​“Yeni Ulduz”un qalibindən Oqtay Əliyevə SƏRT İTTİHAMLAR

Baxış sayı:
10771

Vaxtı ilə Azərbaycanın ən məşhur səs yarışması olan "Yeni Ulduz"un iştirakçısı, hətta qalibi Ramazan Ramazanov yarışmanın təşkilatçılarını vədlərinə əməl etməməkdə ittiham etdi. Redaktor.az-a müsahibəsində ifaçı bildirdi ki, yarışmanın sonunda qalibə vəd olunan 10 min manat pul mükafatı ona verilməyib. Eyni zamanda, iddiaya görə, qalib gələn iştirakçının PR işləri ilə də məşqul olunmayıb. Hansı ki, bu, əvvəlcədən razılaşdırılmış kompleks tədbirlər siyahısına daxil idi. “Yeni Ulduz”da mənə heç nə verilməyib. “Soy prodakşn" sözünün üstündə durmadı. Deyilmişdi ki, mənim üçün kliplər, mahnılar hazırlanacaq. Amma bunların heç biri olmadı. Qalibiyyətimin səhəri günündən heç bir verilişə dəvət olunmadım. Çünki mükafatsız qalmağımı deyə biləcəyimdən qorxurdular. Final gecəsində ancaq boş kubok verdilər və nədənsə verilişi tez yekunlaşdırdılar. Pul mükafatının verilməməsini isə "Ramazanın səsi çox idi, deməli pula ehtiyacı yoxdur" kimi izah etdilər. Bu nə deməkdir?" İttihamlarla bağlı “Soy prodakşn"un rəhbəri, sözügedən layihənin münsiflərindən biri olan Oqtay Əliyevlə əlaqə saxladıq. O, söylənilən ittihamların əsassız və yalnış olduğunu bildirdi: “Ramazan Ramazanov mükafatını alıb. ATV-də bunu təsdiq edən sənəd-sübütlar da var. Hətta layihədən sonra Xalq Artisti Mübariz Tağıyev ona dəstək olmaq istədi. Amma Ramazan qohumları ilə Rusiyaya gedib, işləmək istədiyini bildirdi. Bildiyimə görə, Rusiyada motel işi ilə məşğul olur. Başını aşağı salıb, işi ilə məşqul olsun. “Yeni ulduz”un iştirakçıları dırnaqları ilə cırmaqlaya-cırmaqlaya gecə-gündüz dayanmadan çalışırlar. O da onlar kimi əziyyət çəksəydi, indi ortada olardı. Boş-boş, ağıla gəlməz şeylər danışır. “Yeni ulduz”da 160 nəfər iştirak edib. Elələri var ki, heç yadıma da gəlmir. Ramazanı deməsəydiniz, ağlıma gəlməzdi. Yəqin, Moskvada işləri düz gətirmir. Ən yaxşısı Əli Mirəliyevlə qalmaqal eləsin, “Yeni Ulduz”la yox. Ramazana bol-bol müştəri və uğurlar arzu edirəm".