​ Yazıçının evini sökdülər

Azərbaycan Yazıçılar Birliyinin üzvü Xələfbəyli Mənsurə Eldarqızı Manevr.az-a ünvanladığı məktubunda ailəsinin Sumqayıt şəhər Şəhərsalma və Memarlıq idarəsinin işçiləri tərəfindən zorakılığa məruz qaldığını bildirir.
Belə ki, bütün qanunlara dayanaraq şəxsi mülkiyyətləri olan torpaqlarında tikdirməkdə olan evini Sumqayıt şəhər Şəhərsalma və Memarlıq idarəsi əlində heç bir məhkəmə qərarı olmadan: ”Gəlmişik evin ölçülərini götürməyə. Əgər layihədən kənar çıxmamısınızsa Allah xeyrinizi versin, tikin”-deyə torpaq sahibini aldadaraq həyətə soxulmuşdular. Hardasa 15-17 nəfər sözügedən idarənin işçiləri evin bir hissəsini dağıdarkən səsə gələn yazıçının anasını itələmiş, yazıçının həyat yoldaşının qollarını 4 nəfər tutaraq ona qarşı zorakılıq göstərmişdilər. ”Sizdən Azərbaycan Respublikasının prezidentinə, şəhər icra başçısına şikayət edəcəyik “,-dedikdə: “Hara gedirsən, get”– deyə rişxəndlə cavab vermişdilər.
Xələfbəyli Mənsurə Eldarqızı bildirir ki, idarənin işçilərinin dediyinə görə, Şəhərsalma və Memarlıq idarəsinin başçısı onları oraya göndərmişdi. İşçilərin bərabərində gələn 4 nəfər polis əməkdaşı yazıçının həyat yoldaşına :”İşçilərə əl vursan səni həbs edəcəyik “-desə də, yazıçının anasının vəziyyətinin pisləşdiyini görən polislər insafa gələrək vəhşicəsinə evi dağıdan Sumqayıt şəhər Şəhərsalma və Memarlıq idarəsinin işçilərini həyətdən çıxartmışdılar. Sözügedən idarənin işçilərindən olan Nizami Əliyev, Rüfət Rüstəmov və digərləri ev sahibinə “yenə gələcəyik, sənə imkan verməyəcəyik”-demişdilər.
Qışın oğlan çağında, ailəsi, övladıyla bərabər çöldə qalan yazıçı üzünü vəzifə sahiblərinə tutaraq deyir: ”Dövlət yazıçıya ev tikməkdən, dövlətin adından istifadə edən dırnaqarası məmurlar yazıçının evini dağıdır. Bu hərəkət nə qanuna, nə də insanlığa sığmaz. Məmur özbaşınalığı insanlarda haqlı olaraq narazılığa səbəb olur. Ailəmə, mülkümə olan təcavüz mənə yox, Azərbaycan Respublikasının qanunlarına və dövlət başçısına qarşı gəlmək deməkdir. Mən inanıram ki, haqq səsimi şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov eşidəcək. Çünki başçımız biz yazarlara böyük dəyər verdiyini AYB-nin üzvləri ilə görüşündə xüsusi vurğulamışdı. Əgər səsim ona çatsa, yardımını əsirgəməyəcəyinə inanıram.”
Qeyd edək ki, zərərçəkən bu barədə Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edib.