Yeni Balaxanının köhnə problemləri...

“İcra başçısı Adil Vəliyevlə görüşəndə məktəblə bağlı iradlarımızı bildirdik. Bizə tikiləcək məktəbin çertyojlarını göstərib dedi ki, dövlət pul ayırıb, tezlikə massivdə yeni məktəb tikiləcək. Az sonra bəlli oldu ki, məktəb üçün nəzərdə tutulan ərazi kiməsə satılıb...”

Qədim yaşayış məskəni olan Balaxanı bir-birinə yaxın evləri, ensiz küçələri ilə özünün ənənəvi formasını indiyədək qoruyub saxlayıb. 1989-cu ildən qəsəbənin qərb hissəsində “Yeni Balaxanı Yaşayış Massivi” deyilən qəsəbə salınıb. Köhnə Balaxanıdan fərqli olaraq burada eni 5-6 metr olan paralel küçələrə  rast gəlinir.
Qəsəbədə tarixi çox qədim olan abidələr, mədəniyyət ocaqları var. "Pirə Moulo", kəndin mərkəzindəki "Sənqıran" pirləri , "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları da belə abidələrdəndir. Lakin bu müddət ərzində şəhərimizə gələn əcnəbi turistlərin tarixi abidələrlə yaxından tanış olmaq imkanı osa da, bu imkandan istifadə edilməsi üçün lazımı tədbirlər görülməyib.
Qəsəbənin mövcud durumu ilə tanışlıq üçün yolumuzu ilk olaraq Pirhüseyn Hüseynov, Süleyman Rəhimov və Sadıq Rəhimov küçələrindən saldıq. Adıçəkilən küçələrdə yollar təmir edilməyib. Torpaq yollardakı çalalar hədsiz dərin olduğundan avtobuslarda əyləşən sərnişinlər mənzilbaşına hoppana-hoppana gedir. Qəsəbəyə işləyən 105 saylı avtobus qısa yolu uzun müddətə və çox çətinliklə qət edir. Sürücülər yolların bərbad vəziyyətdə olmasından və bu üzdən də nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasından  gileylənir.

“Fazenda”ya çevrilən Yeni Balaxanı

Qəsəbənin hazırkı durumu və problemləriylə bağlı narahat olan və bu haqda sakinlər adından şikayətlənən Pirhüseyn Hüseynov küçəsi 202 ünvanında yaşayan ağsaqqalı Məsum Hacıyevi axtarıb tapmaq çətin oldu. Hazırda sərnişindaşımada istifadə edilməyən kiçiktutumlu “Mersedes” markalı avtobusu ilə qəsəbə uşaqlarını məktəbdən gətirməyə getmişdi. Nəhayət, gəldi və görüşdük. Məqsədimizi öyrənəndə sevindi, cəld maşından əlində bir dəstə kağızla qayıtdı. Demə, qəsəbənin sakinləri yığışıb yenə prezident İlham Əliyevə şikayət ünvanlayıb.
Məsum Hacıyev qəsəbənin yarandığı gündən indiyədək həll olunmayan problemlərindən danişdı: “Əslində, bu ərazi rəsmi olaraq, “Yeni Balaxanı Yaşayış Massivi” adlandırılsa da, sakinlər öz aralarında qəsəbəyə “Fazenda” deyirlər. Sadəcə, Balaxanı ərazisindəki boş torpaqlarda yeni məhəllə qurulub. Köhnə Balaxanıda sıxlıq olduğundan, 1992-ci ildə kəndin gənc sakinləri buraya köçüb. Yeni qəsəbənin 9 küçəsi var. Yəni, qəsəbə dövlət səviyyəsində yaranıb. Qəsəbəyə, elektrik, qaz, su xəttləri çəkilsə də, kanalizasiya sistemi yaradılmır ki, yaradılmır. Elə yolumuz da bərbad vəziyyətdədir. Dəfələrlə Sabunçu rayon  İcra Hakimiyyətinə getmişik, müraciət etmişik. İcra başçısı Adil Vəliyev hər dəfə sakinləri arxayın salıb, başımızın altına yastıq qoymaqla kifayətlənib. 2014-cü ildə şəxsən sual verdim ki, Adil müəllim, söz vermişdiniz, bəs nə oldu? Cavab verdi ki, bir ay müddətinə başlayacağıq. Hələ də “bir ay”ların sayı artsa da, verilən vəddən əsər-əlamət yoxdur.

Nə şonbayla, nə də şonbasız...

