"Yerli şou-biznesdə çoxları şöhrət və asan pul qazanmaq dalınca gedir" - GƏNC MÜĞƏNNİ

Baxış sayı:
484

"Yerli şou-biznesdə çoxları şöhrət və asan pul qazanma dalınca gedir, bir-birini təkrarlayır, tamaşaçı və dinləyicini bir sürrealist zülmətə salırlar". 

Muxalifet.az bildirir ki, bu fikirləri oxu.az-a müsahibəsində gənc azərbaycanlı müğənni, "Səs Azərbaycan" televiziya layihəsinin birinci və yeganə mövsümünün ulduzu Nərmin Kərimbəyova deyib. 

- Səni "Səs Azərbaycan" layihəsindən sonra tanıdılar. Yerli KİV-lərə bir neçə dəfə müsahibə vermisən, müxtəlif layihələrdən, yaradıcılığından danışmısan, ancaq heç yerdə şəxsi həyatınla bağlı məlumat yoxdur. Özün haqqında danış, uşaqlıqdan başlayaq.

- Uşaqlığımı səmimiyyətlə xatırlayıram, çətin vaxtlar olmasına və tez-tez işıqların sönməsinə baxmayaraq, neft lampasının işıqları altında babamla müxtəlif oyunlar oynayırdım. Onunla həmişə maraqlı olurdu. O, hərtərəfli istedadlı insan idi. Professor Nəcəfov Əbülfəz Yusif oğlu Dünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər üzrə Azərbaycandan olan ilk eksperti idi. 

Son dediyimi biz onun ölümündən sonra bildik. Ciddi insan, əsl ziyalı idi. Səhiyyə sistemində müxtəlif vəzifələr tutub, ömrünün son 20 ilində universitetdə müəllimlik edib və hər gün evdə elmi əsərlər yazıb.

Bununla yanaşı, yaxşı rəsm çəkir, rəqs edir, riyaziyyatı isə mükəmməl bilirdi. Çox səbirli insan idi. Uşaqlıqda mənim yaradıcılığımın üzə çıxmasında böyük rolu olub, səhnədə nə geyinəcəyimi belə babamdan soruşurdum. 

Mən və qardaşımın şəxsiyyətinin formalaşmasında onun çox böyük rolu var. Valideynlərim həkimdirlər, çox iş görüb yorulmalarına baxmayaraq, bizimlə vaxt keçirmək üçün çox şey edirdilər. Bazar günü ailəlikcə ya bağ evinə, ya da qohumların və dostların evlərinə gedirdik. 80-cı illərin sonu, 90-cı illərin əvvəllərini işıqlı adlandırmaq olmaz, ancaq biz dostluq etməyi və xırda şeyə belə sevinməyi bacarırdıq. 

Valideynlərlə hər gəzinti bayram idi. Bu gün uşaqları az şeylərlə heyrətləndirmək olar, çünki həyatın ritmi fərqlidir. Uşaqlıq xatirələrini tez-tez yada salıb, o dövrlərə qayıtmaq istəyirəm. 

Bütün qonşular bilirdi ki, mən oxuyuram (gülür). Mənim daxilimdə musiqi kənardan eşitdiyim səslərdən daha ucadan gəlirdi. O, mənim dərslərə fikrimi cəmləməyimə, ev tapşırığını etməyimə mane olurdu, ona görə həmişə özümə üstün gəlməli olurdum. Nəticədə, məktəbdə əlaçı oldum. Ancaq bu, mənim üçün çətin oldu. 

- Və siz gözəl, gənc qız oldunuz. Sizi hər yerdə müşayiət edən həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımla uşaqlıqda tanış olmuşam. Təsadüfən. Valideynlərin görüşü zamanı. Bu görüş bizim ikimizdə də dərin izlər buraxdı və altı illik müddətdən sonra biz ortaq dostlarımızın doğum günündə yenidən qarşılaşdıq və başa düşdük ki, ayrılmaq istəmirik. O vaxtdan bir yerdəyik. 

Həyat yoldaşımla ilk dəfə tanış olanda 13 yaşım vardı. Onda təəssürat yaratmaq qərarına gəldim. Yadıma gəlir ki, o zaman mən Miray Kerinin "I can't live" mahnısını oxudum. O, şoka düşmüşdü, gözləmirdi (gülür).

