəyişəcək? - EKSPERT NƏ DÜŞÜNÜR...

Baxış sayı:
529

Elməddin Muradlı: “Polislərin iş rejimi ilə bağlı dəyişikliklər olmalıdır”

“Son illər polisə qarşı münasibət dəyişir”

Bir neçə gün öncə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına yeni formalar verilib. Artıq yollarda xidmət göstərəcək YPX əməkdaşlarını yeni formalarda görəcəyik. Maraqlıdır, formanın dəyişməsi polislərin işinin keyfiyyətinə də təsir göstərəcəkmi?

“Cəmiyyət olaraq hamının təfəkküründə dəyişiklik olmalıdır”

Yol Polisi İdarəsinin əməkdaşlarına yeni formaların verilməsi ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Hürriyyət”ə dedi ki, formaların, maşınların dəyişilməsi ümumi xidmətə təsir edən amillərdir: “O sahənin xidmətinin formasının bir az fərqli olmasıdır. Mən də baxdım, xoşuma gəldi, estetik cəhətdən yaxşıdır, amma ümumilikdə təfəkkür dəyişikliyindən söhbət gedirsə, bütün cəmiyyətin təfəkkürü dəyişilməlidir. Elə siz, mən qarışıq bütün cəmiyyət olaraq hamının təfəkküründə bir dəyişiklik olmalıdır ki, cəmiyyətdə bu problemlər aradan qalxsın. Mən deməzdim ki, sürücü münasibətləri ilə bağlı hər şey mükəmməldir, normaldır. Amma əvvəlki illərə baxanda müəyyən bir irəliləyiş əldə olunduğunu görə bilirik. Bu da nədən irəli gəlir? Hüquqlarını bilən sürücülər çoxalıb. Video reqistrator vasitəsilə çəkilişlər aparıb yayılması halları çoxalıb. Bu cür nəzarət mexanizmi olduğuna görə artıq görürsünüz ki, yol polisi əməkdaşları da özlərinə bir az fikir verirlər. Ancaq mən çox istərdim ki, polislə sürücülərin ünisyyət məsələsində müəyyən bir dəyişikliklər olmalıdır. Bu dəyişikliklər nədən ibarətdir? Yol polisi əməkdaşları xarici dil bilmək qabiliyyətlərini artırmalıdırlar, sürücülərlə ünsiyyətdə diqqətli olmalıdırlar. Bəzən biz onların sosial şəbəkələrdə yayılan videolara baxırıq. Mən onu ürəkağrısı ilə qarşılayıram. Nəyə görə? Sıradan bir sürücü gedir patrul xidməti haqqında təlimatı və yaxud da “Polis haqqında” qanunun, eləcə də “Yol hərəkəti haqqında” qanunun hansısa bir maddəsini əzbərləyir və o maddə ilə polisi çaşqın vəziyyətə sala bilir. Ürəkağrıdan məsələ budur ki, polis bəzən elə o sürücünün qarşısında aciz qalır, onu yola salır ki, çıx get. Ya da baxır görür ki, sürücü şər, böhtan adamdır, elə hər şeydən yazmağa meyllidir. Bu dəqiqə hər şeydən şikayət etməyə meylli olan sürücülər var. Qanunu pozub, amma şikayət etməkdə dili bir metrdir, imkanları genişdi. Yəni günhakar olsa belə, yazır. Bu gün elə sürücülər var ki, sürət həddini aşır, radara düşür. Yəni radar hansısa bir şəxsin iradəsi ilə işləmir, radar dövlət nəzarətindən keçir və fiziki bir vasitədir. Siz təsəvvür edin, radarın da göstərcisindən şikayət edən adamlar var ki, filan radar mənə qarşı qərəzlidir, ancaq məni çəkir. Hələ o adam oturub fikirləşmir ki, niyə səni çəkir? Yəqin sən nəsə edirsən ki, səni çəkir. Durduğu yerdə adamı radar çəkməz, axı. Bu cür düşüncədə olan insanlar var. Amma elə insanların qarşısında aciz qalan polis əməkdaşları da var ki, bu, bizi narahat edir”.