M.Hacıyev deyir ki, qəsəbə qurulandan sakinlər kanalizasiya əvəzinə, “şonba”lardan istifadə edir(şonba – Baki kəndlərində qədimdən istifadə edilən su anbarıdır. Hər evin ayrıca şonbaları olur –red.) lakin şonbanın bir əmması var ki, bu da onun həyətlərdə deyil, küçələrdə qazılıb, hazırlanmasıdır. Dəfələrlə buna görə qəzalar baş verib.  Çirkab suları küçələrə, yollara axıb, gediş-gəlişi çətinləşdirib, eyni zamanda infeksion xəstəliklərin yaranmasına səbəb olub. Yəni Balaxanıda nə şonbayla yaşamaq mümkündür, nə də hazırki vəziyyətdə şonbasız:
“Indi nə zəmanədir axı, feodal dövründəki kimi yaşayırıq...  Bax gördüyünüz bu yolu sakinlərlə yığışıb 5 dəfə təmir etdirmişik. Lakin bu yollara nə qədər xərc qoyursan, qoy, xeyri yoxdur. Axan qurunt suları və şonbadan ətrafa püskürən çirkab sayəsində yenə sıradan çıxır. Qəsəbənin digər küçələrinə baxanda yenə bir az səliqəlisi Pirhüseyn Hüseynov küçəsidir. O biri küçələrdə heç maşın da işləmir”. 

İnşası üçün ayrılan ərazisı satılan məktəb

Qəsəbədə nə məktəb, nə uşaq baxçası, nə də tibb məntəqəsi var. Məsum Hacıyev deyir ki, xüsusən soqu havalarda vəziyyət daha da çətinləşir: “Yayda bir təhər yola verə bilirik. Havalar bir az soyuyanda, yağıntılar başlayanda qəsəbədə həyat dayanır. Uşaqlar məktəbə gedə bilmirlər. Vay  o günə ki, ağır xəstən və ya rəhmətə gedənin olsun. Fəlakət onda başlayır. Əvvəl məktəbin tikintisi üçün yer ayırmışdılar. İcra başçısı Adil Vəliyevlə görüşəndə məktəblə bağlı iradlarımızı bildirdik. Bizə tikiləcək məktəbin çertyojlarını göstərib dedi ki, dövlət pul ayırıb, tezlikə massivdə yeni məktəb tikiləcək. Az sonra bəlli oldu ki, məktəb üçün nəzərdə tutulan ərazi kiməsə satılıb... Dəfələrlə  dövlət qurumlarına müraciət etmişik. Amma faydası yoxdur. Əldə etdiyimiz məlumata görə, məktəbin inşası üçün dövlətin ayırdığı ərazini bələdiyyə kiməsə satıb. Bununla bağlı dəfələrə  prezident İlham Əliyevə, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Sabunçu rayon İcra Hakimiyyətinə yazmışıq, ancaq nə faydası?”.

Qaçaq düşən avtobuslar və zibilliklər...

Söhbətə digər qəsəbə sakinləri də qoşuldu. Rüfət Ağayev adlı qəsəbə sakini bildirdi ki, əvvəllər qəsəbəyə 340 saylı avtobus işləyirdi, hazırda isə həmin marşrutu 105 saylı avtobusla əvəz ediblər. Lakin yollar bərbad vəziyyətdə olduğundan avtobuslar can dərdi işləyir, vaxtlı-vaxtında gəlmədiklərindən qəsəbə sakinləri vaxtın çoxunu yollarda gözləməklə itirmək məcburiyyətindədir. Onun sözlərinə görə, yeni məhəllənin avtobus dayanacaqları da yararsız və bərbad vəziyyətdədir:
“Qəsəbənin bütün küçələrində  kanalizasiya xətti olmadığından yağıntılı-qarlı günlərdə sakinlərin, xüsusilə də, məktəblilərin günü qara olur. Yağış suları yolların dərin çalalarına axaraq iri gölməçələr əmələ gətirir. Çox vaxt yağış suları çökəkdə yerləşən evləri basır. Məhəllələrdə zibil qutuları qoyulmadığından sakinlər məişət tullantılarını və zibili yol qırağına, qaz borularının üstünə tökmək məcburiyyətindədirlər. Bunun üçün də evdən həmin əraziyədək uzun yol qət edirlər. Hər tərəf zibillikdir, qaz borularının üstündə yığılıb qalmış məişət tullantıları yerindəcə yandırılır. Bu isə insan həyatı üçün təhlükəlidir. Hələ ətrafdakı neft mədənlərini demirik. Allah göstərməsin hava küləkli olsa, külək alovu yaxınlıqdakı neft mədənlərinə apara bilər. O zaman fəlakət qaçılmaz olacaq”.

