Yevlax rayonunun "qaraçılar məhəlləsi"ndə nə baş verir?

Baxış sayı:
4093

Yevlaxda "qaraçılar" kimi tanınan roman əhalisinin yaşadığı məhəllə koronavirusa görə karantinə alınıb, amma onların maddi ehtiyacları ödənməyib, rayon sakinləri BBC News Azərbaycancaya bildirib.

Daxili İşlər Nazirliyi bildirib ki, Yevlaxda koronavirusa yoluxanlar aşkar edilib ki, onlardan bəziləri də romanlardır, ona görə də onların yaşadığı məhəlləyə giriş-çıxış bağlanıb.

Məhəllə sakinləri isə karantində olduqlarından maddi ehtiyacla üzləşiblər və buna görə də mayın 18-də etiraz aksiyası keçiriblər, yerli sakinlər BBC News Azərbaycancaya deyib.

Yevlax şəhər İcra Hakimiyyəti isə rayon camaatına edilən yardımdan onlara da pay düşdüyünü bildirib.

Mayın 18-də Yevlaxda "qaraçı məhəlləsi" adlanan küçələrdən birində bir qrup karantində olan şəxs evdən buraxılmaları üçün polisə etiraz edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, "polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı cinayət işi qaldırılıb, istintaq-əməliyyat tədbirlər aparılır".

"Bu məhəllənin sakinlərinə maddi yardım edilməyib"

Yevlax sakini Mehman Kərimov BBC News Azərbaycancaya bildirib ki, romanların yaşadığı ərazi mayın 15-dən karantinə alınıb, üç gün sonra isə sakinlər etiraz ediblər.

O, BBC News Azərbaycancaya "bu küçənin sakinlərinə maddi yardım edilmədiyini" bildirir.

Yevlax İcra Hakimiyyətindən isə "bütün Yevlaxda ehtiyacı olan və müraciət etmiş hər bir kəsə kömək olunduğunu" deyiblər.

""Biz evdə ac-suzuzuq. Qaraçılar da bizi buraxmalısınız, deyiblər. Onda da polislə qarşıdurma yaranıb. Bu 190 manat ki, guya hökumət tərəfindən aztəminatlılara verilməli idi. Hamımız bilirik ki, çox adama imtina cavabı gəlib. Ədalətsiz şəkildə verilir, bilirik ki, bu, bütün ölkəboyu belədir. Onlarda da yəqin ki, eyni vəziyyətdir. Yəni, karantinə alınıblar, gəlin onlara yardım edək, belə bir hal yoxdur," - Mehman Kərimov deyir.

"Qaraçılar Yevlaxda bir neçə məhəllədə yaşayırlar. Aralarında imkanlı olanları da var, ancaq əksəriyyəti aztəminatlıdır," - Yevlax sakini bildirib.

"Giriş-çıxış məhdudlaşdırılıb"

DİN sözçüsü Ehsan Zahidov "Yevlaxda karantinə alınmış bir qrup şəxsin etirazı zamanı bir polis əməkdaşının başından daşla xəsarət aldığını deyib.

"Ayın 18-də qaraçı məhəlləsinin bir qrup sakini karantin rejiminə görə toplaşıb. Polis əməkdaşları onlarla izaedici söhbət apararkən kimsə kənardan atdığı daşla polis əməkdaşına xəsarət yetirib. Yevlax Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, hazırda onunla bağlı əməliyyat-istintaq tədbirləri aparılır".

Cənab Zahidov əlavə edib ki, "məhəllədə yaşayanlar arasında koronavirusa yoluxma sayı çox olduğu üçün ora giriş-çıxış məhdudlaşdırılıb.

"Ehtiyacı olanlara kömək olunub"

Yevlax Rayon İcra Hakimiyyətindən bildiriblər ki, əhaliyə yardım edilməməsi ilə bağlı "iddialar əsassızdır".

Qurum əməkdaşı Hümbət Əhmədov BBC News Azərbaycancaya "bu şəxslərin hansı icra hakimiyyətinə müraciət edibsə, yardım aldığını" deyib.

"Mən bu qrupa dəqiq nə yardım edildiyini bilmirəm, ancaq bütün rayon əhalisinə olduğu kimi onlara da yardım olunub".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən karantinə alınmış məhəllə sakinləri və onların durumları ilə bağlı "məlumatsız olduqlarını" bildiriblər.

"Karantinə alınıbsa, yük dövlətə düşür"

Hüquq müdafiəçisi, vəkil Əsabəli Mustafayev deyir ki, "karantinə alınan ərazidə bütün canlılar üçün yaşayışını davam etdirmək üçün dövlətin üzərinə öhdəlik düşür".

"Dövlət ordakı vəziyyyəti öyrənməlidir. Orada nə çatışmır? Bu, blokadadır və bu zaman nəyə ehtiyac yarana bilər. Bu öhdəliyi yerinə yetirmirsə və orada fövqəladə hadisə baş verirsə, burada artıq hökumət nümayəndələri məsuliyyət daşıyır".

Vəkil deyir ki, uzadan gətirilməli olan istənilən ərzaq və ya suyun xərcini dövlət çəkməli, üstəlik bu ərazidə həmin məhsullar əhaliyə daha güzəştlərlə satılmalıdır.

"Buna əməl olunmayıbsa, bunun araşdırılması başlanmalı, hökumət nümayəndələrindən kimin təqsiri varsa, həmin şəxslər mütləq müəyyən edilib, məsuliyyətə cəlb olunmalıdırlar. Gedişat belə göstərir ki, bu cür hadisələrin gələcəkdə də təkrarlanması gözləntiləri var və bu hamıya dərs olmalıdır. Buraxılan səhvlərdən örnək götürüb, çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər görmək lazımdır. Hökumət bundan dərs almalıdır. Mən hesab edirəm ki, bu məsələdə hökumət nümayəndələri təqsirkardır".

Azərbaycanda fevralın 28-də ilk koronavirus xəstəsi qeydə alınandan sonra ölkədə tətbiq edilən karantin rejimi daha sonra yumşaldılıb, ölkənin bəzi yerlərində, o cümlədən Yevlaxda karantin ləğv edilib.

Hökumət karantinə görə işini dayandırmaq məcburiyyətində olan aztəminatlı ailələrə iki ay dalbadal 190 manatlıq birdəfəlik yardım edib.

Amma bəzi imkansız ailələr müxtəlif imtina səbəbləri ilə bu yardımdan yararlana bilməyiblər./BBC