"Yol polisi dedi ki, axşam bazarıdır, hərəmizə 100 manat ver, çıx get” - ŞİKAYƏT

Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi döngə 1, mənzil 16-da yaşayan Nəsirov Rahim Ramiz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, 15 sentyabr 2017-ci ildə gecə təxminən saat 01:00 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon Bağırbəyli kənd əraisindən özünə məxsus Vaz-21011 markalı 21 BB 975 dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edən zaman yol polisləri qanunsuz olaraq onu saxlayıb: “Avtomobilimi əlimdən alıb naməlum istiqamətdə apardılar. Bu, açıq-aşkar quldurluq hərəkətləridir ki, Dövlət Yol Polisləri törədiblər.
Belə ki, Ucar rayonunun Qaracallı kəndində yaşayan qohumumgildən gələrkən, DYP-yə məxsu avtomobil məni saxladı. Mənə bildirdilər ki, sən avtomobili idarə edən zaman telefonla danışırdın. Bunun yalan olduğunu dedim, buna etiraz etdim və bunun çəkiliş kamerasında yoxlanılmasını xahiş etdim. Yol polisləri isə buna əməl etmədilər. Çünki yalan dediklərini bilirdilər. Bundan sonra mənə bildirdilər ki, spirtli içki qəbul etmisən. Mən bunun da yalan olduğunu bildirdim. Soruşdum ki, məndən nə istəyirsiniz, gah deyirsiniz ki, telefonla danışa-danışa avtomobil idarə edirsən, gah da deyirsiniz ki, sərxoş maşın idarə edirsən. Sonra yol polisləri məndən 200 manat pul istədilər. Dedilər ki, iki nəfərik, hərəmizə 100 manat ver, çıx get, axşam bazarıdır. Mən buna qəti etiraz etdiyim üçün avtomobili zorla əlimdən alıb naməlum istiqamətdə apardılar. Özüm isə gecə vaxtı yolda qaldım.
Mənə qarşı kobudluq etdilər, söyüş söydülər. Yol polislərinin bu quldurluq hərəkətləri barədə dərhal 102 xidmətinə zəng edib məlumat verdim. Qonaq getdiyim qohumlarım kənd payı, mer-meyvə vermişdilər ki, hamısı avtomobildə qaldı.
Sonradan öyrənə bildim ki, həmin DYP əməkdaşının birinin adı Fikrətdir.
Yol polislərinin bu quldurluq hərəkətləri mənə çox pis təsir göstərdi. Odur ki, mən mətbuat vasitəsi ilə DİN rəhbəri cənab Ramil Usubova və Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova müraciət edirəm. Xahiş edirəm ki, mənə qarşı quldurluq hərəkəti edib, istədikləri pulu vermədiyim üçün qanunsuz olaraq avtomobilimi əlimdən alımış DYP əməkdaşları barədə qanuna müvafiq tədbir görəsiniz”.


Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.