Mənimsənilən 5 manatlıq xidməthaqqı

Qəribədir ki, sakinlər məişət tullantılarının daşınmasına görə hər ay 5 manat xidməthaqqı ödəyir. Xidmət isə həyata keçirilmir. Əslində, həmin pulların kim tərəfindən mənimsədildiyi də araşdırılmalıdır.
Qəsəbə sakini Şərqiyyə Mirzəyevanın da dərdi eynidir. Şərqiyyə xanım deyir ki, qəsəbədə  təxminən 15 minə yaxın əhali yaşayır. Onun sözlərinə görə, əksər küçələrdə nəinki kanalizasiya sistemi yoxdur, yollar da acınacaqlı vəziyyətdədir. Zibil pulu ödənilsə də, zibil qutusunu “gördüm” deyən yoxdur.  Qəsəbənin abadlığı və təmizliyi ilə maraqlanan da yoxdur. Doğrudur, qəsəbəmizə yeni su və qaz xəttləri çəkilib, elektrik xətləri yenilənib. Amma nədənsə, qəsəbənin nəqliyyat problemi, məişət tullantılarının daşınması, kanalizasiya və yolların təmiri məsələsi əlaqədar dövlət qurumlarının nə yadına düşür, nə də maraqlanan var:
“1 ildən çoxdur ki, Balaxanı bələdiyyəsinə yeni üzvlər və sədr seçilib, amma onların üzünü indiyədək nə qəsəbədə görən olub, nə də heç bir fəaliyyətlərini. Bələdiyyənin başı ancaq  əhalidən vergi pullarının yığılmasına qarışıb. O pulların isə hara xərcləndiyi sakinlərə bəlli deyil. Ümumiyyətlə, bələdiyyə qəsəbədə heç bir iş görmür”.

“Azərsu”nun yaratdığı problemlər

Qəsəbənin mərkəzində də eyni vəziyət hökm sürür. Belə ki, Bala Əfəndiyev küçəsində içməli su axaraq Səfəvillər küçəsinin qurtaracağınadək gedir, ətrafda natəmizlik yaradır.  Mirzəbala adlı qəsəbə sakini deyir ki, qəza vəziyyətində olan su xətti qəsəbə icra nümayəndəsinin evinin 5-6 addımlığında yerləşir:
“Bu su  aylarla küçəyə axır, gəlib düzəldəni, vəziyyətdən narahat olanı yoxdur. Heç qəsəbə icra nümayəndəsi Bəybala Kərimovun da vecinə deyil. Altinda maşını var, evi də çökək də yerləşmir”. 
Səfəvilər küçəsinin əksər hissəsində də eyni vəziyyətdir. Burada da kanalizasiya xətti dağıldığından çirkab sular ətrafa axaraq, yayılır. Sakinlərin sözlərinə görə, “Azərsu”nun əməkdaşları iş prosesi zamanı kanalizasiya xəttini sındırıb, bərpa etmədən  gediblər: “Bu qurumun əməkdaşları iş prorsesi zamanı dağıtdıqlarını bərpa etmədən çixib getdilər. Yollarımız su içindədir, keçilməz olub. Körpə, yaşlı və xəstə ailə üzvləriylə natəmizlik, çirkab suları basmış evlərdə yaşamaq olmur. Antisanitariya şəraitində yaşamaq mümkün deyil”.

Azad Rəhimovun babasının adını daşıyan küçə

Sakinlərin sözlərinə görə, Sadıq Rəhimov adına küçə Gənclər və İdman naziri Azad Rəhimovun babasının şərəfinə verilib.  Amma  babanın adı bu küçəyə nazir nəvəsinə görə verilməyib, zamanında gördüyü işlərə və xidmətlərinə görə əbədiləşdirilib. Sadıq Rəhimov Azərbaycan üçün canının qoyan kişilərdən olub. Əslən də balaxanılıdır. Neftçi ailəsində 1914-cü ildə doğulub. 1946-1949-cu illərdə isə Azərbaycan toxuculuq sənayesi naziri vəzifəsində çalışıb. 1949-cu ildə Azərbaycan yüngül sənaye naziri vəzifəsinə təyin edilib. 1952-ci ildə Azərbaycan iki vilayətə: Bakı və Gəncə vilayətlərinə bölündü. 1952-ci ilin aprelində Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsinə S.Rəhimov təyin olunur. O, bu vəzifədə 1952-1953-cü illərdə işləyib. Lakin vilayət quruluşu Azərbaycanda çox fəaliyyət göstərməmiş və bir ildən sonra ləğv edilir. S.Rəhimov Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, sonra isə çox işlənən sənaye malları naziri olub. 1954-1958-ci illərdə Azərbaycan SSRİ Nazirlər Sovetinə sədrlik edib.
1958-1961-ci illərdə S.Rəhimov respublika Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə sədrlik edib. 1961-1965-ci illərdə isə o, Bakı Baş Tikinti İdarəsinin rəisi olunur. S.Rəhimov 1965-1975-ci illərdə Azərbaycan Yüngül Sənaye Nazirliyinə başçılıq edir. S.Rəhimov dəfələrlə Azərbaycan KP MK və onun bürosunun, Azərbaycan Ali Soveti və onun rəyasət heyətinin üzvü olub, Azərbaycan, SSRİ Ali sovetlərinin deputatı, keçirilmiş plenum, konfrans, qurultay və sessiyalarda nümayəndə kimi iştirak edib. 1975-ci il iyunun 11-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə S.H.Rəhimovun 100 illik yubileyi keçirilib.
Balaxanılılar onun haqqında əfsanələr danışır. Deyirlər ki, heyif o kişidən.... adını daşıyan küçənin vəziyyəti görkəmi heç S.Rəhimovun adına layiq deyil. Görəsən, Azad Rəhimov nə vaxtsa babasının adını daşıyan küçəylə maraqlanıb, baş çəkibmi? Sakinlərin deməsinə görə, hələ bu haqda heç kim eşitməyib.