“12-13 saat işləyəndə insanlara qarşı aqressiv, əsəbi oluruq, onlar da elə”

E. Muradlı düşünür ki, polislə bağlı bu dəyişikliklər normaldır, yaxşıdır: “Amma gələcəkdə onların iş rejimi ilə bağlı da müəyyən dəyişikliklər olmalıdır. Polis 8 saatdan ibarət iş rejimində işləsə, bu konfliktlərin də heç bir baş veməz. 12-13 saat işləyəndə əlbəttə ki, siz də, mən də başımızda ağrılar baş verir, insanlara qarşı aqressiv, əsəbi, gərgin oluruq, onlar da elə. Onlar hər tip insanla, narkoman, sərxoş, ağıllı, dəli, qadın, kişi ilə rastlaşırlar. Bir də baxırsan maşını qayda pozuntusuna görə saxlayırsan, görürsən içindən atası, anası, nənəsi, babası, bacısı, qardaşı hamısı polisin üstünə düşür, indi gəl onlara cavab ver”.

“Polisin reputasiyası ilə bağlı yaxşı dəyişikliklər gedir”

“Qeyd etdiyim kimi, əvvəlki illərlə müqayisədə indi polisə qarşı münasibət daha yaxşıdır. İndi polis vətəndaşdan gizlənmir, bütün sosial şəbəkələrdə var. Daxili İşlər Nazirliyinin “Instagram”, “Facebook” səhifəsi, “Youtube” kanalı var. Hər yerdə onlara çatmaq imkanımız var, onları təndiqlər edə bilirik. Hətta onların paylaşdığı yaxşı materillar olur, ora tənqidlər yazılır, onu da qəbul edirlər, silmirlər. Baxırlar ki, münasibət necədirsə, qoy, elə də görünsün. Ancaq ümumilikdə son illər polisə qarşı münasibət dəyişir. Çünki polis özü də dəyişir. Əvvəl gördüyümüz o “yekəqarın”, kobud, küçədə aşkar rüşvər istəyən polislər indi artıq yoxdur. O dövr artıq geridə qaldı, o da bir mərhələ idi. Yəqin ki, bir çox ölkələr o mərhələni keçib, biz də onu keçdik. Amma bu gün cavan kadrlar seçilir, işə qəbul olunur. Öz bacarığı ilə imtahandan keçib yol polisi kimi xidmət edən uşaqlar var, hansı ki, görür nəsə xoşuna gəlməyəndə gedib ərizə yazıb işdən çıxır. Yəni kimsə onu məcbur edə bilməz. Gəlib işləyir, nəsə xoşuna gəlmir və yaxud başqa sahədə perspektiv görür, gedib ərizəsini yazır, çıxır. Bu gün Bakı Şəhər Yol Polisi İdarəsində öz bacarığı ilə işə qəbul olan nə qədər kadrlar var, amma 2 ildən sonra hansısa bir sahə üzrə biznes qurmaq istəyir, gedib ərizəsini yazır ki, mən özümü bu sahədə görmədim. Amma əvvəl belə deyildi, düşünürdülər ki, polis elə biznes sahəsidir. Əvvəl belə yanaşanlar da var idi ki, girim ora, görüm dolanışıq nətəhər olacaq, indi artıq elə deyil. Hər yerdə nəzarət, kameralar var. Onların özlərinin üstündə səsyazan cihazlar, kameralar var. Ona görə, ümumilikdə polisin reputasiyası ilə bağlı yaxşı dəyişikliklər gedir. Bu atılan yeni addımlar da müəyyən bir irəliləyişlərə, yeniliklərə gətirib çıxaracaq. Ümumiyyətlə, deyərdim ki, geyimin dəyişməsi nəsə ciddi bir dəyişiklik deyil. Sadəcə olaraq adi bir geyim formasıdır. Yadınızdadırsa, “Formula-1” yarışlarında onların jiletləri dəyişilmişdi. Əvvəl göy rəngdə jilet geyinirdilər. Bu jiletlər kommunal təsərrüfat işçilərinin geyim formasına oxşayırdı. Artıq o jileti bir neçə aydır ləğv ediblər, qara rəngə jiletdir, sol tərəfdə sinəsində DYP, arxada da sadəcə polis yazılıb. Bu, bir yenilik oldu. İndi də artı başqa bir geyim formasına keçiblər. Mən bunu gecə polis əməkdaşlarının geyməsini görməmişəm. Gecə polis əməkdaşları çox xidmət edir. Mən düşünürəm ki, o geyim formasının üzərində işıq qaytarıcılar normaldır ki, sürücülər onları görə bilsin”,-ekspert əlavə etdi.

Şamo EMİN