YEGANƏ ÜMİD DTX-NIN “QARA MASKALI”LARINADIR – Ağsuda fövqəladə hallardan ziyan çəkənlərə ayrılan vəsait necə mənimsənilir?

Baxış sayı:
2232

İcra Hakimiyyətinin ETSN və “Aztelekomla” birgə “fövqəladə” dələduzluğu

7 il qabaq 29 may 2013-cü ildə Girdman, Ağsu, Aqdar   çaylarının daşması ilə Ağsu və Göyçay rayonlarında sel fəlakətinin yaşanması,  Bakı -Şamaxı -Yevlax magistral yolunun Aqdar çayı üzərindəki körpünün uçması səbəbindən bağlanması sözügedən rayon icra hakimiyyətlərinin məlumatlarında əks olunub və TƏBİİ FƏLAKƏTLƏ əlaqədar hər iki rayonun fövqəladə hallar komissiyasının üzvlərinin ərazilərdə dəyən ziyanı hesablamaqla məşğul olduqları bildirilib.
“Təbii fəlakət”i xüsusi vurğulamaqda amacımız ziyan çəkən yurddaşlara kompensasiya verməmək üçün Ağsu Rayon İcra Hakimiyyətinin FÖVQƏLADƏ HALLAR KOMİSSİYASININ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ( ETSN) “fövqəladə dələduzluq” sifarişi verməsini və ETSN-in Milli Hidrometeoroloji Departamentinin sifarişi qısa zaman kəsiyində (vətəndaş müraciəti deyil ki, aylarla-illərlə süründürməçilik edilsin!) can-başla yerinə yetirməsini diqqətə çatdırmaqdır. Ağsu rayonunun Pirhəsənli və Muradlı kəndlərinin suvarma kanallarının daşması nəticəsində ziyan çəkmələri Ağsu RİH -in məlumatında əks olunsa da, fövqəladə hallar komissiyası dəyən ziyanın ödənilməsinə analoqu olmayan orijinal fövqəladə qadağa “icad edib”. Komissiya öncə  Pirhəsənli kəndində Qarabağ əlilinin yaydan-yaya yararlandığı çiy kərpicdən tikilən evə baxış keçirmədən evin ziyan çəkmədiyini bildirib,  çürümüş döşəmə -tavanın, güclü küləkdən qırılmış işıq, telefon xətlərinin qapının çölündəki  “sərgisi”nə dəvətdən sonra isə “son 5 ildə Ağsuda heç bir təbii fəlakətin , fövqəladə təbiət hadisəsinin  baş vermədiyi” haqqında ETSN-dən aldığı “daşdan keçən” arayış-məktubla ziyançəkəni fövqəladə halın baş vermədiyi “hal qarşısında qoyub”! (?)
Bəs bu qırılan işıq, telefon  kabelləri, sel sularının çürütdüyü döşəmə taxtaları  kimin ayağına yazılsın?  Heç demə, ev zəlzələdən yox, vəlvələdən ziyan çəkib və buna görə rayonun bağlantılı dövlət və bələdiyyə qurumları heç bir maddi -mənəvi məsuliyyət daşımır, heç bir ödəniş etməyə borclu deyillər! (?) Əksinə, hələ ziyançəkənin qırılan telefon kabelinə görə dövlətə 69, 17 manat abunə haqqı borcu var! (?) Bəli, bəli, yanlış oxumadınız, “Aztelekom”un Ağsu Telekommunikasiya Qovşağı rəsmi məktublarla abonentin 69, 17 manat borcu olduğuna görə, FÖVQƏLADƏ GÜCÜN  (Tanrıdan özgə fövqəladə güc varmı?) xətti kəsdiyini 7 ildir bildirib, borcu və 30 manatlıq əlavə çəkiliş haqqı tələb edir!  Ziyançəkən abunəçi nə Fövqəladə Hallar Nazirliyinə, nə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, nə Aztelekoma, nə də İqtisadiyyat Nazirliyi yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə başa sala bilir ki, birincisi, ev-eşiyi, telefon xətti çöldən ziyan çəkib, qırılıb. İkincisi , aylıq abunə haqqı 2 manatdırsa, kəsirlə abunə haqqı borcu necə yarana bilər? Ən başlıcası, axı borc yarananda ödəməyə bildiriş göndərilir , ödəniş edilməsə, birtərəfli bağlanır; harada görünüb ki, borca görə telefon xəttini “fövqəladə gücə sifariş əsasında “ kəsib atasan? Fövqəladə Hallar Nazirliyi fövqəladə haldan ziyançəkənin şikayətinin ona aid olmadığını, “Aztelekom”, İqtisadiyyat Nazirliyi vətəndaşın borclu olduğunu bildirir,  hüquq mühafizə orqanları isə “mülki cinayətlər”in məhkəmədə araşdırılmalı olmasını izah edir. Ağsuda isə məhkəmə  yerli-dibli fəaliyyət göstərmir, bir ildən çoxdur Məhkəmə Hüquq Şurası bu boyda rayona bir hakim tapmaqda çətinlik çəkir. Bir yandan da bu koronavirus epidemiyası məhkəməyə verilən iddianın baxılmasına qadağa qoyub. Müvəqqəti xarakterli müdafiə tədbiri kimi iddianın təmin olunması haqqında ərizə də məhkəmənin dəftərxanasında “yatır”.
Yeganə ümid DTX -nın “qara maskalı ağ “cip”li oğlanları”nadır. Dövlətin təbii fəlakətdən ziyan çəkən yurddaşlara ayırdığı vəsaiti “qara cib”lərinə doldurub, hələ üstəlik vətəndaşı borclu çıxaran dövlət (oxu: rüşvət ) məmurunun yeri haradır?

Məğrur BƏDƏLƏSOY