Tarixi abidələr sıradan çıxır

Balaxanı bələdiyyəsinin yerləşdiyi binanın 25-30 metrliyində Şah Abbasın dövründən tikilmiş tarixi abidə - Karvansaray yerləşir. Həmin abidə də baxımsız vəziyyətdədir. Abidənin taxta qapısı qıfıllanıb, qapı yarıyadək çirkab suların və məişət tullantıların içərisindədir. Sakinlərin sözlərinə görə, qəsəbə ərazisindəki abidələrın əksəriyyəti bu vəziyyətdədir və onlar məhv olmaq təhlükəsi  sakinləri narahat edir. Karvansaray abidəsini  aylardır su basıb, belə davam edərsə çirkab sular abidənin özülünü dağıdacaq.
Balaxanı qəsəbəsinin mərkəzindəki parkda isə 2014-cü ildə təmir və bərpa işləri aparılsa da, baxımsız qaldığından, zibil tullantıları istirahət zonasının griş qapılarını zəbt edib. Qulluq edilmədiyindən buradakı ağacların əksəriyyəti qurumağa başlayıb.
Özünü parkın bağbanı kimi təqdim edən Xanlar kişinin sözlərinə görə, parkın ərazisi böyük olduğundan isti aylarda ağacları və yaşıllıqları suvarmağa gücü və zamanı çatmır.

“Dövlətin  daha mühüm işləri var”

Yeni Balaxanı Yaşayış Massivində, eləcə də bütövlükdə Balaxanı qəsəbəsində yaranməş və həllini tapmamış problemlərə aydınlıq gətirmək üçün qəsəbə icra nümayəndəliyinədə baş çəkdik. İcra nümayəndəsi Bəybala Kərimov qəzetdən olduğumuzu öyrənəndə bildirdi ki, gərək əvvəlcə onunla görüşəydim. Daha sonra isə əsəbləşərək dedi ki, sakinlər hər şeyi uydurur, siz qəzetçilərsə nə dedilər yazırsınız: “Dövlətin bu dəqiqə daha mühüm işləri var. Hələ ki, qarşıdan gələn növbəti 5 il ərzində Yeni Balaxanı Yaşayış massivində yeni quruculuq işlərinin aparılması haqda planda heç nə yoxdur. Şikayət etmək sakinlərin hüququdur. İstədikləri dövlət qurumuna müraciət etməkdə sərbəstdirlər. Şonbalara gəldikdə isə dədə-balarımız da kanalizasiya əvəzinə bu metoddan istifadə ediblər. Nə var ki, burada?”.
Daha sonra problemlərlə bağlı şikayətlənən sakinlərlə maraqlandı. Şikayətlərin məğzini bir də dinlədikdən sonra isə  bildirdi ki, artıq qəsəbəyə kanalizasiya xəttinin çəkilişi üçün vəsait ayrılıb. Onun sözlərinə görə, kanalizasiya xətti çəkiləndən sonra qəsəbənin məhəllədaxili yollarında əsaslı təmir işləri də aparılacaq: “Bütün bu işlər təbii ki, görüləcək. Sadəcə, zaman tələb edən işlərdir. Bütün bu problemlərdən başqa, küçələrdə işıqlandırma sistemi də qurulacaq. Qəsəbənin küçə və məhəllələrində zibilin daşınmamasına gəlincə, icra nümayəndəsi bildirdi ki, məişət tullantılarının daşınması ilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi məşğul olur. Bəzi məhəllələrdə ailələr yaşadıqları küçələrə zibil qutuları qoyulmasına razı olmurlar.
“Bu səbəbdən də məişət tullantıları təyin edilmiş yerlərə atılır və ordan da zibil maşınları daşıyır. Artıq qəsəbəyə yeni su xətti də çəkilib.  Qalan problemlər də həll olunacaq” – deyə nümayəndə bildirdi.

Gülnaz Qənbərli, "Hürriyyət"