Beləliklə, o, mənim fanatım oldu. Bəli, biz hər yerdə bir yerdəyik, ümid edirəm ki, həmişə belə olacağıq. Biz həyatın çətin mərhələlərini keçmişik. 

- "Şou-biznesə yol yataqdan keçir". Yəqin ki, siz də bu fikri eşitmisiniz...

- Sözsüz ki, şou-biznes çox çirklidir. Hətta o qədər çirklənib ki, mən özümə daxilimdə divar hörmüşəm ki, heç nə və heç kim mənə sevimli işimi görməyə mane ola bilməsin. Həyat yoldaşım da fikirlərimlə razıdır. 

- Sizin uşaqlıq və gənclik illərindən danışdıqlarınızdan belə görünür ki, maneə və əngəl dolu yolları keçmisiniz. Həyatınızın ən çətin günü hansı olub?

- Qətiyyət və məqsədyönlülüyümə baxmayaraq, çox həssas adamam. Məni mənə qarşı olmasa belə, sərt ədalətsizlik yaralaya bilər, yaxın adamımın itkisini heç bir acı ilə müqayisə etmək olmaz. 

Atam üçün darıxıram. Çox vaxt onu fikirləşirəm. Dünyada çoxlu acılar var ki, zamanla keçir. Ancaq müharibələri, qan tökülməsini, uşaqların yetim qalmasını gördükdən sonra optimist olmaq çox çətindir. 

- Həyat yoldaşınız barədə söhbətə qayıdaq. Sizin üçün ailə dəyərləri nə deməkdir və xəyanəti bağışlayardınızmı?

- Cütlüklərin münasibətlərinin müxtəlif formaları var. Onlar özləri qərar verirlər. Mən vicdanlı münasibətin tərəfdarıyam, xəyanətə isə mənfi yanaşıram. 

Başqasının çirkli paltarını geyinmək mənim üçün deyil. Başqasının həyatını müzakirə etməyi sevmirəm. Hesab edirəm ki, əgər insanlara azad münasibət lazımdırsa, bu, onların şəxsi işidir və nikah bağlamağın mənası yoxdur. Nikah məsuliyyətdir, çünki nikaha daxil olan zaman nəyə getdiyini anlamalısan. 

- Sizin idealınız kimdir? Fikrinizcə, Azərbaycanda ən yaxşı kimdir?

- Musiqi sahəsində Azərbaycanda kimisə ayırd etmək çətindir. Bugünkü səhnəmizdə və dünya səhnəsində idealım yoxdur. Bizdə istedadlı insanlar çoxdur.

Mən özümü dünyadakı müxtəlif nəsillərlə əlaqələndirirəm, özümdə sevdiyim sənətkarların kollektiv bir görünüşünü görürəm və kiçik addımlarda özümü bir sənətkar kimi qurmağa gedirəm, ancaq bu, əslində, asan deyil. Əgər ruh yüksəkliyi və optimizm kifayət edərsə, nəticədə, hər şey alınacaq. Çox işləmək və özünə inanmaq lazımdır. 

- Yeni albomlar, konsertlər və ya mahnılardan nələri gözləyək? 

- Mənim yaradıcılıqla bağlı istək və arzular çoxdur, lakin onların çoxu reallıqla bağlıdır. Mən ilk növbədə dinləyicilərimi gözəl mahnılarla sevindirmək istəyirəm. İl ərzində bir neçə mahnı buraxıram ki, hər dəfə potensialımı müxtəlif istiqamətlərdən göstərim. 

Bir müddət öncə bəstəkar Aygün Səmədzadənin "Bakı küləyi" mahnısını təqdim etmişik. Bu mahnını çox sevimli sənətkarımız Eyyub Yaqubov da səsləndirib. Vüqar Camalzadə ilə birlikdə tamamilə fərqli, estradaya uyğun şəkildə ifa etmişəm.

Qısa müddət ərzində mahnı çoxları tərəfindən bəyənildi. İndi yeni mahnılar üzərində işləyirəm, əvvəlcədən danışmaq istəmirəm, ancaq yeni gözəl mahnılar vəd edirəm. 

- Şou-biznesdə yenicə ifaya başlayan qızlara nə məsləhət görərdiniz?

