“Yeni parlament əvvəlkilərdən də betər olacaq” – GÜLTƏKİN HACIBƏYLİ

Baxış sayı:
3913

9 fevralda keçiriləcək parlament seçkilərinə münasibətdə cəmiyyətdə fərqli fikirlər var. Belə ki, seçkilərə qatılmayan qüvvələri doğru hesab edənlərlə yanaşı, fərqli düşünənlər də kifayət qədərdir. Hətta tanınmış hüquqşünas Aslan İsmayılov “Hürriyyət”ə müsahibəsində “Milli Şuranın seçkiləri baykot etməyi bu xalqa qarşı xəyanətdir” demişdi. O, həmçinin bizdə müxalifətin ala, boz, rəngli inqilablara kökləndiyini də vurğulamışdı.
Maraqlıdır ki, islahatlara dəstək verən Aslan İsmayılov kimi tanınmış hüquqşünas Milli Şuranın seçkiləri baykot etməsini xalqa qarşı xəyanət hesab edirsə, keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bu barədə nə düşünür
?

- Gültəkin xanım, Milli Şuranın seçkini boykot etməsinin xəyanət kimi dəyərləndirənlər var. Bu haqda nə deyə bilərsiniz?
 
- Milli Şuranı Azərbaycan xalqına xəyanətdə ittiham edənlər özləri xalqa xəyanət edirlər.
 
- Milli Şura seçkilərin saxtalaşdırılacağını iddia edir. Ancaq boykota qarşı olan əksər qüvvələr seçkilərin nisbətən demokratik keçiriləcəyini düşünür...
 
- Əksər qüvvələr seçkiyə getmir. Azərbaycanda “cib müxalifəti” olmayan, hökumət tərəfindən maliyyələşməyən, hökumətdən gündəlik əsasda pul almayan həqiqi müxalifət qüvvələri ya seçkilərdə iştirak etmir, ya da seçkilərdə iştirak edirsə belə, seçki şəraitinin dözülməz olmasını, ümumiyyətlə, mühitin olmamasını qeyd edirlər. Ona görə də, “cib partiyaları”nın, Prezident Administrasiyasından hər ay əməkhaqqı alan partiyaların seçkiyə qatılıb-qatılmaması cəmiyyəti maraqlandırmır. Çünki onlar hakimiyyət düşərgəsi versiyasıdır, onlar müxalifət deyil.
 
- Bu seçki də müxalifəti bir  araya gətirə bilmədi. Əksər partiyalar seçkilərə gedir, Milli Şura isə baykot taktikasını seçdi. Ayrılıqda Milli Şuranın mübarizəsi effekt verəcəkmi?
 
- Artıq Azərbaycanda vəziyyət elə bir həddədir ki, burada ya Milli Şuranın, ya da hansısa siyasi qüvvənin mübarizəsi təklikdə effekt verə bilməz. Xalq bu mübarizəyə qoşulduğu an təbii ki, nəticə alınacaq. Xalq bu mübarizəyə passiv yanaşdıqca, istədiyimiz nəticə də olmayacaq. Ona görə də, burada məsələ hansısa bir qüvvənin seçkidə iştirakından çox xalqın prosesə qoşulmasından, xalqın öz etiraz səsini ucaldıb, kütləvi hərakata başlamasındadır. İnşallah, düşünürəm ki, Milli Şuranın rəhbərliyi ilə biz tezliklə belə bir kütləvi hərəkatın şahidi olacağıq.
 
- Boykot tərəfdarı olmayanlar müxalifətin ala, boz, rəngli inqilablara kökləndiyini iddia edirlər. Müxalifət doğrudan da rəngli inqilablara köklənib?
 
- Bu hökumət mətbuatından qaynaqlanan, hökumətdən maliyyə dəstəyi alan, onların tezislərini, fikirlərini səsləndirən qüvvələrdir. Yəni onların fikirlərinə münasibət bildirmək özü də mənasızdır. Mən heç onların səsləndirdiyi fikirləri ciddi qəbul etmirəm.
 
- Əvvəlki parlament demək olar ki, xalqın xeyrinə qərar verməkdə aciz idi. Sizcə, 9 fevralda seçiləcək parlamentin öz iradəsi ilə qərar qəbul etmək gücü olacaq?
 
- Əminəm ki, əvvəlki parlamentdən betər bir parlament olacaq. Yəni düşünürəm ki, xalq arasında keçmiş parlamentdəki deputatlar nə qədər qeyri-populyar olsa da, insanlar arasında onların nüfuzu, reytinqi çox aşağı olsa da, bəzən onlar lağlağı obyektinə çevrilsələr də, əminəm ki, təzə gələn parlament ötən parlamentə “rəhmət” oxutdurmağı bacaracaq. Ona zərrə qədər də şübhəm yoxdur.
 
