Yeni Zelandiyada hər kəs məsciddə terrorçunun qarşısını kəsən Əzizdən danışır

Baxış sayı:
2572

Yeni Zelandiyada və onun hüdudlarından kənarda hər kəs Kraystçörç məscidində terrorçunun qarşısını kəsən şəxsin qəhrəmanlığından danışır.
 
Qeyd edək ki, Əfqanıstandan gəlmiş Əbdül Əziz adlı şəxs hücum zamanı Linvud məscidində olub. Buna qədər terrorçu digər məsciddə artıq onlarla insan güllələmişdi.
 
Hadisə barədə danışan 48 yaşlı Ə.Əziz bildirib ki, atəş səslərini eşitdikdən sonra o, məsciddən çıxıb və burada hərbi geyimli bir şəxslə qarşılaşıb. Onlar üz-üzə gələndə həmin şəxs Ə.Əzizi söyüb.
 
Bu şəxs atəş açmağa başlayanda isə Ə.Əziz kredit kartları terminalını ona tərəf atıb və yaxınlıqdakı avtomobillərin arasına sığınıb. Sonra atəş açan şəxsin diqqətini cəlb etmək üçün "Bura gəl", - deyə qışqırmağa başlayıb və bununla ibadət edənləri qorumağa çalışıb. Atəş açan şəxsin yerə atdığı silahı götürərək ona müqavimət göstərməyə başlayanda isə o, avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşıb.
 
Verilən məlumata görə, atışma başlayanda məsciddə 100-dək dindar olub./Azərtac