“Yeni Elçibəyə gərək yoxdur, müxalifətin lider problemini həll etmək lazımdır"

“Milli demokratik müxalifətin bir lider problemi var, bunu görməməzlikdən gəlmək mümkün deyil. Müxalifətin lider probleminin həllini tapmaq lazımdır”.
 
Bu sözləri Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 17 illiyi, eləcə də müxalifətin hazırkı durumu və digər məsələlərlə bağlı mövqeyini “Yeni Müsavat”a bölüşərkən deyib. Onun sözlərinə göə,  “bu gün yeni bir Elçibəy lazımdır” yanaşmasının əleyhinədir və bunu doğru saymır: “Hər şeydən əvvəl ona görə ki, bu mümkün deyil və buna gərək də yoxdur”.
Son günlər sabiq prezidentə onun yaxın ətrafı tərəfindən xəyanət edilməsi barədə ittihamlara toxunan P. Hüseyn vurğulayıb ki, Elçibəyə xəyanət edənlər özlərinə xəyanət edirlər, özləri itirirlər: “Daha geniş danışsaq, bütövlükdə milli demokratik düşərgənin son dövrdə itirdikləri də xeyli dərəcədə Elçibəy təlimindən sapmaların nəticəsidir. Mən qəti əminəm ki, milli demokratik düşərgə böhrandan çıxmaq üçün Elçibəyə qayıtmalıdır”.
Gələn il keçiriləcək prezident seçkisində müxalifətin iştirakı perspektivini şərh edən eks baş nazirin fikirincə Azərbaycanda hazırda hətta demokratik imitasiya da mövcud deyil: “Odur ki, seçkidən-seçkiyə hazırlıqdan danışmaq və bu sözün ümumi qəbul olunan mənasında danışmaq qeyri-ciddi olar. Mənim qənaətim ondan ibarətdir ki, Azərbaycanda siyasi proseslər fərqli bir məcraya yönəlir, fərqli forma alır. Bu proseslər nə vaxt olacaq, hansı şüarlarla olacaq, kimlər və hansı qüvvələr tərəfindən başladılacaq, bunu söyləmək çətindir. Lakin mütləq olacaq. Seçkilərdən ciddi şəkildə yalnız bu kontekstdə danışmaq mümkündür”.
P. Hüseyn qeyd edib ki, müxalifətin də toparlanmasına çox ciddi ehtiyac var: “Yeni bir velosiped icad etməyə ehtiyac yoxdur. Əvvəlki illərin təcrübələri var….”
Son aylarda Rusiyanın “beşinci kolon”unun fəallaşdığı barədə fikirlərlə razılaşmadığını deyən P. Hüseyn bildirib ki, mövcud real siyasi qüvvələr arasında iqtidarın siyasətinin Rusiyanın maraq və mənafelərinə əsasən cavab verir: “Ona görə  çətin ki, Rusiya mövcud iqtidara qarşı hansısa “5-ci kolon”u hərəkətə gətirsin. Ola bilər ki, Rusiyada bəzi qüvvələr Azərbaycanda daha çox rusiyapərəst siyasət arzu etsinlər. Amma mövcud iqtidarın Kremli tam qane etdiyi aydındır. Rusiyanın seçkilərlə bağlı təsir edəcəyi, sözün açığı, absurd görünür. Ciddi təhlilə belə dəyməz”.