- Yəni hesab edirsiniz ki, 9 fevralda keçiriləcək seçkilər də ədalətli, şəffaf keçirilməyəcək.
 
- Təbii, ona zərrə qədər də şübhəm yoxdur. Ölkədə seçki adına heç nə yoxdur və  məhz buna görə də Milli Şura bu tamaşada, məzhəkədə iştirak etməkdən imtina etdi.
 
- Milli Şuranın bu “tamaşa”da iştirak etməməsi nə vaxta kimi davam edəcək?
 
- Qeyd etdiyim kimi, növbəti mərhələ xalqın meydana çıxması mərhələsi olmalıdır. Azərbaycan xalqı öz taleyinə sahib çıxmalıdır. Konstitusion, dinc, demokratik yolla öz haqlarını bərqərar etməlidir və məhz xalqın iradəsi ilə keçiriləcək seçkilərdə iştirak etməlidir. Mən əminəm ki, buna da çox qalmayıb. Həmin seçkidə xalqın iradəsi ilə formalaşacaq parlament Azərbaycanın köklü problemlərini həll etmək gücündə və iqtidarında olacaq.
 
- Amma demək olar ki, xalqın əksər hissəsinin müxalifətə inamı yoxdur. İqtidara necə münasibət varsa, müxalifətə də eyni münasibət var. Bu halda xalqın inamını qazana biləcəksiniz?
 
- Mən hesab edirəm ki, sual kökündən yanlış qoyulub. Çünki iqtidarla müxalifətə münasibət heç bir halda eyni ola bilməz. Birincisi, sosial şəbəkələr üzərindən keçirilən yüzlərlə rəy sorğusunda biz görürük ki, Azərbaycan müxalifətinin, konkret olaraq Milli Şuranın liderlərinin cəmiyyət arasında kifayət qədər böyük nüfuzu var.
 
- Mən konkret Milli Şuranı demədim, “müxalifətə inam azdır” dedim...
 
- Müxalifət hakimiyyətdən fərqli olaraq ölkənin yüz milyardlarla sərvətini talamayıb. Müxalifət fərqli fikirliliyi boğmur, ölkədə korrupsiyanı bir idarə metodu kimi yaymır. Müxalifət hərbi qulluqçularımızı işgəncələr nəticəsində qətlə yetirmir, öz sözünü deyən insanları şərləyib, həbs etdirmir. Yəni müxalifət Azərbaycan xalqına qarşı bax, bu cinayətləri, qanunsuzluqları törətmir. Ona görə də heç bir halda Azərbaycan xalqının onun hüquqları uğrunda canını, varını, azadlığını, hər şeyini qurban verən qüvvələrlə Azərbaycan xalqının hər şeyini qəsb edən qüvvələr arasında  bərabərlik işarəsi qoya bilməz. Biz bunu görürük və şəxsən Milli Şura olaraq biz özümüzə qarşı xalqdan çox ciddi dəstək hiss edirik.
 
- Həm də müxalifətin birliyi olmamasından yana, xalqın müxalifətə inamı yoxdur.
 
- O da yanlış yanaşmadır. Çünki bilirsiniz, bəzən Prezdent Administrasiyasından, Fövqalədə Hallar Nazirliyindən aylıq paket alan qüvvələr özlərinin müxalifət olduğunu iddia edirlər və sonra da birlik çağırışları ilə çıxışları edirlər. Sonra da sizin səsləndirdiyiniz ittihamı səsləndirirlər ki, birlik yoxdur. Səmimi qüvvələr arasında birlik ola bilər, amma bir ucu hakimiyyətə bağlı qüvvələrlə gerçək müxalifət qüvvələri arasında hansı birlik ola bilər? Mən düşünürəm ki, Azərbaycan müxalifətinin bir birliyi var. Milli Şura var və Azərbaycan xalqı da Milli Şuraya böyük ümidlər bəsləyir. Biz bu inamı 19 yanvar mitinqində, həm oktyabrın 19-da olan etiraz aksiyasında gördük, həm də gündəlik əsasda sosial şəbəkələr üzərindən görürük. Mən düşünürəm ki, bu seçkilərdən sonra müxalifətin birləşməsi prosesi daha da ciddiləşəcək. Hər şey bəlli olacaq, gerçək müxalifətlə, “cib müxalifəti”nin arasında sərhəd birmənalı olaraq çəkiləcək, xalq da bundan sonra öz seçimində daha birmənalı və qətiyyətli olacaq.

Hurriyyet.org