Yeni Zelandiya məscidlərinə hücumdan sonrakı davranışıyla təqdir qazanan baş nazir

Baxış sayı:
4591

"Jacinda Ardern bütün dünyaya həqiqi liderlik, həmrəylik, sevgi və güclü şəxsiyyət nümunəsi göstərdi".
 
Britaniyanın "Guardian" qəzetində dərc edilmiş bir xəbər bu cümləylə başlayır. Martın 15-ində Yeni Zelandiyanın Christchurch şəhərindəki iki məscidə 50 nəfərin ölümüylə nəticələnmiş hücumdan sonra dünyanın bir çox yerində mətbuat və sosial mediada məhz bu fikir hakim idi.
Yeni Zelandiyanın baş naziri, Əmək Partiyasının lideri 38 yaşlı Jacinda Ardern ölkəsinin yaxın tarixindəki ən böyük hücuma reaksiyasıyla dünya miqyasında təqdir qazanıb.
Jacinda Ardernin şəxsi həyatı və siyasi keçmişindən bəzi faktlar:
Tam adı Jacinda Kate Laurell Ardern olan baş nazir partnyoru, televiziya aparıcısı Clarke Gayford, qızı və pişiyi ilə birlikdə yaşayır.
Aqnostikdir. Mormonlar arasında böyüsə də, homoseksualizmə mənfi münasibətinə görə kilsədən ayrılıb.
17 yaşında Əmək Partiyasına üzvü olub
Jacinda Ardern Əmək Partiyasına 17 yaşında üzv olub. İngiltərədə 1997-ci ildə baş nazir seçilmiş Tony Blair-in və 2008-ci ildə Yeni Zelandiyanın baş naziri seçilmiş Helen Clark-ın komandasında yer alıb.
Pulsuz təhsil, abort qadağasının aradan qaldırılması və uşaqlar arasında yoxsulluğun ləğvi istiqamətlərində fəaliyyət göstərib. Özünü "sosial demokrat və tərəqqiçi" kimi təqdim edir.
2017-ci ildəki baş nazirlik yarışında Ardern tez-tez Kanadanın baş naziri Justin Trudeau və Fransa prezidenti Emmanuel Macron-la müqayisə edilirdi. Hər üçünün tərəqqiçi, iddialı və gənc olması vurğulanırdı.
Seçildiyi dönəmdə o qədər populyarıydı ki, bəzi təhlilçilər boş vaxtlarında DJ-lik etməyi sevən Ardernin bu maraqlı portretinin siyasi baxımdan qeyri-adekvat olacağından narahatlıq ifadə etməyə başlamışdılar.
2014-cü ildəki Auckland Laneway musiqi festivalında DJ-lik edərkən
 
Vəzifədəykən uşaq doğan baş nazir
 
Pakistanın keçmiş baş naziri Benazir Bhuttodan sonra vəzifədəykən (keçən yazda) uşaq doğmuş ikinci baş nazir olan Ardern 6 həftəlik analıq məzuniyyətindən istifadə edib.
Kiçik qzı ilə BMT Baş Assambleyasının toplantısına qatılan gənc baş nazir qısa zaman içində Amerika televiziyalarının populyar qonaqlarından biri olmuşdu.
Ardnerin doğumdan sonra baş nazir fəaliyyətini davam etdirmək üsulları dünyanın bir çox yerində qadınların siyasətdəki yeriylə bağlı mübahisələri qızışdırmışdı.
Dünyanın dörd bir yanından tərif yağır
Son hadisələr zamanı nümayiş etdirdiyi davranış Ardernə mübahisəsiz olaraq "kritik anda doğru işlər görən" dünya lideri statusu qazandırdı.
"Guardian" qəzetinin müəllifi Suzanne Moore onu bu sözlərlə tərif etdi:
"Martin Luther King demişdi ki, həqiqi liderlər uzlaşma axtarmırlar, özləri uzlaşma yaradırlar. Şəfqəti və birləşdiriciliyi ilə hər kəsə nümunə göstərən Ardern də uzlaşma yaratdı. Terror fərqlilikləri görür və onları yox etmək istəyir. Ardern də fərqlilikləri görür, amma onlara sayğı göstərir, onları qucaqlayır və aralarında əlaqə yaradır".
"Ardern xalqının kədəri, yası və qərarlılığının simvolu halına gəldi" - Amerikanın "Washington Post" qəzetinin müəlliflərindən Ishaan Tharoor onun haqqında belə yazıb. Avstraliyanın ABC saytındakı bir şərhdə isə "Bir liderin üz-üzə qala biləcəyi ən sərt şərtlərdə Ardern heç bir səhvə yol vermədi" fikri yer alıb.
"Hamımız eyniyik, onlar bizdəndirlər"
Təkcə media şərhçiləri deyil, dünya liderləri də Ardern haqqında oxşar fikirlər söyləyiblər.
Pakistanın xarici işlər naziri Muhammed Faysal bildirib ki, Ardern pakistanlıların könlünü qazandı, ABŞ-dakı Martin Luther King Mərkəzinin sosial media hesabında "Yeni Zelandiyada sevgi dolu bir lider görürük" yazıldı.
Hücumlardan sonra Ardern öz ölkəsi Yeni Zelandiyada da situasiyanı yönləndirməyi bacardı.
BBC-nin Yeni Zenlandiyadakı müxbiri Hywel Griffith məscidlərə hücumdan sonra Ardernin dediyi "Hamımız birik, onlar bizdəndirlər" fikrini hadisədə ölənlərin ailələrindən də eşitdiyini bildirdi.
Yeni Zelandiyanın müxalif Milliyətçi Partiyasının lideri Judith Collins isə parlamentdə Ardern haqqında belə dedi:
"Fövqəladə bacarıq nümayiş etdirdi".