​YERİN ALTINI DA, ÜSTÜNÜ DƏ BİLƏN REKTOR!

Və yaxud BDU-dakı həqiqətlərin üzə çıxması kimləri narahat edib?

“Hürriyyət”də dərc olunan “BDU məzununun xatirələri” sərlövhəli yazımın geniş rezonansa səbəb olacağını düşünməzdim. Ən azı ona görə ki, bu yazıda sensasiya doğuracaq heç bir informasiya və fikir yox idi. Mən həmin məqalə ilə sadəcə Azərbaycan təhsilinin mövcud durumunu göz önünə sərməyə çalışmışdım. Hansı ki, bu haqda da böyükdən-kiçiyə hər bir Azərbaycan vətəndaşının az-çox məlumatı var. Çünki təhsil problemi artıq evlərimizə də ayaq açıb, hər bir ailədə gündəlik müzakirə mövzusuna çevrilib. 
Şübhəsiz, mənim yazımın rezonansa səbəb olması heç də təhsil problemlərini işıqlandırmağımla bağlı deyildi. Sadəcə, burada daha çox Azərbaycan təhsilinin lokomotivi hesab olunan Bakı Dövlət Universitetindəki (BDU) bəzi neqativlərin açıqlanması kimlərisə narahat edib. Kimlərisə - deyəndə, sözsüz ki, başda BDU-nun rektoru Abel Məhərrəmov nəzərdə tutulur. 
Xatırladaq ki, sözügedən yazıda hansı çətinliklər hesabına BDU-nun “Hüquq” fakultəsinin məzunu olduğumla bağlı oxuculara məlumat vermişdim. Qeyd etmişdim ki, həmin fakultənin əksər məzunlarından fərqli olaraq, mən bu diplomu semestr ərzində cəmi bir dəfə BDU-ya ayaq basmaqla deyil, böyük əzab-əziyyətlə, gecə-gündüz oxumaqla əldə etmişdim. “Lakin həmin diplom universiteti bitirdiyim gün qoyduğum çəkməcədə qalmaqdadır. Halbuki, mən o diplom uğrunda mücadilə apararkən böyük xəyallar qururdum. Həmin vaxt düşünə də bilməzdim ki, BDU-nun “Hüquq” fakultəsinin diplomu mənim evimdə toz basacaq, “yararsız” sənəddən başqa bir şey olmayacaq” – deyə vurğulamışdım.
Daha sonra isə övladlarını xaricdə oxutdurmaq üçün böyük əziyyətlər çəkən valideynlərə haqq qazandıraraq yazmışdım ki, bizdən fərqlı olaraq o ölkələrdə dipolamları mənzildə saxlamaq üçün əldə etmirlər...
Haşiyə çıxım ki, BDU-nu bitirdiyimdən illər keçsə də, heç vaxt öz xatirələrimi qələmə almağı düşünməmişdim. Lakin bu yaxınlarda “Hürriyyət”də işıq üzü görən “Yerin altını da, üstünü də bilən insan!” sərlövhəli yazı məni bu haqda yazmağa vadar etdi. Qeyd edim ki, həmin yazıda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun Bakı Metropoliteninin keçmiş sədri, hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri olan Tağı Əhmədovla dostluğundan bəhs edilirdi. Müəllif yazırdı ki, BDU-da Məmməd Əmin Rəsulzadə ilə bağlı keçirilən bütün tədbirlərin xərcini T.Əhmədov öz üzərinə götürürmüş: “Bu haqda məlumat verən mənbənin sözlərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov da Tağı Əhmədovun bu xidmətlərini hər zaman yüksək dəyərləndirib. Məsələn, BDU-da T.Əhmədovun iştirakı ilə keçirilən bütün tədbirlərdə, eləcə də universitetin VİP zalında rektorun adından təşkil olunan qonaqlıqlarda A.Məhərrəmov hər dəfə T.Əhmədovu “yerin altını da, üstünü də bilən adam” kimi təqdim edərək, şərəfinə sağlıqlar deyib”. Yazıda Abell Məhərrəmovla Tağı Əhmədovun əlaqələrinin elə indi də yüksək səviyyədə olduğu və BDU-nun rektorunun “yerin altını da, üstünü də bilən adam”la dostluq münasibətində qaldığı da bildirilirdi.
