YENİ BAŞÇI VƏLİYEVİN DAHA 2 KADRINI İŞDƏN ÇIXARDI – Sabiq baş prokurorun qardaşına vəzifə verildi

Baxış sayı:
1036

Bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Bayramov şəhəri sələfi Elmar Vəliyevin kadrlarından “təmizləməyə” başlayıb. Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayevi və sabiq başçının köməkçisini vəzifəsindən azad edən Niyazi Bayramov daha bir neçə kadr dəyişikliyi həyata keçirib.

Belə ki, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə qurumun İnformasiya təminatı və təhlili şöbəsinin müdiri Tağıyev Vüsal Rasim oğlu vəzifəsindən azad edilib. Bu vəzifəyə əvvəllər həmin şöbədə aparıcı məsləhətçi işləyən Abbasov Emin Ziyad oğlu təyin olunub.

Bundan əlavə “AzPolitika.info” ya verilən məlmata görə, N.Bayramov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri Əli Məmmədovu vəzifəsindən azad edib. Birliyə yeni sədr də təyi edilib. İcra başçısının əmri ilə bu vəzifəyə keçmiş baş prokuror Əli Ömərovun qardaşı Dilqəm Ömərov təyin olunub.

Qeyd edək, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər sakinlərinin daha çox şikayət etdiyi, ən korrupsiyalaşmış struktur hesab olunurdu. İcra Hakimiyyətinin sanksiyası ilə hər il bu idarədə milyonlarla manat dövlət vəsaiti mənimsənilib.  Eyni zamanda bu idarənin rəhbərliyi tərəfindən müxtəlif qanunsuz vasitələrlə şəhər sakinlərindən külli miqdarda rüşvət yığılıb.

Təsadüfi deyil ki, Niyazi Bayramov şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdükdən sonra daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbəri Əli Məmmədovun fəaliyyətinin araşdırılması üçün  komissiya yaradılması haqda göstəriş vermişdi.

Bu komissiyanın nə qənaətə gəldiyini və ya gələcəyini  bilmirik. Ancaq gəncəlilər obyektiv araşdırılma aparılarsa, İstehsalat Birliyinin keçmiş rəhbərliyinin məsuliyyətə cəlb olunacağına əmindirlər.