- Yerli şou-biznesdə çoxları şöhrət və asan pul qazanmaq dalınca gedir, bir-birini təkrarlayır, tamaşaçı və dinləyicini bir sürrealist zülmətə salırlar. Onlar ya bunu bilərəkdən edir, ya da bayağı gözləntilərə uyurlar. Həqiqi şou çoxlu əmək və istedad tələb edir, indi biz bunları görmürük. 

Şəxsən mən səhnəyə istedadımı göstərməyə, nəsə yaratmağa gəlmişəm. Ona görə mənim yolum tikanlıdır, ancaq məhz o, məni məqsədimə çatdıra bilər. 

- Siz süni yaradılmış fiziki gözəlliyə necə baxırsınız? Söhbət "yekədodaq ifaçılardan" gedir...

- Gözəllik kifayət qədər ehtiyatlı mövzudur. Deyə bilmərəm ki, əməliyyat vasitəsilə gözəllik əldə edənləri qınayıram, burada əsas olan həddi aşmamaqdır. 

Xarici görünüşlə bağlı ciddi problemlər varsa, onda bu problemləri həll etmək lazımdır. Ancaq kütləvi fikirlərə uymaq da pisdir. Özünü sevmək lazımdır. Gözəllik standartlarının arxasınca getməklə onlar özlərini bir-biriərinə oxşadırlar, bu isə yaxşı görünmür. 

- Ermənilər bizim mahnıları oxuyur. Onlar son illər onlarla Azərbaycan mahnısını özününküləşdiriblər...

- Düz deyirsiniz, ermənilər fəal şəkildə bizim mahnılara qulaq asır, onları özününküləşdirirlər. Bu, iyrəncdir. Ancaq biz erməni əsilli bəstəkara müraciət edənləri, hətta budan xəbərsiz olsa belə, çarmıxa çəkməyə hazırıq. 

Paradoksal vəziyyətdir və iki bir-birindən fərqlənən mövqedir. Sual budur: burada kim qazanır? Etiraf etməliyəm ki, heç vaxt erməni estradası ilə maraqlanmamışam və indi də maraqlanmıram. Sizə isə arzu edərdim ki, bir-birinizi əzməyəsiniz, əksinə, bir-birinizin uğuruna sevinəsiniz, dəstəkləyəsiniz. 

- Qısa müddət ərzində gözəl qamətli olmağı necə bacarmısınız? Arıqlamağınızın hansısa sirri var?

- Mən doğuşdan sonra kökəlmişdim. Həkimlərin nəzarəti altında yeməyimi tənzimlədim və nəticədə, formaya qayıtdım. Doğrudur, elə dövr vardı ki, həmin vaxtkı qamət məni daha çox qane edirdi, ancaq indi formamdan razıyam. 

- Sizin yaradıcılığınızla tanış olanda təsadüfən vətənpərvərlik mövzusunda olan yeni klipinizlə qarşılaşdım - tanklar, helikopterlər, hərbi gəmilər arasında qız. Onun haqqında danışın. 

- "Qələbənin yolları" mahnısına qulaq asanda və klipini izləyəndə etiraf etməliyəm ki, mənim nəfəsim kəsilir. Bu iş mənim çox xoşuma gəlir. Hesab edirəm ki, bu iş alındı: klip də, mahnı da, obraz da. Bunu bacardıq.  

Klipin çəkilişinə üç tam gün getdi, səhər 06:00-dan gün batana kimi çəkilişlər gedirdi. Çəkilişlər daha çox təlimlər keçirildiyi ərazilərdə aparılırdı. 

Çəkilişlər zamanı çoxlu çətinliklərimiz oldu. Güclü külək, toz bizə çətinliklər törədirdi. Çəkilişdə əsgərlər maşınlara qaçdığı zaman mən dayanmamalı idim, mahnını oxumağı davam etdirməli idim. Bəxtim gətirdi ki, toqquşma olmadı, ancaq çox qorxulu idi (gülür). 

Ümumilikdə bu üç gün mənim və çəkiliş qrupu üçün unudulmaz oldu. Ülviyyə Könüllə birlikdə ölkəmizin hərbi gücünün bir hissəsini gördük. Bu, məndə unudulmaz xatirə yaratdı.