Dəyərli oxucuların diqqətinə çatdırım ki, BDU-da oxuduğüm illərdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qatıldığı tədbirlərdə Abel müəllimin onun ünvavnına “yerin altını da, üstünü də bilən adam” fikrini səsləndirməsi haqda eşitmişdim. Hətta, bu səbəbdən, bəzi tələbə yoldaşlarım öz aralarında Abel Məhərrəmovun özünü “yerin altını da, üstünü də bilən rektor” kimi təqdim edirdilər. Odur ki, “Hürriyyət”də dərc olunan “Yerin altını da, üstünü də bilən insan!” yazısı mənim diqqətimiz çəkməyə bilməzdi...
O ki qaldı mənim tələbəlik xatirələrimi qələmə almağımın BDU-da narahatlıqla qarşılanmasına, əldə etdiyim məlumata görə, həmin yazıdan sonra Abel müəllim müəllifin (E.Şahinoğlu) kimliyini araşdırmaq haqda tapşırıq verib. Rektor deyib ki, BDU-ya rəhbərlik etdiyi dönəmdə “Hüquq” fakultəsini bitirən, atasının adı Şahin, adı “E” hərfi ilə başlayan bütün məzunların siyahısı ona təqdim olunsun. Doğrusu, belə bir siyashının Abel müəllimə təqdim olunub-olunmadığı haqda heç bir informasiyam yoxdur, amma öyrəndim ki, rektor BDU-nun hansı müəllimlərinin mənimlə dost olduğunu araşdırır. Çünki ötən yazımda “P.S.” olaraq belə bir fikir bildirmişdim: “BDU-da çalışan müəllim dostlarımdan öyrəndim ki, Abel müəllim Bakı Dövlət Universitetinin 100 illik yubileyinə indidən ciddi hazırlıq görür. Deyirlər ki, rektorun ən böyük arzusu 3 il sonra - 2019-cu ildə baş tutacaq bu tədbiri keçirməkdir. Əlbəttə, 3 il elə də böyük zaman deyil, nəzərə alsaq ki, A.Məhərrəmov bu vəzifədə 1999-cu ildən fəaliyyət göstərir, yəqin 2019-da da öz vəzifəsinin başında olar. Amma məni düşündürən başqa sualdır. Axı, biz təhsilin indiki səviyyəsi ilə BDU-nun 100 illiyində hansı “inkişaf”dan danışa bilərik?”.
Açığı, mənim üçün təəccüblü oldu ki, Abel Məhərrəmov hansısa müəllimin keçmiş tələbəsi ilə dostluğundan nə üçün bu qədər narahatdır?! Məgər, BDU-da çalışan bütün müəllimlər ancaq rektora sayqı ilə yanaşan, yeri gələndə ona təzim edən insanlarla dost ola bilər?! Və yaxud, hörmətli Abel müəllim nə üçün haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinə, həmin tənqidi söyləyənlərə qarşı savaş açır?! 
Bu və digər sulların cavabını A.Məhərrəmovun ixtiyarına buraxaraq, BDU-da çalışan müəllim dostlarımdan birinin “Hürriyyət”də dərc olunan yazıdan sonra mənə zəng açaraq öz iradını bildirməsi haqda açıqlama verim. Müəllim dostum deyir ki, guya, BDU-nun “Hüquq” fakultəsində oxuduğum illərdə semestr ərzində cəmi 1 dəfə, o da imtahan vaxtları, universitetə ayaq basan əksər “tələbə yoldaşlarım” kimi, mənə də bir çox güzəştlər (?) edilib. Tələbəlik illərində Abel Məhərrəmovun yaxın qohumu, BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil Məhərrəmovla yaxın əlaqələrimin olduğunu xatırladan müəllim dostum bu fikirdədir ki, hansısa problemlərimin həllində onun dəstəyindən istifadə etmişəm. Əslində isə...
