İş yerindən arayışı olanlar paytaxta qayıda bilər - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1903

Mayın 31-nə qədər Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda karantin rejiminin uzadılması, qalan bütün əyalətlərə sərbəstlik verilməsi insanlarda gediş-gəlişlə bağlı çoxlu suallar yaradıb.

İnsanlar rayonlardan paytaxta gediş-dönüş olub-olmadığını, rayonlararası hərəkətdə hansı məhdudiyyətlər qaldığını soruşurlar.

Xüsusən də Novruz bayramında rayona gedib Bakıdakı işinə qayıda bilməyənləri maraqlandırır ki, onlar paytaxta necə gəlsinlər.

Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Yeni Müsavat”a bildirib ki, Bakıdan rayonlara, bölgələrdən də paytaxta gediş-gəliş qadağası qüvvədə qalır.

Lakin onun sözlərinə görə, əməkdaşı olduqları qurumun vəsiqəsi və işə çağırılması barədə iş yerindən arayışla rahat şəkildə Bakıya gələ bilərlər: “Rəhbərlik imza və möhürlü arayış verir ki, bu şəxs bizim əməkdaşdır və işə çağırılır. Dövlət qurumlarında yox, özəl işlərdə çalışanlar isə Bakıya işləməyə qayıtmalıdırsa, icaze.gov.az-da qeydiyyatdan keçməlidir. Həmin şəxslə bağlı da arayış verilə bilər ki, hansısa ünvanda gözəllik salonu, bərbərxana, fərdi tədris mərkəzi və s. yerdə çalışır”.

Bundan əlavə, adıçəkilən 5 şəhər istisna olmaqla, qalan rayonlarda karantin ləğv edilib deyə hər kəs şəxsi avtomobili ilə sərbəst hərəkət edə bilər. Yəni Şamaxı sakini Zaqatalaya, Yardımlı sakini Astaraya, Tovuz sakini Qazağa və s. bölgələrə icazəsiz hərəkət edə bilər.

Amma işə qayıtmaq icazəsi olmayanlar, icaze.gov.az-da qeydiyyatdan keçməyənlər rayonlardan Bakıya qayıda bilməzlər.

Bildirilir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yoluxma sayı çoxdur və bu rayonlardan gediş-gəliş qadağandır.

Yeri gəlmişkən, ölkənin baş infeksionisti Cəlal İsayev mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərarın ləğvini istisna etməyib.

Onun sözlərinə görə, həmin tarixdən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə edilə bilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi,  polis polkovniki Vaqif Əsədov olke.az-a deyib ki,  respublika ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasına girişlərdə yaradılan yoxlama keçid postlarında insanların ən ağlasığmaz formalarda qayda pozuntuları aşkarlanıb.

“Yükdaşıyan nəqliyyat vasitələrində, təcili tibbi yardım maşınında xəstə adı altında, avtomobilin yük yerində, postlardan kənar piyada və ya gizlin çöl yolları  və sair bu kimi qayda pozuntuları aşkar edilərək, qarşısı alınıb.

Xeyli belə faktlar aşkarlanıb. Onu deyə bilərəm ki, karantin rejimini pozanlara qarşı  47 min inzibati protokol tərtib olunub. Ciddi qayda pozuntularına yol verənlər həbs edilib"  - V.Əsədov bildirib.