Yeni Günəşlidə sürüşmə aktivləşdi: Ərazidəki yaşayış evləri, 16 mərtəbəli bina TƏHLÜKƏDƏ - FOTOLAR

Baxış sayı:
3257

Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində sürüşmə aktivləşib, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə görə,Günəşli yaylası adlanan ərazidə tektonik qırılma müşahidə edilir.
“Bu gün ərazidə olub, vəziyyətlə yerindəcə tanış olduq. Qaraçuxur qəsəbəsində “Lukoyl” yanacaqdoldurma məntəqəsindən başlayaraq Zığ istiqatindən Qum adasına qədər tektonik qırılma müşahidə edilir. Həmin qırılmanın üzərində çoxsaylı evlər var. Ərazi demək olar ki, massiv şəklində yüklənib. Qırılmanın Zığ tərəfə baxan yamac istiqamətində yerləşən evlərin əksəriyyətində deformasiyalar olub, çatlar əmələ gəlib, batma hadisələri var. Hətta çatlar və deformasiyalarda gözlə görüləcək artımlar müşahidə edilir. Zığ sürüşmə sahəsi və Günəşli yaylasında ötən illərdə də sürüşmələr müşahidə edilib. Günəşli textonik qırılması boyunca vəziyyət bu gün də aktivdir.Bəzi evlərdə divar, bir metrə qədər batıb və yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Gözlə görünən textonik çatlar yol boyunca izlənilir. Textonik çat boyu divar qatında deformasiyalar da müşahidə edilir. Evlərdə birində çatlar müşahidə olunmasa da, bütöv əyilmişdi”.
Ə.Qaralov bildirdi ki, bəzi sakinlər batmalara qarşı tədbir görsələr də təsirli olmur: “Ərazidəki yaşayış məntəqələrinin hamısı fərdi yaşayış evləri olduğunu 1 ədəd 16 mərtəbəli bina var. Həmin binanın 4-5 metrliyində fərdi evlər tam yararsız hala düşüb. Hündürmərtəbəli binanın özülü müəyyən qədər dərin olduğundan divarının yanından keçən qırılma xəttində nisbi də olsa, çatlar müşahidə etdik. Bəzi evlərin həyətində çökmə hissələr torpaqla doldurulub, ya da əyilmiş hasar yenidən bərpa edilib. Lakin bərpa işləri effekt vermir”.
Ə.Qaralov sözlərinə görə,sürüşmənin aktivləşməsinin əsas səbəbi ərazinin yamac boyu yüklənməsidir.
“Ərazi sürüşməyə meyllidir, ərazidə textonik qırılma olan ərazidir. Bu cür ərazilərdə tikinti aparmaq düzgün deyil. Mövsümlə əlaqədar atmosfer çöküntüləri artıb, həm də yaşayış evlərində istifadə edilən məişət suları, ağacların suvarılması torpaq qatını ağırlaşdırır. Bir sözlə, təbii amildən başqa insan amili də aktivliyi artırır. Ərazidə müəyyən evlərdə yaşamaq təhlükəlidir. Artıq bəzi sakinlər də evlərini tərk edib. Bugünkü müşahidələrdən sonra hazırlanan arayış müvafiq qurumlara təqdim ediləcək”./publika.az/