Etiraf edim ki, BDU-da oxuduğum illərdə həqiqətən də Amil Məhərrəmovla yaxşı münasibətlərim olub. Lakin heç bir zaman hansısa problemlə bağlı ona müraciət etməmişəm. Çünki, mən bütün problemləri öz biliyimin gücünə həll etməyə üstünlük vermişəm və bunu bütün müəllimlərim də təsdiq edə bilər. Əlbəttə, bəzi hallarda dərs buraxdığım üçün günlərlə rektorun qəbuluna düşməyə cəhd etmişəm. Amma heç bir vaxt hansısa məsələ ilə bağlı Amil Məhərrəmovun “himayəsinə” sığınmamışam. Halbuki, o, mənim istənilən problemimi həll etməyə hər zaman hazır olub. Nə üçün? Bu suala cavab verməzdən öncə, Amil Məhərrəmovla tanışlığıma aydınlıq gətirim...
2012-ci ilin mart ayının 7-si idi. Təyyarə ilə Bakıdan Moskvaya uçurdum. Göyərtədə BDU-da tez-tez gördüyüm professor Amil Məhərrəmovla yanaşı oturmalı olduq. Tanışlıq verdim, BDU-nun “Hüquq” fakultəsinin tələbəsi olduğumu bildirdim. O, haraya və nə məqsədlə getdiyimi soruşdu və qısa zaman sonra aramızda səmimi münasibət yarandı. Bakıdan Moskvaya qədər maraqlı söhbətlər etdik. 
Qeyd edim ki, Bakı Dövlət Universitetində dekan müavini vəzifəsində çalışan Amil Məhərrəmovun rektorun yaxın qohumu olduğu bildirilirdi. Hətta tələbələr deyirdi ki, o, qohumu Abel Məhərrəmovun biznes şəbəkəsinə rəhbərlik edir. Belə söylənilirdi ki, rektorun bir neçə şadlıq evi, restoranları və müxtəlif ticarət obyektləri var. Mən isə bu söz-söhbətlərə əhəmiyyət verməyərək düşünürdüm ki, bəlkə “Məhərrəmov” soyadları eyni olduğundan belə informasiya yayılıb. Lakin Moskvada təyyarədən enəndə qarşılaşdığım mənzərə deyilənlərin həqiqət olduğunu ortaya qoydu.
Belə ki, professor Amil Məhərrəmov ilə birgə təyyarədən enib əşyalarımızı götürdükdən sonra, o, mənimlə tez-tələsik sağollaşdı. Dedi ki, gözlədiyi adam var. Mən ondan bir az aralandıqdan sonra təsadüf nəticəsində geriyə baxaraq gördüm ki, BDU-nun rektoru Abel Məhərrəmov da bizim gəldiyimiz təyyarədən düşür. Bu zaman məlum oldu ki, yanında tanımadığım bir NƏFƏR olan Abel müəllim təyyarənin VİP salonunda olub. Əslində, həmin vaxt Amil Məhərrəmovun tez-tələsik mənimlə sağollaşmasının səbəbi də bəlli oldu: o, Abel müəllimi həmin ŞƏXSlə birgə görməmi istəmirdi. Lakin mən nəinki onları birgə görmüşdüm, hətta...
Təbii ki, bundan Amil Məhərrəmovun xəbəri yox idi. Amma o, mənim rektorla həmin ŞƏXSi birgə görmədiyimdən də tam əmin deyildi. Odur ki, həmin tanışlıqdan sonra BDU-da hər dəfə onunla rastlaşdığımız zaman, bir problem olduqda ona müraciət etməyimi söyləyirdi. Lakin, yuxarda qeyd etdiyim kimi, heç vaxt hansısa məsələ ilə bağlı ona müraciət etmədim...
...Bir gün tələbələrlə dərsdən çıxarkən universitetin həyətində bahalı “Range rover” avtomobilinin sükanı arxasınan düşən bir NƏFƏR diqqətimi çəkdi. Onu hardasa görmüşdüm. Bir xeyli düşünsəm də, yaddaşımda iz buraxan bu ŞƏXSİ nə vaxt və harda gördüyümü xatırlamırdım. Ona diqqətlə baxdığımı görən tələbə yoldaşlarımdan biri “...nə çox baxdın?!” deyə kinayə ilə güldü. Daha sonra həmin ŞƏXSİN BDU rektoru ilə gizli əlaqələrindən danışdı... Bəli, artıq onu harada gördüyümü xatırlamışdım. Mən onunla Moskva aeroportunda qarşılaşmışdım...

E.ŞAHİNOĞLU, Hurriyyet.org